15 fevral 2018 00:23
2949

Radikal müxalifət seçkilərlə bağlı reallıqdan uzaq fikirlər səsləndirməkdənsə...

Müsahibimiz YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmovdur

- Hüseynbala müəllim, fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirildi. Qurultayla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı

-  Yeni Azərbaycan Partiyasının  Heydər Əliyev Mərkəzində keçirilən  möhtəşəm qurultayının iştirakçısı olmaqdan qürur duydum. Ümumiyyətlə, partiyanın hər bir qurultayının iştirakçısı olmuşam. Hər bir qurultay özəlliyi ilə diqqət çəkib. Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolunu, əldə etdiyi uğurları, təkcə ölkəmizin deyil, regionun aparıcı siyasi təşkilatına çevrildiyini gördükcə, belə güclü, monolit partiyanın üzvü olmaqdan fəxr duyuram. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP son 14 ildə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında biri-birindən önəmli uğurlara imza atıb. Partiyanın VI qurultayı bir daha uğurlarımızın təqdimatı oldu. Hazırda sıralarında 700 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə yeri və rolunu müəyyənləşdirən əsas amillərdən biri də ölkədə keçirilən seçki proseslərindən qalib çıxmasıdır. Qarşıdan növbəti prezident seçkiləri gəlir. Əminəm ki, bu seçkilər də Yeni Azərbaycan Partiyasının tarixinə uğur səhifəsi kimi yazılacaq. 

 Bir məqamı da qeyd edim ki, cari il ölkəmizin həyatında digər mühüm tədbirlərlə də yadda qalacaq.  2018-ci il dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bu, təkcə respublikamızın yaranmasının bir əsrlik tarixi deyil, eyni zamanda parlamentimizin, ordumuzun yaranmasının, dövlət bayrağımızın qəbul edilməsinin  şanlı yubiley tarixidir. Növbəti  prezident seçkilərinin məhz bu ilə təsadüf etməsinin də böyük mənası vardır. Dövlətimizin başçısı İlham Əliyevin məlum Sərəncamı müstəqillik, dövlətçilik  ənənələrimizə bir töhfədir. Bu baxımdan seçkilərdə qələbəmiz, eyni zamanda Azərbaycanın müstəqillik tarixinin uğur səhifəsi olacaq.  

-  YAP-ın VI qurultayında  ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyi irəli sürüldü. Partiyanın bu qərarı xalqımızın böyük əksəriyyətinin istəyinin ifadəsidir...

-  Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 14 il  Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Bizim namizədimiz vahiddir, xalqımız Prezident İlham Əliyevin ətrafında sıx birləşib, həyata keçirilən  siyasəti dəstəkləyir.  Aprelin 11-də əvvəldə də qeyd etdiyim kimi,  böyük bir qələbənin sevincini yaşayacağıq. Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasətin uğurları göz önündədir. Son 14 ildə Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev təkmil islahatları ilə gələcəyə böyük inamla baxamağa əsas yaradır. Əgər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi ortaya qoyuruqsa, bu, artıq ölkəmizin uğurlarına, həyata keçirilən siyasətə inamdan irəli gəlir. Ən əsası Azərbaycan beynəlxalq aləmdə sosial dövlət kimi tanınır.  Dünyada baş verən iqtisadi və maliyyə  böhranı nəticəsində bir çox inkişaf etmiş ölkələr bir sıra sosial proqramları təxirə salsalar da ölkəmizdə bütün sosial proqramlar uğurla icra etdirilir. Bu da həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığını nümayiş edilir.  Ölkə Prezidenti bütün  çıxışlarında bildirir ki, sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Daim özünə diqqət və qayğının şahidi olan  xalqımızın Prezidentə, onun həyata keçirdiyi siyasətə inamı böyükdür. Xalq-iqtidar birliyi uğurlara yol açan əsas faktordur.

- Rəhbərlik etdiyiniz YAP Xətai rayon təşkilatı seçki kampaniyası ilə əlaqədar nə kimi tədbirlər həyata keçirir?

- Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan partiya keçdiyi 25 illik yolda daim əqidəsinə, tutduğu yola sadiq olub. Xalqımız seçkilərdə fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədinə dəstəyi ilə  ulu öndər Heydər Əliyevin ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyini nümayiş etdirir.

YAP Xətai rayon təşkilatı da daim  partiyanın  təkmil seçki praktikasına, seçki qanunvericiliyinin tələblərinə, demokratik prinsiplərə uyğun şəkildə  kampaniyaya qatılır, namizədimizin qələbəsini təmin etmək üçün səylərini birləşdirir. Təbii ki, partiyamız yalnız  seçkidən-seçkiyə deyil,  hər zaman  seçki məsələlərinə diqqət göstərir.  Keçirilmiş seçkilərin nəticələri mütəmadi olaraq araşdırılır, eyni  zamanda,  növbəti seçkilərlə bağlı perspektivlər müəyyənləşdirilir.   YAP-ın Xətai rayon təşkilatı partiyanın fəal yerli strukturlarından biridir. Əsas vəzifəmiz isə partiya rəhbərliyinin, İcra katibliyinin tövsiyə və tapşırıqlarını layiqincə, vaxtında yerinə yetirməkdir. Bu günlərdə partiyanın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirildi, seçkilərlə bağlı zəruri tapşırıqlar verildi.

Hazırda seçki məntəqələrində məşvərətçi səs hüquqlu üzvlərimizin, müşahidəçilərimizin müəyyən olunması işləri gedir. Ümumilikdə, çalışırıq ki, iş planında nəzərdə tutulan məsələləri vaxtlı-vaxtında yerinə yetirək. Hər bir partiyanın gücü seçkilərin nəticələrindən  asılıdır. Yeni Azərbaycan Partiyası hər seçki prosesində bu nüfuzunu, cəmiyyətdə yeri və rolunu təsdiqləsə də növbəti seçkilərə hər zaman yüksək hazırlıq şəraitində qatılır. Yəni, möhtərəm Prezidentimizin daim bildirdiyi kimi, uğurlarımızla kifayətlənməyərək, daim irəliyə baxırıq.   YAP Xətai  rayon təşkilatı seçki kampaniyasının hər bir mərhələsini yüksək fəallıq şəraitində başa vurmaq üçün bütün səylərini səfərbər edib. Seçki siyasi mübarizənin əsas forması olduğundan  olduqca gərgin, məsuliyyətlidir.  Hər bir namizədə qələbəsini təmin etmək üçün bütün imkanlar yaradılır. Cəmiyyətdə nüfuzu, sosial dayağı olan hər bir siyasi partiya, namizəd prosesə qatılıb qələbəsini təmin edə bilər. Ölkədə 5 milyona yaxın seçici vardır. Yaxın günlərdə imzatoplama kampaniyasına start veriləcək. Seçkinin bu mərhələsi namizədin nüfuzunun təqdimatında xüsusi rola malikdir. Bundan sonra təbliğat-təşviqatla mərhələsi başlayacaq. Azərbaycanın bugünkü reallıqları Yeni Azərbaycan Partiyasının namizədi, ölkə Prezidenti İlham Əliyevin  təbliğatıdır.

- Hüseynala müəllim, qeyd etdiyiniz kimi, seçkilər siyasi mübarizənin əsas formasıdır. Demokratik cəmiyyətdə müxalifətin olması da əsas şərtlərdən biridir. Təbii ki, söhbət konstruktiv müxalifətdən gedir. Amma bu gün diqqət yetirsək, dağıdıcı ünsürlərin ənənələrinə yenə də sadiqlik nümayiş etdirdiklərini görərik...

- Dağıdıcı müxalifətin seçkilərlə bağlı fikirləri növbəti  məğlubiyyətlərini sığortalamaq üçün əvvəldən ssenari hazırladıqdarına işarədir.  Əgər onlar indiyədək namizədlərini, seçki texnologiyasını müəyyənləşdirməyiblərsə, bu artıq onların öz problemləridir. Radikal müxalifət seçkilərlə bağlı reallıqdan uzaq fikirlər səsləndirməkdənsə, seçkilərə qatılıb öz siyasi çəkisini, sosial dayağını nümayiş etdirsin. Utopik fikirlərlə ictimai fikri çaşdırmaq, xalqı yalanlarına inandırmaq cəhdləri onların zəifliyinin, siyasi savadsızlıqlarının göstəricisidir.  Onsuz da onların cəmiyyətdə nüfuzları, sosial dayaqları yoxdur. Onların siyasi meydanı dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtidarın gördüyü işlərin fonunda daralıb. Siyasi meydanın küncünə sıxılan bu ünsürlər illərdir özlərində cəsarət tapıb siyasətdən uzaqlaşmaq istəmirlər.

Azərbaycan demokratik ölkədir. Bu baxımdan müxtəlif siyasi partiyaların, siyasi baxışların mövcudluğu qəbul olunandır. Amma özünüzün də vurğuladığımız kimi, əsas olan reallıqlara qara eynəkdən yox, həqiqət gözü ilə baxmaqdır. Xalq hər bir siyasi qüvvənin hansı nüfuza, sosial bazaya malik olduğunu, yenə də qeyd edirəm, hansı məqsəd uğrunda mübarizə apardığını çox yaxşı bilir. Öz şəxsi ambisiyalarını dövlətin, xalqın maraqlarından üstün tutan ünsürlərin yeri tarixin arxividir.

Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova, 
Vüsal Cahanov (foto), “İki sahil”