24 may 2024 11:22
436

Tacikistan Mədəniyyəti Günləri başa çatıb

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 19-dan 23-dək keçirilən Tacikistan Mədəniyyəti Günləri sona çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mədəniyyət günlərinin sonuncu günündə – mayın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Tacikistan və Azərbaycan dostluğu" adlı geniş konsert proqramı təqdim olunub.

Musiqili axşamın tamaşaçıları arasında Tacikistanın mədəniyyət naziri xanım Matlubaxon Sattoriyen, Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Əməkdar artist Ramil Qasımov, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar olub.

Konsertdə Tacikistanın Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”, “Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış ediblər.

Xatırladaq ki, tədbir çərçivəsində Tacikistan incəsənət ustalarının qala-konserti ilə yanaşı, tacik kinosu günləri və bu ölkənin rəssamlarının əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi təşkil edilib.