11 may 2017 23:24
587

Oyunlar öz möhtəşəmliyi ilə yaddaşlarda dərin izlər buraxacaq

Məlum olduğu kimi, bu gündən başlayaraq 22 may tarixinə qədər Azərbaycan daha bir mötəbər idman yarışına - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Təşkilati işlər artıq yekunlaşıb. “İki sahil” qəzetinin bu günə qədər görülən hazırlıq işləri bağlı suallarını Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov cavablandırır.

- İstərdik təşkilati işlərin hansı səviyyədə olması ilə bağlı məlumat verəsiniz

-Bəli, Oyunların artıq bu gündən başlayır. Bütün idman məkanlarımız yarışlara tam hazırdır. Hazırda nəqliyyat planının son hazırlanma işlərini gördük. Açılış və bağlanış mərasimlərində kütləvi sayda tamaşaçının olacağını nəzərə alaraq onlar üçün rahat bir plan hazırladıq. Digər bir işimiz könüllülərlə bağlıdır. 8 minə yaxın əməliyyat könüllüsünün formalarının paylanması, təlim, məkan və s. haqqında onları maarifləndirmə işləri də artıq yekunlaşıb. Başqa gördüyümüz və ən maraqlı iş Atletlər kəndinin hazırlanmasıdır. Orada 5 minə yaxın qonaq yerləşdirməyi planlaşdırmışıq. On binada bütün şərait lazımi qaydadır. Daha üç binada isə ofisləri hazırlamağı planlaşdırırıq. Birinci Avropa Oyunlarında olduğu kimi, bu dəfə də Atletlər kəndində yataq otaqlarından başqa yeməkxana, camaşırxana, poliklinika, bank, poçt, bərbərxana və s. kimi lazımi məkanlar ən yüksək səviyyədə hazırlanıb. Bundan başqa, orada Oyunların keçirildiyi müddətdə adət və ənənələrimizi tərənnüm edən sərgilərin baş tutacağını da planlaşdırmışıq.

- Eyni zamanda, Oyunların idmançı və ulduz səfirləri müəyyənləşdirilib.

-Bəli. Ümumiyyətlə, səfir deyiləndə bəzən insanlarda yanlış təəssürat yaranır. Ona görə də bu haqda qısa açıqlama vermək istəyirəm. Ulduz səfirlər sosial mediada məşhur olan və gənclər tərəfindən rəğbət bəslənilən idmançılar, mədəniyyət işçiləridir. Həmin insanlar vaxtlarını könüllülərlə görüşlərə həsr edirlər. Hansı regionda olsaq, təbliğat işlərini aparsaq səfirlər öz proqramları çərçivəsində bizə yardım edirlər. İdmançı və ulduz səfirlər vasitəsilə Oyunların bəzi xüsusi funksiyalarını insanlara çatdırmaq istəyirik. Təbii ki, əsas məqsəd idmanın təbliğidir. Səfirlərin insanlar tərəfindən sevilməyi, onların sözünə insanlar tərəfindən inamın və etibarın olması bizim bu sahədə işimizə xeyli dəstək oldu. Səfirlərin fəaliyyəti Oyunların son gününə qədər davam edəcək.

- IV İslam Həmrəyliyi Oyunlarında nə qədər ölkə və idmançı iştirak edəcək? Bu günə qədər neçə jurnalist akkreditasiyadan keçib?

- Bu günə qədər 3 minə yaxın idmançının akkreditasiyası verilib. Bilirik ki, Türkiyə yarışlara böyük bir kollektivlə gələcək. Həmçinin Azərbaycan da yarışlarda böyük komanda ilə mübarizə aparacaq. 1000-ə yaxın jurnalistin akkreditasiyadan keçməsi məlumdur. Nəzərə almaq lazımdır ki, akkreditasiya özü də çətin, vaxt aparan bir prosesdir. Elə düzgün proqramla işləməyə çalışdıq ki, bütün qonaqlarımız öz məkanlarına, onlara aid olan idman yarışları keçirilən yerlərə uyğun olaraq akkreditasiyadan keçsinlər.

- Biletlərin satışı prosesi necə gedir? Əməliyyat Komitəsi insanların Oyunlara marağından razıdırmı?

- Bu dəfə biletlərin satışı ilə bağlı daha yumşaq siyasət götürdük. Belə ki, üç stadiondan, yəni Tofiq Bəhramov adına Respublika Stadionu, Heydər Əliyev adına İdman Kompleksi və Milli Gimnastika Arenasından başqa bütün idman məkanlarında keçirilən yarışlarda 16 yaşına qədər olan şəxslər pulsuz biletlərlə təmin olunacaq. Belə ki, valideynlər uşaqlarının şəxsiyyət vəsiqələri ilə pulsuz olaraq biletlər əldə edə bilərlər. Məqsəd bütün idman yarışlarında gənc nəslin daha çox iştirakını təmin etməkdir.

- Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları əvvəlkilərdən hansı cəhətlərinə görə fərqlənəcək?

- Ən böyük fərq ondan ibarətdir ki, birinci dəfədir ki, İslam Oyunlarında qanunla müəyyən olunmuş bütün İslam ölkələri iştirak edir. İkinci fərq odur ki, əvvəlki İslam Həmrəyliyi Oyunları bu qədər möhtəşəm hazırlıq hesabına ərsəyə gəlməyib. Söhbət təkcə açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkilindən getmir. Söhbət idman yarışlarının keçiriləcəyi məkanların beynəlxalq standartlara uyğun şəkildə hazırlanması və lazım olan tələblərə yüksək səviyyədə cavab verməsindən gedir. Üçüncü böyük fərq şəhərdir, yəni Bakı. Bilirsiniz ki, hazırda paytaxt həm də “Formula-1” yarışlarına ev sahibliyi edəcək. Şəhər olaraq biz infrastrukturu pozmadan iki böyük tədbirə hazırlaşırıq. Bu da çox maraqlı və fərqli bir haldır. Əminəm ki, eyni zamanda tamaşaçıların sayına görə də ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları statistikasına görə birinci yeri tutacaq.

- Bəs IV İslam Həmrəyliyi Oyunları ölkəmizə hansı dividendləri qazandıracaq?

-Düşünürəm ki, ilk növbədə idmançıların hazırlığı baxımından çox şey qazanacağıq. Əslində Əməliyyat Komitəsinin işi idmançı hazırlamaq deyil. Yəni bizim üçün bütün ölkələrin idmançıları eynidir. Amma Azərbaycan idmançıları üçün bu yarışın mühüm əhəmiyyəti var. 1600-dən artıq medal təltif olunacaq, idmançılar həmin medallar uğrunda mübarizə aparacaqlar. Hər bir idmançının arxasında böyük bir kollektiv var - məşqçilər, həkimlər, valideynlər və s. İkinci mühüm məsələ Bakının tanınmasıdır. Ölkəyə dörd qitədən 56 ölkənin idmaçıları gələcək. Bu, balaca rəqəm deyil. Biz, həmçinin beynəlxalq yayım şirkəti ilə də artıq müqavilə imzalamışıq. Ölkəmizdə keçiriləcək Oyunlar 35-dən artıq ölkədə canlı yayımlanacaq. Bunun ölkəmizin tanınmasında rolu misilsizdir. Həm birinci Avropa Oyunlarında, həm də “Formula-1” yarışlarında gördük ki, beynəlxalq yayım ölkənin tanınmasına nə dərəcədə xeyir verir. IV İslam Oyunlarından sonra Azərbaycanın təbliğatını və onun faydasını tamam başqa coğrafiyada görəcəyik.

Şəfiqə Dadaşova, 
Nurlan Məlikzadə, “İki sahil”