Müsahibimiz Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblidir
- Hadi müəllim, sizinlə görüşümüz ölkəmiz üçün əlamətdar bir vaxta təsadüf edir. Fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının qurultayda aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Azərbaycan cəmiyyətində qurultayın bu qərarı çox yüksək qiymətləndirilir. Bununla bağlı sizin də fikirləriniz maraqlıdır.
-Müstəqil dövlətin əsas atributlarından biri çoxpartiyalılıq və siyasi seçimdir. Ümumiyyətlə, siyasi partiyanı digərlərindən fərqləndirən əsas əlamət onların daim hakimiyyət uğrunda mübarizə aparmalarıdır. Məhz seçki dönəmində cəmiyyətdə siyasi fəallıq artır. Partiyalar hakimiyyət uğrunda siyasi mübarizəyə başlayırlar. Əlbəttə, bu mübarizə qaydaları sivil qaydalarla olur. Bütün hallarda daha güclü və mübariz partiya sonda qalib olub, hakimiyyətə gəlir. Partiyamızın bu qərarı əslində, ümumxalq mövqeyinin ifadəsidir. Çünki Prezident İlham Əliyevin uğurlu fəaliyyəti birmənalı olaraq xalqımız tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Prezident İlham Əliyev dövlət başçısı kimi ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirərək uğurla həyata keçirir. Bu illər ərzində ölkəmiz həm iqtisadi, həm siyasi, həm də beynəlxalq sahələrdə böyük nailiyyətlər qazanıb. Azərbaycanda aparılan davamlı və uzunmüddətli iqtisadi islahatlar nəticəsində ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyanın lider dövlətləri ilə bir sırada dayanır. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi gənc ölkə üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan həm də kosmos ölkələri sırasındadır ki, bu uğura da hər bir dövlət nail ola bilməyib.
Əlbəttə ki, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əminəm ki, aprelin 11-də azad və demokratik prezident seçkiləri nəticəsində növbəti dəfə cənab İlham Əliyevin parlaq qələbəsini qeyd edəcəyik.
- Bəs, ölkədəki seçkiabağı vəziyyəti necə qiymətləndirirsiniz?
- Xalq dövlətin siyasətini bəyənir, çünki fayda görür. Dünyada gedən proseslər göstərir ki, ictimai-siyasi sabitliyin olmadığı ölkələr dağılmağa məhkum olur, həmin ölkələri sıradan çıxarmaq asan başa gəlir. Məsələn, ərəb ölkələrinin aqibəti hər kəsə məlumdur. Əlbəttə ki, həmin ölkələri ilk növbədə ölkədəki ictimai-siyasi sabitiyin olmaması yıxdı. Bu gün ölkədə 30-a yaxın siyasi partiya mövcuddur. Bu, bir həqiqətdir ki, hazırda iqtidar partiyası YAP istər siyasi statusuna, istərsə də üzvlərinin sayna görə lider partiyadır. Bir neçə müxalifət partiyası var ki, onların da ətrafı getdikcə seyrəkləşir, azalır. Ümumilikdə, bu qeyri-hökumət təşkilatları əksər hallarda xaricdən maliyyələşir. Guya hakimiyyət uğrunda mübarizə aparırlar. Qeyri-hökumət təşkilatları deyirəm, çünki onlarda siyasi partiya gücü görmürəm. Yenə də dünya təcrübəsindən bir nümunə göstərmək istəyirəm. Ölkə daxilində sabitliyi pozan şəxs, təşkilat və ya partiya o qədər də ciddi problem sayılmır. Onlarla mübarizə daha asandır. Amma xaricdən maliyyələşən, dəstək alan partiyalarla mübarizə daha çətindir və bu, ölkə üçün də təhlükəlidir. Hər zaman bu mövzunu gündəmə gətirmək istəyirəm: bu gün siyasi mübarizə səngərdən, diplomatik danışıqlardan daha çox sosial mediada, informasiya resurslarında gedir. Gərək informasiya saytları, sosial media, elektron KİV bu mənada daha diqqətli olsun. Bəzən ölkə daxilində gedən müsbət proseslərin əksinə mənfi rəy formalaşdıracaq xəbərlər oxuyuruq. Araşdıranda görürük ki, həmin saytlar hansısa xarici ölkədə qeydiyyatdan keçib, orada fəaliyyət göstərir. Bu gün ölkədə ictimai-siyasi sabitlik var və bunun qorunub saxlanılması təkcə dövlətin yox, hər birimizin üzərinə düşür.
- Hadi müəllim, son 15 ildə Azərbaycan bütün sahələr üzrə inkişaf edib. Sizcə, YAP prezident seçkilərinə hansı uğurlarla gedir?
-Möhtərəm Prezidentimiz YAP-ın qurultayında bu fikirlərə dəqiqliklə aydınlıq gətirdi. Sadəcə bir neçə rəqəm xatırlatmaq istəyirəm. 3200 yeni iş yeri, 600-ə yaxın xəstəxana, 50 idman kompleksi tikilib istiafədəyə verilib. Azərbaycan vətəndaşının güzəranında əsaslı dəyişiklik edilib. Bütün bunlar sadəcə rəqəmlər deyil. Hər bir işin arxasında işci qüvvəsi, zəhmət, əmək, səritşə, gülü iradə dayanır. Büdcənin imkanları artırsa, o da vətəndaşın rifahına, sosial müdafiənin güləndirilməsinə yönəlir. Möhtərəm Prezidentimiz son 15 ildə mühüm işlər görüb.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın artan iqtisadi imkanları iqtisadiyyatın bütün sahələrinin paralel inkişafına yönəlib, Azərbaycanda insan kapitalının inkişafına böyük investisiyalar qoyulub. Ölkəmizin hər bir guşəsində böyük fabriklər, zavodlar, səhiyyə müəssisələri, idman və sağlamlıq kompleksləri, müxtəlif müəssisələr istifadəyə verilib. Son illər dünyada təlatümlərin, iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycanda inkişaf tendensiyası davam edir. Ötən 15 ildə iqtisadiyatımız 3.2 dəfə artıb. Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Eləcə də, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri, “Şimal-Cənub” nəqliyyat dəhlizi layihələri bütövlükdə dünya üçün əhəmiyyətlidir.
Həmçinin Azərbaycan dünyada etibarlı tərəfdaş kimi özünü təsdiq edib, ölkəmiz nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.
-Sizcə, növbəti 7 il ərzində Azərbaycan dövlətinin qarşısında duran prioritetlər hansılardır?
- Hesab edirəm ki,ümumiyyətlə, Azərbaycan dövlətinin qarşısında duran əsas məsələ ölkədəki siyasi-sabitliyin qorunması, müstəqilliyimizin daha da möhkəmləndirilməsi iqtisamətində mühüm addımların atılmasıdır. İstərdik ki, növbəti illər yaralı yerimiz olan Dağlıq Qarabağ məsələsinin həlli illəri olsun və ölkəmizin ərazi bütövlüyü bərpa olunsun. Əlbəttə, ölkədə savadlılığın artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması, eləcə də vətəndaş amilinə verilən dəyər hər zaman öndə durmalıdır. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən dərin islahatlar bundan sonra da artan sürətlə davam edəcək.
Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, “İki sahil”
Əslən Basarkeçərdən olan 70-ə yaxın gənc müxtəlif nailiyyətlərinə görə təltif edilib
XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib