Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın növbəti dəfə sərgilədiyi anti-Azərbaycan mövqeyini və media azadlığına qəsd edən yanaşmasını sərt şəkildə qınayır.
“İki sahil” xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.
Bildirilib ki, Avropa İttifaqının nümayəndəsi Ermənistandan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməyi tələb etmək əvəzinə, həmin əraziləri “mübahisəli” adlandıraraq faktiki olaraq Ermənistanı işğalçı siyasətini davam etdirməyə çağırıb:
"Bundan əlavə, Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır etmək üçün Azərbaycanın kütləvi informasiya vasitələrini senzura etməyə çalışıb. Qazax rayonunun Bağanis Ayrım kəndində Ermənistanın azərbaycanlı mülkilərə qarşı törətdiyi qətliam və həmin kənd daxil olmaqla Azərbaycanın bir sıra ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması ilə bağlı Azərbaycan mediasında çıxan yazılar hansısa səbəbə görə cənab Klaarı narahat edir? Belə çıxır ki, Klaar üçün problem Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, azərbaycanlılara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətməsi yox, bu faktların mediada işıqlandırılmasıdır".
Bəyanatda vurğulanıb ki, Qərbi Azərbaycan İcması Avropa İttifaqından yanlış və təhlükəli siyasətindən əl çəkməyi, regionda sülhün bərqərar olmasına mane olmamağı və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışı məsələsində ədalətli mövqe tutmağı tələb edir.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.