19 aprel 2024 12:49
594

Qərbi Azərbaycanın iqtisadi potensialının öyrənilməsi son dərəcə strateji məsələdir- Əziz Ələkbərli

Qərbi Azərbaycanın iqtisadi potensialının, bu potensialın region iqtisadiyyatına, siyasi və sosial proseslərə təsirinin öyrənilməsi son dərəcə strateji məsələdir.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış” mövzusunda keçirilən respublika elmi-praktik konfransda deyib.

O vurğulayıb ki, Qərbi Azərbaycan torpaqları Azərbaycanın tarixi torpaqları olub: “Soydaşlarımız bu torpaqlardan çıxarılıb. İnsanlar qovularaq külli miqdarda maddi və mənəvi zərərlərə məruz qalıblar. Biz bunları hesablamalıyıq və bunları beynəlxalq məhkəmələrə çıxarmalıyıq. Dəymiş zərər hesablanmalıdır. "Qayıdış konsepsiyasında bizim qayıdışımızın bütün detalları əksini tapıb".

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, Vətən müharibəsindən sonra regionda yaranan yeni geosiyasi proseslər fonunda Qərbi Azərbaycanla bağlı məsələlərin aktuallaşması universitet üçün mühüm vəzifələr yaradıb.

Konfransın həm də bu vəzifələrin yerinə yetirilməsi məqsədilə keçirildiyini vurğulayan rektor bildirib ki, konfrans AzMİU ilə ölkənin qabaqcıl iqtisadi təhlil və tədqiqat mərkəzləri arasında Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının öyrənilməsi üzrə effektiv əməkdaşlıq imkanı yaradacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun direktoru professor Misir Mərdanov bildirib ki, bu gün AzMİU-da keçirilən konfrans Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsində çox vacib və əhəmiyyətli addımdır. Bu sahədə alimlərin, gənc tədqiqatçıların elmi araşdırmalar aparması mövcud iqtisadi vəziyyəti gözlər önünə gətirəcək, bölgənin inkişafı üçün böyük əmək sərf etmiş soydaşlarımızın xidmətlərini yenidən xatırladacaq.

Konfransın plenar iclasında Auditorlar Palatasının sədri Vahid Novruzovun “Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri və perspektivləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri professor Əvəz Ələkbərovun “1988-ci ilə qədərki dövrdə Qərbi Azərbaycanda yaşayan bölgələrin Ermənistan SSR-nin iqtisadiyyatında rolu”, Milli Məclisin deputatı Musa Urudun “Zəngəzurda türk mənşəli toponimlərə erməni soyqırım siyasəti” mövzularında məruzələri yer alıb. Konfrans sosial iqtisadi potensial və gələcəyə baxış olmaqla 2 bölmə üzrə keçirilib. Bölmələrdə “Qərbi Azərbaycanın sosial-iqtisadi inkişaf potensialı”, “Qərbi Azərbaycanın regionlarının tarixi-iqtisadi potensialı və gələcəyə baxış” mövzularında məruzələr dinlənilib.

Məruzəçilər konfransın mövzusuna uyğun olaraq Qərbi Azərbaycan iqtisadiyyatının mövcud durumu, problemləri, perspektivləri, iqtisadi inkişaf potensialını birgə müzakirə edib, bu regionun keçmişinə, bu gününə, gələcəyinə nəzər yetirib və birgə həll yolları axtarıblar.

Qeyd edək ki, konfransa ümumilikdə 35 məruzə daxil olub. Konfransın işi bölmə iclasları ilə davam etdirilib.