“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də mədəniyyət nazirlərinin 5-ci görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüşə sədrlik edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanların hər zaman sülh içərisində yaşadığını bildirib.
Nazir vurğulayıb ki, mədəni və dini fərqlərin bəşəriyyəti bir-birinə zidd tayfalara böldüyü bir vaxtda Azərbaycan təvazökarlıqla dünyada ümid çırağına çevrilir.
“Dünyada gərginlik və qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycan bütün inanc ənənələrinin davamçılarının çiyin-çiyinə, hörmət və anlayışla yaşadığı ölkə olaraq qalır. Bu, tariximizin qiymətli mirasıdır”, - deyə A.Kərimli diqqətə çatdırıb.
Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç çıxışında Forumun əhəmiyyətindən bəhs edib. O, tədbirin sülhün təşviqini təbliğ etdiyini və bunun çox dəyərli olduğunu söyləyib.
Belarusda müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin mövcud olduğunu vurğulayan nazir deyib: “Biz mədəni abidələrimizin qorunmasına xüsusi diqqət göstəririk. Onları gələcək nəsillərə çatdırırıq. Ölkəmizdə yaşayan istənilən millətin nümayəndəsi bizim ölkənin vətəndaşıdır”.
O bildirib ki, hazırda dünyada yeganə dəyər var, bu da sülhdür. Hər bir insan bunun üçün məsuliyyət daşıyır. Beynəlxalq təşkilatlar xalqlar arasında əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Biz bu yolla yeni dostlar qazanırıq. “Biz Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq”, - deyə nazir qeyd edib.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova multikulturalizm üçün dialoqa həsr olunmuş bu Forumda iştirak etməkdən məmnunluğunu ifadə edib.
Nazir ölkəsində həyata keçirilən mədəniyyət tədbirləri barədə məlumat verib. Bildirib ki, bu cür tədbirlərin təşkilində əsas məqsəd insanların öz ənənələrini unutmaması, bərabər səviyyədə olduqlarını aşılamaqdır.
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani ölkəsinin öz zəngin xristian mədəniyyəti ilə seçilən dövlət olduğunu vurğulayıb. Eyni zamanda, mədəni müxtəliflik sahəsində Gürcüstanda müvafiq sənədlərin hazırlandığını və qəbul edildiyini bildirib. O diqqətə çatdırıb ki, bu sənədlər mədəni müxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verir.
“Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Bunu hər beynəlxalq tədbirdə bildiririk. Həmçinin Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik”, - deyə Tea Tsulukiani söyləyib.
Görüşdə çıxış edən Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin bildirib ki, Azərbaycan çox vacib irsə malikdir, onun böyüklüyü valehedicidir: “Biz sülh içərisində yaşamalıyıq, əməkdaşlıq etməliyik, bir-birimizi tanımalıyıq. Dünyadakı mədəni irsin yaşadılması, toxunulmazlığı üçün əlimizdən gələni etməliyik. Ümidvaram ki, bəşəriyyətin tarixində mühüm rol oynayacaq tarixi yerlərə diqqət göstəriləcək. Azərbaycana bu cür görüşləri təşkil etdiyi üçün çox təşəkkür edirəm. Bu tədbirlər son dərəcə vacibdir”, - deyə R.Bondin əlavə edib.
Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Şeyx Salem Xalid Abdullah Məhəmməd Əl-Qasimi bu Forumun Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxta təsadüf etdiyini deyib. O, Bakıda keçiriləcək COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu vurğulayıb.
“Dünya sülhün təşviqi üçün çalışmalıdır. Hədəflərə doğru birgə işləməliyik. Biz qlobal mədəni intibaha doğru addımlamalıyıq”, - deyə nazir əlavə edib.
MDB Baş katibinin müavini Denis Trefilov mədəniyyətlərarası dialoqun güclənəcəyinə və inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. O, MDB dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib: “Biz, eyni zamanda, mütəmadi olaraq qanunverici çərçivəni yeniləyirik ki, MDB ölkələri arasında mədəni əlaqələr genişlənsin”.
Liviyanın mədəniyyət və təhsil naziri Mabruka Osman bildirib ki, dünya hazırda mübarizə dövründədir. Bu beynəlxalq sülh və stabilliyə təsirini göstərir. “Hazırda bəşəriyyət bir çox risklərlə üz-üzədir. Bəşəriyyət üzləşdiyi çağırışların həll yolunu tapmalıdır. Biz mədəniyyətlərarası dialoqa və anlaşmanı təşviq etməliyik”,- deyə o vurğulayıb.
İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili çıxışında deyib ki, beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır. “Bu istiqamətdə bir çox mədəniyyətlərarası layihələrə ehtiyac var ki, sülh içində yaşamağa, birliyə və bərabərliyə nail olunsun. Həmçinin çoxmillətli, çoxdinli ölkələrdə də regional səviyyədə bu platformalara ehtiyac var”, - deyə o diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər ölkə nümayəndələri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, bu Forum sülhün bərqərar olunmasına öz töhfələrini verəcək.
Bildirilib ki, bütün ölkələrə sülh və əmin-amanlıq içərisində yaşamaq lazımdır. Keçmişdə olanlardan dərs çıxarıb, gələcəyə doğru daha inamla addım atılmalıdır. Bu kimi platformalar üzərindən dəyərlərin paylaşılması xoşbəxtlik və rifahın təntənə etməsinə gətirib çıxarır.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Foruma mayın 3-də yekun vurulacaq.