25 aprel 2024 22:56
618

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Fransanın paytaxtı Parisdə keçirilən Türkmənistanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forum (TEIF 2024) çərçivəsində Azərbaycanın “Caspian Logistics Solutions” və AZCHEMCO şirkətləri Türkmənistan nümayəndə heyətinə Azərbaycan milli xalçasını hədiyyə ediblər.

“İki sahil” xəbər verir ki, bunu “Caspian Logistics Solutions” holdinqinin sədr müavini Rifat Sultanzadə deyib.

Onun sözlərinə görə, Qarabağ və Ahaltəkə atlarının təsviri olan bu xalça Azərbaycan və Türkmənistanın ruhunu, nəcibliyini, azadlıq eşqini və onsuz da möhkəm olan strateji əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində can atmasını göstərir: “Azərbaycan və Türkmənistan özlərini lazım olan hər şeylə tam təmin edirlər. Ölkələrimiz xarici təsirin heç bir forma və növündən asılı deyil. Biz bu gün müstəqilliyimiz dövründə çox böyük uğurlar qazana bilmişik və prezidentlərin sayıq rəhbərliyi altında sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr kimi çox mühüm məsələləri həll edərək inamla irəliləyirik”.

O vurğulayıb ki, xalça ərməğan olaraq xalqlarımızın qədim sənət və sənətkarlığını - xalçaçılıq sənətini simvolizə edir: “Həm Azərbaycan, həm də türkmən xalçaları dünya şöhrətinə malikdir. Türkmənistanda ölkənin dövlət rəmzləri üzərində xalça naxışları çəkilir ki, bu da əcdadların əhdinə, köklü adət-ənənələrinə və təməllərinə, xalqın dünyagörüşünə və mentalitetinə sadiqliyi ifadə edir”.

Hədiyyə kimi təqdim olunan xalça Azərbaycan istehsalçısı “Azərxalça”nın xüsusi sifarişi əsasında toxunub.