07 may 2024 14:21
593

Azərbaycan milli rəngkarlıq sənətinin yaradıcısı…

Xalq rəssamı, Azərbaycan karikatura sənətinin banisi, milli rəssamlığımızın simvolu Əzim Aslan oğlu Əzimzadənin bu gün doğum günüdür.

O, 1880-ci il may ayının 7-də Abşeron rayonunun Novxanı kəndində anadan olub. Sadə ailədə doğulan Əzim mollaxanada ilk təhsilini alıb. Burada “Qurani-Kərimi” oxumağı öyrəndikdən sonra öz istəyi ilə rus-tatar məktəbində təhsil almışdır. Təhsilini bitirən xalq rəssamı ilk əmək fəliyyətinə metal tökmə zavodunda başlayır. Əmək fəaliyyəti ilə bərabər, rəsmlər də çəkən Əzimin ən böyük arzusu rəssamlıq məktəbinə daxil olmaq idi. Ancaq Bakı şəhərində belə bir məktəbin olmaması bu istəyinə çatmağına imkan vermir. Bütün bunlara baxmayaraq Əzim Əzimzadə rəsmlər çəkir, bu sənətə böyük maraq göstərirdi. O, yaradıcılığında Təbriz-Azərbaycan minatur məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnmişdir. 1906-cı ildən  “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət”, “Babayi-Əmir”, “Məzəli” və sair jurnalların səhifələrinə karikatür rəsm əsərləri çəkməklə Azərbaycan təsviri sənətində tənqidi realizmin və realist qrafika sənətinin əsasını qoymuşdur. Demək olar ki, Əzim Əzimzadə rəssamlıq sənətinə “Molla Nəsrəddin” jurnalında öz əsərlərini dərc etməklə başlayıb. Yaradıcılığında başlıca mövzu sosial təzadlar, adətlər və xalqın məişəti əsas yer tutur. O, mənfi obrazları yumor, kinayə ilə təsvir edərək, gördüyü dövrün eybəcərliyini əsərlərində tənqid edirdi. Buna görə hər zaman rəssamın yaradıcılığını şair Mirzə Ələkbər Sabirin yaradıcılığına bənzədilirdi. Şairlə birgə çalışan Əzim Əzimzadə hər şeir mövzusuna uyğun illüstrasiyalar çəkərək Azərbaycanda satirik qrafikasının, kitab qrafikasının yaradıcısı, tənqidi realizmin inkişafının banisi olmuşdur. Xalq rəssamı 1914-cü ildən 1922-ci ilə qədər Mirzə Ələkbər Sabirin şeirlərinə 55 illüstrasiya çəkmiş, “Molla Nəsrəddin” jurnalında isə 1931-ci ilə kimi 1200-dən çox karikaturası dərc edilmişdir. Tanınmış rəssamın əsərləri bir sıra dünya muzeylərində nümaiş olunmuşdur. Həmçinin rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil edilmişdir.

Əzim Əzimzadə yaradıcılığı ilə bərabər, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. O, 1920-1943-cü illərdə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim və direktor vəzifələrində işləmiş, 1940-cı ildə yaradılmış Rəssamlar İttifaqının ilk sədri olmuşdur.

Onun əsərlərinin bir hissəsini 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi dövrünü  əhatə edib. Əzim Əzimzadə siyasi karikaturalarında faşizmi ifşa edən bir çox əsərlər yaratmışdır. “Şir və pişik balası”, “Faşizmin çöhrəsi”, “Fürerin qənimətləri”, “Vurulmuş kartlar” və sair əsərləri dövrün gerçəkliyinə həsr olunaraq çəkilmiş karikaturlardır.

Beləliklə, Əzim Əzimzadə rəssamlığın yeni növ və janırlarını yaratmış bir sənətkar novator olmuşdur. O, milli təsviri sənətimizə qiymətli karikaturalar, satirik rəsmlər, kompazisiyalar vermişdir. Görkəmli rəssam təkcə satirik qrafikanın deyil, həm də illüstrasiyanın, plakat sənətinin teatr rəssamlığının da peşəkar sənətkarı olmuşdur.

Qeyd edək ki, ömrünün 40 ilini yaradıcılığa həsr edən Azərbaycanın Xalq Rəssamı 1943-cü il may ayının 15-də Bakı şəhərində vəfat etmişdir. Onun ölümündən sonra həyat və yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” adlı film çəkilmişdir. Bakı Rəssamlıq Texnikumu, eləcə də Bakı şəhərində yerləşən küçələrdən birinə adı verilmiş, yaşadığı evdə rəssamın ev muzeyi açılmıdır. Eyni zamanda muzeyin yaxınlığında yerləşən bağda büstü qoyulmuşdur.

Xalqımız üçün xatirəsi əziz olan Əzim Əzimzadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli qərarı ilə Azərbaycan  Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Həmçinin 2022-ci ildə Bakı şəhərində xalq rəssamı Əzim Əzimzadənin adına həsr olunmuş “Bakı Dizayn Festivalı” keçirilmişdir.

Səriyyə Salahova