29 mart 2024 13:22
646

İSESCO-nun Bakıda keçirəcəyi beynəlxalq forumun tarixi bəlli olub

Bakıda keçiriləcək Altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tarixi bəlli olub.

“İki sahil” ISESCO-nun saytına istinadən xəbər verir ki, "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusu altında təşkil olunacaq 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü il mayın 1-dən 3-dək Bakıda keçiriləcək.

Qeyd olunub ki, Forumda yüksək səviyyəli rəsmilər, beynəlxalq nümayəndə heyətləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlərin və dünya miqyasında tanınmış ziyalıların iştirakı gözlənilir.

“Bakı Prosesi”nin tərkib hissəsi olan bu Forum ISESCO, UNESCO, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı və BMT Turizm Agentliyinin təşkilatçılığı ilə baş tutacaq. Forum nifrətlə üzləşmək, birgəyaşayış və sülh dəyərlərini aşılamaq məqsədi ilə öz plenar sessiyalarında və panel müzakirələrində sivilizasiyalararası dialoq və əməkdaşlıqla bağlı bir sıra aktual qlobal çağırışları müzakirə edəcək.

Forum çərçivəsində mədəniyyətlərin müxtəlifliyini vurğulamaq, əməkdaşlıq və anlaşma ruhunu təşviq etmək üçün konsertlər, festivallar və yaradıcı tamaşalar da daxil olmaqla bir sıra mədəni tədbirlərin keçirilməsi gözlənilir.

6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi mədəniyyətlərarası əməkdaşlıq və dialoqun təşviqi üçün beynəlxalq platforma kimi “Bakı Prosesi”nin rolunu möhkəmləndirməkdir. BMT Baş katibinin 2017-ci ildə BMT Baş Assambleyasına Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə illik hesabatında “Bakı Prosesi” mədəniyyətlərarası dialoqun təşviqi üzrə qabaqcıl təşəbbüs kimi qiymətləndirilib.

Qeyd edək ki, BMT Baş Assambleyası yekdilliklə “Bakı Prosesi”ni mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanıyan qətnamə qəbul edib.