SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, çərasimdə ilk öncə yeni kolleksiya ilə bağlı təqdimat edilib.
Tədbirdə çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov 3 xalçadan ibarət “Xarıbülbül” kolleksiyasının “Azərxalça” ASC ilə SOCAR arasındakı əməkdaşlığın nəticəsində ərsəyə gəldiyini bildirib, birgə layihələrin gələcəkdə də davam etdiriləcəyinə inamını ifadə edib.
İdarə Heyətinin sədri yeni kolleksiyada Vətən müharibəsində parlaq Zəfərimizin rəmzi olan Xarıbülbülün milli xalça əlifbasına uyğun olaraq xalça dilində, xalça çeşnisi kimi toxunub cəmiyyətə təqdim olunduğunu, xalçaların üzərində möhtəşəm Qələbəmizlə bağlı detalların əksini tapdığını diqqətə çatdırıb.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin xalqımızın və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdiyini, Qələbəmizin simvolu olan “Xarıbülbül” elementli xalça nümunələrinin hazırlanması layihəsində iştirakın böyük məmnunluq doğurduğunu diqqətə çatdırıb. Vitse-prezident xalçaçılıq sahəsinin inkişafının regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsi və qadınların əmək bazarına inteqrasiyası ilə yanaşı, xalqımızın milli dəyərlərinin, maddi və mənəvi irsinin qorunub saxlanılmasına da əhəmiyyətli töhfələr verdiyini bildirib.
Xalqımızın milli təfəkkürünə əsaslanan və istedadının məhsulu olan xalçalarımızın hər zaman müxtəlif ölkələrdə də böyük diqqət və marağa səbəb olduğunu söyləyən SOCAR-ın kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsinin daim dövlətimizin diqqət mərkəzində olduğunu vurğulayıb. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bölgələrə səfərləri zamanı “Azərxalça” ASC-nin filiallarının açılışlarında şəxsən iştirak etmələrinin, xalçaçılarla səmimi görüşlərinin bu qədim sənət növünə, xalçaçıların əməyinə verilən yüksək dəyərin təzahürü olduğunu qeyd edib.
Kolleksiyanın yaranma səbəbləri və xalçalarda əks olunan elementlər haqqında məlumat verən kolleksiyanın ideya müəllifi, Əməkdar rəssam Rəşad Ələkbərov xalçalarda ümumi böyük ölçülü Xarıbülbülün xüsusi elementlər formasında, xalça dilində təqdim olunduğunu diqqətə çatdırıb. Əməkdar rəssam məhz bu kolleksiya daxilində Azərbaycanda ilk dəfə sıfırdan Qarabağ qrupuna aid xalça çeşnisinin yaradıldığını bildirib.
Kolleksiyanın hazırlanmasında iştirak edən xalçaçı Zemfira Məmmədova ölkəmizdə bu qədim sənət növünə, onun inkişafına göstərilən dövlət qayğısından, peşəkar xalçaçıların hazırlanması istiqamətində görülən işlərdən, eyni zamanda, peşəsinə olan böyük sevgisindən bəhs edib.
Daha sonra xalçaların kəsim mərasimi keçirilib.
SOCAR tərəfindən “Azərxalça” ASC-yə milli enerji strategiyamızın banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markaları hədiyyə olunub.
Qeyd edək ki, ənənələri özündə qoruyan, müasir üsulda toxunan “Xarıbülbül” xalçalarının hazırlanmasında Azərbaycanda ilk dəfə həm yun, həm də ipək saplardan istifadə olunub.