15 may 2024 18:04
706

Yeni fəaliyyətə başlayan “Altai” teatrı “Xəyanət”lə tamaşaçıların görüşünə gəldi - FOTO

Zəngin teatr ənənələrinə malik Naxçıvan Muxtar Respublikasında yeni “Altai” teatrı fəaliyyətə başlayıb.

“İki sahil” xəbər verir ki,  mayın 5-də fəaliyyətə başlayan teatrın yaradıcısı Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyevadır.  Yaradıcı heyət gənc yazar və aktyor Rza Zeynalovun “Xəyanət” əsəri ilə tamaşaçıların görüşünə gəlib. Tamaşanın quruluşçu rəssamı Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı  Cabir Əsədov, rejissor assistenti  Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir. Səhnə əsərində Əməkdar artist Behruz Haxverdiyev, Rza Zeynalov, Zəlihə Hüseynquliyeva, İlqar Babayev, Əfqanə Ələsgərova, Xəlil Hüseynov, Sadiq Əliyev, Ayhan Hacıyev, Yusif Rzayev, Dilsuz Qasımov rol alıblar. Tamaşaçılara təqdim edilən “Xəyanət” əsəri müasir dövrümüzün sosial problemlərini özündə əks etdirən və qabarıq şəkildə oxucuya çatdırmağa çalışan bir səhnə əsəridir.

Əsərdə vicdanlı insanların addımbaşı qarşılaşdığı ədalətsizlik və xəyanətdən, ikiüzlü, fürsətcil insanların başqalarının bədbəxtliyi üzərində qurduğu xoşbəxtlikdən, ailə münasibətlərinin düzgün qurulmamasından və bütün bunların cəmiyyətimizə gətirdiyi bəlalardan bəhs olunur. Əsərdəki bütün personajlar demək olar ya xəyanətin qurbanı, ya da icraçılarıdır. Əsərin baş qəhrəmanı Şahin doğularkən anası vəfat edir, atasının himayəsində böyüyən qəhrəman gənc yaşlarında olarkən  atası müəmmalı şəkildə özünə qəsd edir. Atasının itkisi ilə bütün dünyası alt-üst olan Şahin Afətə olan sevgisi ilə həyata tutunur. Bütün insani keyfiyyətləri özündə birləşdirən Şahin ziyalı, gənc bir yazardır. O sadiqliyi düzgünlüyü insanpərvərliyi mütərəqqi fikirləri ilə örnək ola biləcək sədaqətli həssas qəlbli  bir gəncdir. Şahin özü də dost xəyanətinin qurbanı olur. Sosial vəziyyəti çox aşağı olan bir müəllim kimi o arvadı Afətin müalicə xərclərini qarşılaya bilmir və dərmanları oğurlamaq məcburiyyətində qalır. Bu zaman bir qətlin şahidi olan Şahin sonradan sevgisi uğruna bu qətli öz üzərinə götürərək azadlıqdan məhrum olur.

Əsərdə insanlığını itirmiş xisləti, ədalətsizliyi, amansızlığı ilə diqqəti cəlb edən digər obraz isə Şahinin atasının dostu Rüstəm bəydir. O öz çirkli əməllərini ört- basdır etmək üçün insan taleləri ilə oynayır. Şahinin atasını özünü qəsd etməyə, Şahini isə oğlunun törətdiyi qətli boynuna almağa məcbur edir. Şahinin dostu olan Mahir isə Afətə olan sevgisindən Şahindən  bütün həqiqəti gizlədir və Afətlə evlənir. Afətin rəfiqəsi, Şahinə böyük sevgi bəsləyən Sona da xəyanətə şahidlik edir. Sonda üzərinə atılmış cəzanı çəkib qayıdarkən bütün həqiqətlər açılır. Artıq psixoloji pozğunluq yaşayan Şahin öz monoloqu ilə insanlığa, cəmiyyətə üsyan edir. O yaradılışdan insanlığın ədalətsizliyə, haqsızlığa, xəyanətə məruz qalmasını diqqətə çatdırır.  Hətta müasir dövrlə də əlaqələndirərək müharibələrə, günahsız insanların ölümünə  qarşı çıxaraq deyir:

Məni yenidən yarat ki, dünyanı təzədən qurum, lakin icazə verməyim ki, müharibələr olsun. Üsyanlar qalxsın, silahlar atılsın, bombalar partlasın. İmkan verməyim ki, atalar sinəsindən vurulsun, körpələrin gözü yaşlı qalsın. İmkan verməyim ki, qız, gəlinlər həsrət çəksin. İcazə verməyim analar saçlarını yolsun və bağrına daş basıb oğul yolunu gözləsin.

Məni yenidən yarat.... Ey tanrım, eşidirsən, ya məni bilmərrə öldür, ya da yenidən yarat."