16 may 2024 12:02
554

Moskvada “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub FOTO

Moskvadakı “Qelikon-opera”nın səhnəsində “Azərbaycan və Rusiya: dostluğun tərənnümü” adlı konsert olub.

“İki sahil” xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun təşkil etdiyi konsertdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Rusiya ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, Azərbaycan diasporunun görkəmli təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya, “Qelikon-opera”nın rəhbərliyinə konsertin təşkilinə görə təşəkkürünü bildirib.

Səfir deyib: “Bu yaxınlarda Bakıda 110 ölkənin iştirakı ilə ümumdünya forumu keçirilib. Rusiya Federasiyası ən böyük və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunurdu. Bizim çoxlu planlarımız, çox yaxşı ideyalarımız var və əminəm ki, onlar həyata keçiriləcək”.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bu yaxınlarda Moskvada Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşünü xatırladaraq deyib: “Bu görüş daha çox Baykal-Amur Magistralı layihəsinin uğurunu təmin edən insanlardan biri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuşdu. Azərbaycan torpağı bizə Mstislav Rostropoviç, Polad Bülbüloğlu, Qara Qarayev və Tahir Salahovu bəxş edib. Böyük şəxsiyyətlərimiz Azərbaycanda rus mədəniyyətini təmsil edirdilər. Bizim ortaq tariximiz var və ümid edirəm ki, ümumi gözəl gələcəyimiz olacaq”.

“Azərbaycan və Rusiya: dostluğun tərənnümü” axşamı konsert proqramı ilə davam etdirilib. Tamaşaçılar “Qelikon-opera”nın səhnəsində “dostluq” məfhumunun musiqi təcəssümünü gördülər. Azərbaycan və Rusiyanın ifaçılıq sənətinin istedadlı və məşhur ustaları bəstəkarların dünyaşöhrətli əsərlərini təqdim etdilər.

Moskva səhnəsində Azərbaycanın Xalq artistləri Elçin Əzizov, Yusif Eyvazov, Dinara Əliyeva, Əvəz Abdulla, Murad Adıgözəlzadə, respublikanın Əməkdar artistləri Elnarə Məmmədova, Emil Əfrasiyab, Ramil Qasımov, İlham Nəzərov və başqaları çıxış ediblər. Onları Xalq artisti Yalçın Adıgözəlov və gənc dirijor Murtuza Bülbülün rəhbərlik etdikləri “Qelikon-opera” orkestri müşayiət edib.

Konsertdə Azərbaycan bəstəkarlarının, həmçinin Rusiya və Avropa bəstəkarlarının da əsərləri səsləndirilib. Tədbir Elçin Əzizovun və konsertin bütün iştirakçılarının ifasında Müslüm Maqomayevin “Baharlı yurdum – Azərbaycan” mahnısı ilə başa çatıb.