UNESCO-nun siyahısında olan altı obyekt hazırda ölkədə iqlim dəyişikliyi nəticəsində təhlükə altındadır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan mədəniyyət nazirinin müavini Səadat Yusifova VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda keçirilən plenar sessiyasında deyib.
O qeyd edib ki, Kür və Araz çaylarında, o cümlədən Xəzər dənizində suyun həcminin azalması müşahidə olunub:
“İqlim dəyişikliklərinin təsiri açıq şəkildə sezilir. Bu kimi dəyişikliklər torpaqların eroziyasını da sürətləndirir. Quraqlıq sahəsinin artması kənd təsərrüfatına da mənfi təsir göstərib”, - o qeyd edib.
Nazir müavini vurğulayıb ki, mədəni irslərin qorunması ilə bağlı yeni yol xəritəsi müəyyən edilib.
“30 il ərzində Ermənistan işğalı altında olmuş abidələrimiz, təəssüf ki, darmadağın edilib. Qarabağ və Şərqi Zəngəzurda 10 minlərlə tarixi abidə məhv edilib. 100-dən çox abidəyə çıxış imkanı əngəllənib, bunun səbəbi isə həmin ərazilərə ermənilər tərəfindən minaların döşənməsidir”, - o deyib.