30 aprel 2024 16:19
534

Azərbaycan Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda qalib olub

25-30 aprel tarixlərində Özbəkistanın Xivə şəhərində II “Lazgi” Beynəlxalq Festivalı keçirilir.

Mədəniyyət Nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, builki festivalda Azərbaycan, Fransa, Tacikistan, Türkmənistan, Qazaxıstan, Belarus, Rusiya, Türkiyə, Qırğızıstan, Serbiya, Braziliya, Pakistan, Cənubi Koreya, İndoneziya, Misir və İrandan kollektivlər iştirak edirlər.
Beynəlxalq festivalda ölkəmizi təmsil edən Azərbaycan Dövlət Rəqs Ansamblı yüksək səhnə performansı ilə birinci yerə layiq görülüb.

Azərbaycan kollektivinə festivalın xatirə hədiyyəsi və 2500 ABŞ dolları pul mükafatı verilib.

Qeyd edək ki, "Lazgi” rəqs festivalı ilk dəfə 2022-ci ildə 10 ölkədən rəqs sənəti ustalarının iştirakı ilə təşkil edilib. UNESCO-nun himayəsi altında keçirilən festival “Lazgi” rəqsinin qorunması və tanıdılması, ölkəyə turist axınının artırılması, Xarəzmin turizm potensialının nümayişi məqsədilə keçirilir. Festivalın qaydalarına görə, iştirakçılar öz xalq rəqslərini, həmçinin “Lazgi”nin bir nümunəsini ifa etməlidirlər.

Onu da əlavə edək ki, bu qədim rəqs UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınıb.