Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib.
“İki sahil” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub.
Brifinqdə çıxış edən BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunmuş VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda körfəz tərəfdaşlarından biri olmaqdan məmnun olduğunu dilə gətirib.
Diplomat qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə dini lider, vətəndaş cəmiyyəti nümayəndələri, təşkilatlar, gənclər, qadınlar, akademik dairələr, peşəkar və biznes ictimaiyyəti də daxil olmaqla geniş spektrli maraqlı tərəflərlə əməkdaşlıq imkanları yaratmaq və ictimaiyyətin iştirakı üçün bu platformanın genişləndirilməsinə sadiq qalmağa davam edəcək.
Brifinqdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum haqqında qısa videoçarx nümayiş olunub. Görüntülərdə Azərbaycanın tarixi, zəngin mədəniyyəti, təbii sərvətləri əks olunub və eləcə də, ölkəmizin müstəqillik tarixi və Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma və bərpa işlərini barəsində geniş məlumat verilib.
Brifinqdə çıxış edən “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun təşkilat komitəsinin İşçi qrupunun rəhbəri, mədəniyyət nazirinin müavini Fərid Cəfərov forumun tarixçəsi haqqında qonaqlara məlumat verib.