Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-ci ilin Azərbaycan Respublikasının növbədənkənar prezident seçkiləri aprel ayının 11-nə təyin edilib. Sərəncamın mürəkkəbi qurumamış müxalif düşərgələrdə guya seçkilərin boykot olunacağı ilə bağlı fikirlər xüsusilə sosial şəbəkələrdə geniş vüsət alıb. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov “İki sahil” qəzetinə açıqlamasında sözügedən məsələyə münasibətini bildirdi. O qeyd etdi ki, aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı dağıdıcı müxalif düşərgəni narahat edən əsas səbəb onların belə bir məsuliyyətli, çətin prosesə heç bir halda hazır olmamalarıdır: “Əvvəla, onu qeyd etmək lazımdır ki, prezident seçkilərinin vaxtının təyin edilməsi ölkə başçısının səlahiyyətləri çərçivəsindədir. Burada qanundankənar heç bir məsələdən söhbət gedə bilməz. Hesab edirəm ki, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri respublikada bu il həyata keçiriləcək digər mühüm tarixi əhəmiyyətli hadisələrlə yadda qalacaq. Bilirsiniz ki, bu il ölkəmizin başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Azərbaycanda Xalq Cümhuriyyəti ili” elan edilib. Bundan başqa, bu il mart soyqırımının 100 illiyi qeyd olunacaq. Bilirsiniz, müxalifət gərək müxalifətçiliyindən sui-istifadə etməsin. Hər birimiz yaxşı bilirik ki, müxalifət indi hansısa Azərbaycanın inkişafını gözü götürməyən müəyyən qurumların tapşırıqlarına əməl edənlər yığımından ibarətdir. Partiya varsa, gərək onu dəstəkləyənlər olsun. Bu gün YAP Xəzər rayon təşkilatının üzvləri qədər respublikada heç bir müxalif təşkilatın üzvü yoxdur. Onların ətrafında birləşənlər qohumları, dostları, ailə üzvləridir. Onlarla sosial şəbəkələrə çıxıb fon yaradırlar.
Bilirsiniz ki, hazırda Azərbaycanı gözü götürməyən qüvvələr çoxdur. Hər kəsə yaxşı məlumdur ki, həmin qurumları erməni lobbisi maliyyələşdirir. Əsas məqsəd isə Azərbaycanın demokratik nüfuzuna zərbə vurmaqdır. Çünki başqa heç cür iqtidara qarşı mübarizə apara bilmirlər. Ölkədə sosial yönümlü siyasətin həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və s. bu kimi mühüm addımları görən müxalifət yaxşı bilir ki, onların əlində iqtidarı tənqid etmək üçün əsaslı səbəb yoxdur”.
Rayon təşkilatının sədri onu da qeyd etdi ki, bu gün siyasi savadı olan cəmiyyəti bu cür əldə saxlamaq olduqca çətindir: “Gəlin razılaşaq ki, müasir Azərbaycan cəmiyyətinin siyasi savadlılığı artıq əvvəlki illərlə müqayisədə çox üstündür. Ona görə də müxalifət özünü ancaq sosial şəbəkədə göstərməyə çalışır. Əvvəllər insanlar informasiyanı qəzet-jurnaldan, televiziyadan alırdılarsa indi bu missiyanı sosial şəbəkələr, xəbər saytları üzərinə götürüb. Müxalifət artıq sosial media üzərindən mübarizəyə başlayıb. Ancaq təbii ki, biz də işimizi müasir zamanın tələblərinə adekvat şəkildə qururuq. İstənilən yerdə və zamanda yalan, böhtan və təhqirlə özlərini müdafiə edən tərəfə layiqli cavab verməyə hazırıq”.
Namiq Əhmədov bildirdi ki, hər bir partiyanın gücü seçkilərdə məlum olduğundan YAP Xəzər rayon təşkilatı sözügedən tədbirlərə, xüsusilə prezident seçkilərinə fəallıqla hazırlaşır: “Nəinki Yeni Azərbaycan Partiyasının, ümumyyətlə, bütün partiyaların gücü seçkidə əldə etdikləri nəticə ilə bilinir. Bu baxımdan iqtidar partiyası olan YAP bütün seçkilərdə artıq neçə illərdir ki, daim qələbə qazanır, öndə olur. Bu, gərgin əməyin, səyin, güclü təşkilatçılığın nəticəsidir. Seçki olduqca gərgin, məsuliyyətli bir prosesdir. Ölkədə 5 milyona yaxın seçici var. Bu prosesdə biz hər bir insan ilə təmasda oluruq, onların fikirlərini öyrənirik, namizədimizi təbliğ edirik. Bilirsiniz ki, Sovet dövründən bəri seçkilərə qarşı biganəlik var idi. Müəyyən müddət insanlarımızın o biganəliyi unutması üçün gərgin səy göstərdik. Baxmayaraq ki, xalq müəyyən namizədini dəstəkləyirdi, amma seçki məntəqəsinə gəlib səs vermək problemi hər zaman olurdu. Bu mənada YAP inqilabi dönüşə nail olub. Artıq neçə illərdir ki, xalq məntəqələrə gəlib öz səsini verir. Bu baxımdan seçki hər bir partiyanın siyasi gücünün və cəmiyyətdə olan rolunun ifadəsidir. Düşünürəm ki, hər zaman YAP olaraq seçkilərdə qalib tərəf olmağımız da bizim əsas gücümüzü artıq ortaya qoyub. Bundan sonra da bu missiyanı qoruyub saxlamaq üçün çalışırıq”.
N.Əhmədov vurğuladı ki, qarşıda YAP Xəzər rayon təşkilatı olaraq bizi gərgin iş rejimi gözləyir: “Qarşıda təbliğat-təşviqat kampaniyası olacaq. Bütün illərdə olduğu kimi, namizədimizi irəli sürüb, onun təbliğatını həyata keçirəcəyik. Bundan başqa, imzatoplama kampaniyasına start verilən kimi yerlərdə insanlarla birbaşa ünsiyyətdə olub bu prosesi layiqincə tamamlayıb, nəticələri Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Bütün bu işlərdə təkcə YAP yox, bütün cəmiyyət bir olmalıdır. Düşünürəm ki, qarşıya qoyduğumuz məqsədə çata biləcəyik”.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İki sahil”
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib