02 may 2024 11:19
741

İcma: ABŞ Dövlət Departamenti və Konqresini Azərbaycana qarşı təzyiq niyyətindən əl çəkməyə çağırırıq

Qərbi Azərbaycan İcması Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dini Azadlıq Komissiyası adlı dövlət qurumunun dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı barədə bəyanat yayıb.

İcmadan "İki sahil"ə daxil olan bəyanatda bildirilib ki, hesabatda Azərbaycana dair hissə tamamilə qeyri-obyektiv və əsassızdır.

"Hesabatda Azərbaycan ilə bağlı iddiaların əsas mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Araqats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Bundan əlavə, hesabatın əsas müəllifləri sırasında Amerika Erməni Assambleyasının əməkdaşı Daniel Aşbahyanın yer alması sözügedən kağız parçasının əsl təyinatının nədən ibarət olmasına şübhə yeri qoymur.

Hesabatın müəllifləri Azərbaycana iftiralar atmaqla kifayətlənməyib, ABŞ Dövlət Departamentini Azərbaycanı hansısa uydurma kateqoriyaya aid etməyə də çağırıblar", - bəyanatda qeyd olunub.

Bildirilib ki, ABŞ Konqresi tərəfindən təsis edilmiş bu komissiyanın ədalətsizliyinin ən bariz sübutu ondan ibarətdir ki, komissiya, ümumiyyətlə, Ermənistanı izləmir və bu ölkə haqqında hesabat dərc etmir. Belə çıxır ki, Ermənistan oradan azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla və bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıtmaqla dini azadlıq işinin öhdəsindən “uğurla gəlib”. Buradan aydın olur ki, Komissiyanın fəaliyyəti islamofob xarakter daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir.

"Qərbi Azərbaycan İcması həmin hesabatı rədd edir və ABŞ Dövlət Departamentini və Konqresini mənasız vasitələrlə Azərbaycana qarşı təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırır. İcma ABŞ hökumətindən dini azadlıq sahəsində real problemlə - Ermənistanda dağıdılmış Azərbaycan dini irsi məsələsi ilə məşğul olmağı, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi və qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən, dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərməyi tələb edir", - deyə İcmanın bəyanatında vurğulanıb.