Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşəbbüsü, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində “Keşikçidağda Novruz ənənələri” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə əsas məqsəd Azərbaycanın qədim adət-ənənələrinin yaşadıldığı milli bayramlarımızdan olan Novruzun gənc nəslə aşılanması, şəhid ailələri və Vətən müharibəsi qazilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən Keşikçidağ mağaralar kompleksinin ərazisində yerləşən tarixi abidələrin tanıdılmasıdır.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin komandanlığı, rayon ərazisində yerləşən bir çox idarə və təşkilatların məsul şəxsləri, həmçinin el ağsaqqalları, rayon ziyalıları, şəhid ailələri və qazilər iştirak ediblər.
Kosa, Keçəl və Bahar qızı, milli geyimli gənclər bəzədilmiş Dilbaz atları ilə qədim musiqi alətlərimiz olan saz, qara zurna, nağara, ud sədaları altında məclisə gəliblər. Sonra qonaqlar Keşikçidağ kurqanlar vadisində aşkarlanmış Son Tunc - Erkən Dəmir dövrünə aid edilən artefaktlardan ibarət sərgi, həmçinin Novruz atributları ilə bəzədilmiş dekorasiyalarla və alaçıqlarla tanış olublar.
Tədbirin rəsmi hissəsini qoruğun direktoru Musa Mursaquliyev açıb.
Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və idman sektorunun məsul şəxsi Sahib Ələsgərov, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin direktoru Nicat Vəkilov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa üzrə Gənclər və idman sektorunun məsul şəxsi Turan Hüseynov, Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağstafa rayon nümayəndəliyinin əməkdaşı Lalə Quliyeva Novruz bayramı və adətləri haqqında xatirələrini, fikirlərini söyləyiblər.
Daha sonra Dədə Qorqud gəlib, ibrətamiz fikirlərini söyləyib, Novruz adət-ənənələri nümayiş etdirilib.
Tədbirin sonunda böyük bayram tonqalı qalanıb, “Yallı” rəqsi olub.
Tədbir qoruğa məxsus informasiya mərkəzinin ətrafında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Badam bağı”nda təşkil edilən ağacəkmə aksiyası ilə yekunlaşıb.