25 mart 2024 20:33
984

Rotterdamda Qərbi Azərbaycana dair konfrans təşkil olunub

Niderland Krallığının Rotterdam şəhərində fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) “Qərbi Azərbaycan tarixi Türk torpaqları, Zəngəzur hadisələri” mövzusunda konfrans təşkil edib.

“İki sahil” xəbər verir ki, konfransda bu ölkədə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, İraq türkləri icmalarının, eləcə də Azərbaycan diasporunun fəal üzvləri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

BAK-ın sədri Elsevər Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsindəki Qələbəmizdən, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məntiqli siyasətin səmərəli bəhrəsindən və vəd olunmuş Qərbi Azərbaycana qayıdış konsepsiyasının bir zaman həyata keçə biləcək perspektivlərindən danışıb.

Sonra BAK-ın mətbuat xidmətinin katibi Gülnarə Əliyeva Qərbi Azərbaycanın tarixi türk torpaqları olduğuna dair istinadlardan söz açaraq, bu torpaqların Azərbaycan türklərinın doğma yurdu olmasından, digər xalqların sonradan buraya köçürülməsindən danışıb.

BAK sədrinin müavini Sima Cəfərova Zəngəzur hadisələri mövzusu və bu torpaqlarda baş vermiş hadisələrdən, erməni-haylar tərəfindən törədilən qırğınlardan, deportasiyalardan və xüsusi amansızlıqla Azərbaycan türklərinə və burada yaşayan digər millətlərin nümayəndələrinə verdikləri işgəncədən danışıb.

Niderland Türk Federasiyasının rəhbəri Murat Gedik, Qərbi Azərbaycan İcmasının üzvü, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, Niderland Belçika Azərbaycanlıları Koordinasiya şurasının üzvü, Ana Vətən Avropa Azərbaycanlıları Qadınları birliyinin rəhbəri Mayisə Ağamirzəyeva çıxış edərək Avropada belə konfransların keçirilməzi zərurətindən və əhəmiyyətindən danışıblar.

Qərbi Azərbaycandan didərgin salınmış, qaçqın Aynur Məmmədova kiçik yaşlarında yaşadığı dəhşətli anlarla bağlı təəssüratlarını bölüşüb. BAK-ın fəal üzvü, şairə, Azərbaycan Yazıçılar İttifaqının fəxri üzvü Yasəmən Qara ürək sözlərini şeirləri ilə ifadə edib.

Konfransda Zəngəzur hadisələrini əks etdirən tarixi sənədli film nümayiş olunub.

Sonda iştirakçılar mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu, BAK-ın Qərbi Azərbaycanla bağlı təşkil etdiyi üçüncü konfransdır.