İndi bu iynələr həm şəkərli diabet olanlara, həm də xəstəliyin daşıyıcısı olmayanlara təyin olunur
Romalılar artıq çəkini prestij, zənginlik, güc, çinlilər bunu sağlamlıq, uğur və var-dövlətlə əlaqələndirirdilər. Yunanıstanda kök qadınlar cazibədar və gözəl sayılırdı. İndi bu belə deyil... İndi dünyanın ən qabaqcıl ölkələri piylənmə ilə mübarizə aparır. Həkimlər artıq çəkinin diabet, ürək və böyrək, artrit kimi bir çox xroniki xəstəliklərə səbəb olduğunu deyirlər. Müasir tibbin inkişafı ilə hazırda dünyada piylənmənin qarşısının alınması yönündə bir neçə metodlar istifadə olunur. Bunlardan biri də “arıqlama iynələri”dir. Qeyd edək ki, bu iynələrdən Azərbaycanda da istifadə olunur.
Bəs, bu preparatlar hansı hallarda təyin olunur? Orqanizmə mənfi və müsbət təsirləri nələrdir? Tam sağlam 3-4 kiloqram artıq çəkisi olan şəxsə də “arıqlama iynəsi” təyin oluna bilərmi?
Suallarımızı endokrinoloq Fərqanə Məmmədliyə ünvanladıq.
Doktor birdirdi ki, əvvəllər "arıqlama iynəsi" adı altında satılan bu preparatları sadəcə şəkərli diabet xəstələri üçün təyin edirdik: “Lakin sonradan preparatlar daha da təkmilləşdirildi. İndi bu iynələr həm şəkərli diabet olanlara, həm də xəstəliyin daşıyıcısı olmayanlara təyin olunur. Hazırda "arıqlama iynəsi" adı altında satılan yeni nəsil preparatlar pasiyentlərə sadəcə kilo vermək və insulin rezistentliyini azaltmaq məqsədli də təyin olunur”.
Müsbət geridönüşlər olub
"Arıqlama iynələri"nin tərkibi haqqında danışan F.Məmmədli qeyd etdi ki, preparatların istifadəsindən sonra müsbət geridönüşlər əldə edilib: “Preparatlarda GLP-1 aqonisti dediyimiz, yəni bağırsaqda qlyukaqona bənzər peptid-1 aqonistləridir ki, tam təbii tərkibi ilə zərərsizdir. Həm böyrək, həm də qaraciyər üçün yan təsirləri yox dərəcəsindədir. Avropa və dünyanın ən inkişaf etmiş ölkələrində sözügedən iynələr ürək-damar xəstələrinə də təyin olunur. Bu, iynələrin ən böyük üstünlüklərindən biridir”.
Endokrinoloq vurğuladı ki, şəkərli diabet və artıq çəkisi olan şəxslərin həmin preparatlarla müalicəsi gələcəkdə baş verə biləcək koronar arteriya xəstəliyi, koronar angioqrafiya və stend qoyulma hallarının qat-qat azalmasına gətirib çıxarır: “Artıq çəkili pasiyentlər kilo verdikləri üçün həm şəkər, təzyiq problemindən, həm də artroz-oynaq xəstəliklərindən qurtulmuş olurlar”.
İynələrin “işləmə” mexanizləri necədir?
F.Məmmədli bildirdi ki, preparat mədə motorikasını ləngidərək təsir etdiyi üçün davamlı yemək yemək istəyən pasiyentlərdə çox effektli müalicədir: “Bununla biz mədə motorikasını ləngitməklə yemək arası qida qəbulunu uzadırıq. Bildiyiniz kimi, arıqlama hormonu olan leptin 4 saat aclıqdan sonra təsir edir. 4 saat ac olmayıb yemək yeyənlər çəkilərini azalda bilmirlər. Çünki adıçəkilən hormon sintez olunmur. Məhz "arıqlama iynələri"nin təsiri ilə də pasiyent gec-gec yemək yemək istəyir. Bəzən sadəcə halsızlıq olmasın deyə gündə 2 dəfə qida qəbul edirlər. Məsələn, əgər yeməkarası fasilələr əvvəllər 2-3 saat idisə, indi 6-7 saata qədər uzanır. İkinci böyük xüsusiyyəti odur ki, beyində aclıq və toxluq mərkəzinə təsir edərək aclıq hissini azaldır”.
Həkim-endokrinoloq 5-6 kiloqram artıq çəkisi olan, lakin bəhs etdiyimiz preparatlardan istifadə etmək istəyənlərə müraciət edib: “Məsləhətdir ki, düzgün təyin olunmuş pəhrizlə arıqlasınlar. Adətən görürsən ki, çox artıq çəkisi olanlarda 5-10 kiloqram arıqladıqdan sonra çəki sanki dayanır. Biz artıq o zaman bu preparatları təyin edirik. Çəkilərini normallaşdırmaq istəyən şəxslər həkim nəzarətində müəyyən analizlərdən keçməlidirlər. Çünki bu iynələrdən kortəbii istifadə etmək olmaz. Nə qədər yaxşı dərman olsa belə, bilin ki, hər dərmanın mənfi və müsbət cəhətləri var”.
Günel Cəlilova, "İki sahil"