Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.
“İki sahil” xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.
Rusiyalı həmkarını səmimi salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.
Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə aktual mövzuların müzakirə olunduğunu deyib.
Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-
Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib. Görüşdə həmçinin iki ölkə arasında bədii təhsil üzrə tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.