31 mart 2024 00:01
4022

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan onilliklər ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqımızın qan yaddaşında əbədi iz buraxmışdır. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Təxminən iki yüz il ərzində ermənilərin öz havadarlarının köməyi ilə “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşdirilməsi yolunda atdıqları addımlar Azərbaycan xalqına qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.Ümumiyyətlə, ötən əsrdə dörd dəfə —1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə yaranmış siyasi vəziyyətdən, müstəmləkəçilik dövründən faydalanaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyalara baxmayaraq mənfur düşmənin “Böyük Ermənistan” xülyası gerçəkləşməmişdir.

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox azərbaycanlını ermənilər xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart soyqırımı zamanı Bakının şəhər camaatının o dövrün pulu ilə 400 milyon manatlıq daş-qaşı və əmlakı qarət edilmişdir. Mart qırğınları haqqında müstəqil tədqiqatçı Kulqe yazır: "Ermənilər Bakının müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə parça-parça edilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və yalnız 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə ermənilər dinc əhaliyə qarşı görünməmiş amansızlıqlar etdikləri kimi, mədəniyyət və tarixi abidələrimizi də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar.

1918-ci ilin mart soyqırımı zamanı Bakı ilə yanaşı, Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdı. Həmin günlərdə Şamaxı qəzasının 53 kəndində ermənilər 8 mindən çox azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 2560 nəfəri qadın və 1277-si uşaqlar olmuşdur.

Ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında da üç dəfə qırğın törətmişlər. Onların vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində burada 16 mindən çox insan qətlə yetirilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü öldürülmüşdür. Qeyd olunan hadisələr zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışlar və bunlardan 35-i hazırda mövcud deyildir.2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə  yalnız  Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

Ulu Öndərimiz Heydər Əliyevin siyasi dəsti-xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın müvafiq qurumları ermənilərin məkirli niyyətini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini, ermənilərin ərazi iddialarını, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasını bütün dünya ictimaiyyətinə çatdırmışdır.Dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin şəbəkələri saxta məlumat yaymaqla məşğuldurlar və olmayan şeyləri reallıq kimi qələmə verirlər. Əlbəttə, hər bir azərbaycanlı düşmənin məkrli siyasətinə qarşı ayıq olmalı, dövlətin atdığı addımların arxasında olmalıdır. Azərbaycan xalqı tarix boyu bir çox faciələrlə üzləşməsinə baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlayıb, yenilməz birlik və həmrəylik nümayiş etdirib. Xüsusilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və ordumuzun ətrafında “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı 44 gün ərzində gücünün, qüdrətinin nələrə qadir olduğunu düşmənə və bütün dünyaya bir daha nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti də bərpa etdi. Və bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı. Artıq həm hərb, həm də siyasi arenada uzaqgörən liderimiz, mübariz xalqımız, rəşadətli ordumuz ermənilərə layiq olduğu cavabı verib. Güclü Azərbaycan dövləti indidən sonra da tarixi torpaqlarına göz dikən, xalqımıza qarşı yönələn bütün təhdidlərə  cavabını verəcəkdir.

Taleh Yusifov,
Müdafiə Sənayesi Nazirliyi Elmi-Tədqiqat İnstitutunun aparıcı mühəndisi,
YAP Xətai rayon təşkilatının üzvü