26 yanvar 2018 14:19
1151

Cənab Prezident qarşı tərəfi “mat” vəziyyətinə saldı

Müsahibimiz Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovdur

- Elman müəllim, ilk olaraq ölkəmizin Davos İqtisadi Forumunda təmsil olunmasının əhəmiyyətindən danışaq.

-Əgər sual versəniz ki, dünyada mürəkkəb iqtisadi məsələlərin müzakirə olunduğu ən böyük arena, məkan və platforma hansıdır? Cavab birmənalı şəkildə Davos Ümumdünya İqtisadi Forumudur. Bu gün bütün dünyanı narahat edən ən mürəkkəb təhlükəsizlik məsələlərinin də müzakirəsi məhz bu platformada baş tutur. Bilirsiniz ki, yanvarın 23-dən İsveçrədə Davos İqtisadi Forumu öz işinə başlayıb. Forumda dünyanın həm iqtisadi, həm də siyasi elitası iştirak edir. Tədbir dövlət başçıları, baş nazirlər səviyyəsində, nəhəng şirkətlərin, korporasiyaların rəhbərlərinin səviyyəsində keçirilir.

Bu Forumun dünyada çox böyük iqtisadi, həm də siyasi çəkisi vardır. Azərbaycanın da Forumda ölkə başçısı İlham Əliyev səviyyəsində iştirakı məntiqi və anlaşılandır. Burada  o ölkələr iştirak edirlər ki, məhz onların orda danışmağa sözü, dünya iqtisadi sistemində özünəməxsus yeri və çəkisi olsun. Eyni zamanda, orada gedən prosesləri dinləyə bilsinlər. Dünyada, xüsusilə beynəlxalq iqtisadi məkanda hansı proseslər gedir, hansı çağırışlar var, hansı problemlər yaşanır, hansı perspektivlər mövcuddur və ölkənin o proseslərdə iştirakı, töhfə vermək üçün imkanı və potensialı necədir? Əgər nəzərə alsaq ki, bu suallar bir dövlət üçün nə qədər önəmlidir, onda əminliklə deyə bilərik ki, Azərbaycanın Davos İqtisadi Forumunda ən yüksək səviyyədə təmsilçiliyi məntiqidir, anlaşılandır və təqdirəlayiqdir.  Xüsusilə də Azərbaycan dünya iqtisadi sisteminə böyük töhfələr verə bilən bir dövlətdir. Bilirsiniz ki, Forum çərçivəsində “Strateji baxış: Avrasiya” deyilən bir iclas keçirildi. Orada Azərbaycanın hansı iqtisadi, siyasi potensiala malik olduğu faktlarla, arqumentlərlə açıqlandı.

- Məlum olduğu kimi, sözügedən müzakirələrdən əvvəl ölkəmizin başçısı cənab İlham Əliyevin bir çox tanınmış şirkətlərin rəhbərləri ilə görüşləri oldu. İstərdik həmin ikitərəfli görüşlərdə Azərbaycana olan maraq haqqında da fikirlərinizi öyrənək.

-Bəli, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda iştirakı çərçivəsində müxtəlif panellərdə çıxışlar edib, dövlətimizin mövqeyini ortaya qoyub,  eyni zamanda, ikitərəfli formatda da çox mühüm görüşlər keçirib. Orada cənab Prezidentin ayrı-ayrı dövlətlərin yüksək rütbəli nümayəndələri, bir çox tanınmış, nüfuzlu beynəlxalq şirkətlərin rəhbərləri ilə görüşləri baş tutdu.

Bu görüşlərin əsas məqsədi ilk növbədə nəhəng şirkətlər üçün Azərbaycanın hansı imkanlara, potensiala, ciddi investisiya mühiti imkanlarına malik olduğunu nümayiş etdirmək idi. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya cəlb edilib. Onun böyük bir qismini xarici investisiya təşkil edir. Bu da qarşı tərəfə bir ismarıcdır ki, əgər iqtisadiyyata 230 milyarddan artıq investisiya qoyulubsa, bu onu deməyə əsas verir ki, Azərbaycan investisiya baxımından çox cəlbedici bir ölkədir. Burada sabitlik, təhlükəsizlik və inkişaf var. Belə olmasaydı heç bir xarici şirkət öz pullarını Azərbaycana, ölkə iqtisadiyyatına yatırmazdılar. Bu da özlüyündə bir göstərici, bir təmasdır.  Bu baxımdan ikitərəfli təmaslar, ikitərəfli görüşlər çox mühüm məsələdir.

Eyni zamanda, bu ikitərəfli görüşlərin çox vacib bir məqamı da var. Prezident İlham Əliyev Azərbaycanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi məsələləri, ixracyönümlü iqtisadiyyat, xüsusilə də qeyri-neft sektoru ilə bağlı ixracyönümlü iqtisadiyyatın formalaşdırılması haqqında fikirlər də səsləndirdi. Prezident çıxışı zamanı qeyd etdi ki, bunlar bizim üçün çox mühüm məsələlərdir. Əgər torpaqlarımız Ermənistanın işğalı altında olmasaydı, bizim daha  böyük nəticələrimiz olardı, biz daha da böyük nailiyyətlərə imza atardıq. İşğalçı Ermənistanın çirkin əməllərini, yürütdüyü işğalçılıq siyasətini cənab Prezident məharətlə, ustalıqla qarşı tərəfin diqqətinə çatdırdı. Bu da onun diplomatik siyasətinin uğurlu bir nəticəsidir.

- Müzakirələr zamanı toxunulan məsələlərdən biri də Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması, eyni zamanda, ölkədə insanların internetdən azad istifadəsi ilə bağlı idi. Son zamanlar bu fikirləri bəzi təşkilatların qərəzli hesabatlarında da görürük.

- Qeyd etdilər ki, guya Azərbaycan dünyada azad mətbuat nöqteyi-nəzərindən aşağı göstəricilərə malikdir. O, 162-ci yerdə qərarlaşıb. Ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində problemlər var.  Təxminən bu ruhda bir yanaşmanın şahidi olduq. Ancaq buna baxmayaraq, ölkə başçısı cənab İlham Əliyev əsaslandırılmış faktlara, arqumentlərə söykənən bir cavab verdi. Sözün həqiqi mənasında qarşı tərəfi şahmat dili ilə desək “mat” vəziyyətində qoydu.

Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində müəyyən boşluqların, problemlərin yaşanması və azad mətbuatla bağlı qərəzli fikirlərə Prezident belə cavab verdi ki, əvvəla, bunlar hamısı qərəzli yanaşmadır. Bunların heç bir əsası yoxdur. Bu məlumatlar hansısa qaranlıq mənbələrdən götürülür. İkincisi, özünüz təsəvvür edin ki, əgər Azərbaycanda əhalinin 80 faizindən çoxu internet istifadəçisidirsə, hətta kənd yerlərində genişzolaqlı internet şəbəkəsi çəkilib, fəaliyyət göstərirsə, ölkədə ümumiyyətlə, senzura ləğv edilibsə, hər bir şəxsin öz “Facebook”, “Twitter” səhifəsində mövqeyini açıq və birmənalı şəkildə ifadə etmək  imkanları varsa, onda mətbuata qarşı hansı təzyiqdən söhbət gedə bilər.

Dövlət başçısı çıxışı zamanı bir çox maraqlı müqayisələri də nəzərə çatdırdı. Bildirdi ki, bu qərəzli münasibətin əsas səbəbi odur ki, Azərbaycan çox da böyük olmayan bir dövlətdir. Amma çox böyük bir müstəqil siyasət həyata keçirir. Azərbaycanı ona görə hədəf seçirlər ki, biz ilk növbədə ölkəmizin heç bir kampaniyaya, cılız bir oyuna daxil olmasına imkan vermirik. Yəni Azərbaycanı bu kampaniyalara, macəralara sürükləməklə çalışırlar ki, ölkəmizi də hədəf seçsinlər, sabitlik, təhlükəsizlik mühitini pozsunlar. Biz isə bunlara uymur, sakit işimizlə məşğul olaraq öz müstəqil yolumuzla gedirik. Bu da həmin qüvvələrin xoşuna gəlmir. Onlar düşünürlər ki, Azərbaycana necə təzyiq göstərsinlər, hansı arqumentlər tapsınlar ki, bu da ölkəmizin adına mənfi olsun. Bu halda onların ənənəvi olaraq bir yanaşma tərzi var: guya insan hüquq və azadlıqlarının pozulması haqqında əsassız iddialar irəli sürmək, ölkədə azad mətbuatın olmamasından danışmaq. Biz bunun  dəfələrlə şahidi olmuşuq.

- Elman müəllim, sanki Forumda müzakirələr zamanı ölkəmizin  başçısına ünvanlanan sualların özündə də ikili yanaşma var idi. Razısınızmı?

-Bəli, Forumda ölkəmizin başçısı cənab İlham Əliyevə belə bir sual ünvanladılar ki, siz çox mürəkkəb bir regionda yaşayırsınız. Avrasiyanın gələcəyini necə görürsünüz? Azərbaycan elə də böyük bir dövlət deyil. Böyük olmayan dövlətin Prezidentinə bütün Avrasiya məkanı ilə bağlı sual verirlər, onun mövqeyini öyrənmək istəyirlər. Bu ona dəlalət edir ki, Azərbaycan qitədə gedən proseslərə təsir etmək imkan və potensialına malik olan dövlətdir. Bu da səbəbsiz deyil. Azərbaycan çox nəhəng enerji ehtiyatlarına malikdir. Eyni zamanda, onların dünya bazarına çatdırılması imkanları reallaşdırılıb. Bunlar Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və 2017-ci ilin axırlarında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Azərbaycanın okeana çıxışı olmamasına baxmayaraq, biz çox mühüm bir nəqliyyat tranzit şəbəkəsinə çevirilmişik. Bu da bizim böyük üstünlüklərimizdir. Ölkə Prezidenti bu üstünlüklərlə bağlı fikirlərində olduqca gözəl bir məqama toxundu. Bildirdi ki, qonşuluq həm problemlər yarada bilər, həm də üstünlüklər gətirə bilər. Biz o üstünlüklərin təmin edilməsi yolunu seçmişik. Azərbaycanda daxili təhlükələr, daxili təhdidlər və ya risklər yoxdur. Azərbaycana təhlükə gəlsə ancaq xaricdən gələ bilər. Xaricdən gələ biləcək təhlükələri neytrallaşdırmaq üçün də bilirik ki, qonşu dövlətlərlə münasibətlər prioritet istiqamət olmalıdır. Ölkə Prezidenti vurğuladı ki, bu gün bizim qonşularımızla - Xəzər dənizinin o tayında  Türkmənistan, Qazaxıstanla, bu tayında Gürcüstan, Türkiyə, İran və Rusiya ilə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərimiz var. Təbii ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan istisna olmaqla. Fikir verirsinizsə,  cənab Prezident bu məqamdan da məharətlə istifadə edərək iqtisadi məsələlərdən danışdığı bir məqamda, Ermənistanın təcavüzkar siyasətini də auditoriyaya çatdırdı. Bu, diplomatik ustalıqdır.

Şəfiqə Dadaşova,
Mənsumə Məmmədova, 
“İki sahil”