22 fevral 2018 00:00
1517

Şuşaya gedən yol Cocuq Mərcanlıdan keçir

Müsahibimiz “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İB-nın sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur

- Bayram müəllim, prezident seçkiləri ərəfəsində ölkəmizdə ictimai-siyasi durumu necə xarakterizə edərdiniz?

- Ölkəmizdə seçkiqabağı mühit olduqca normaldır, ictimai-siyasi sabitlik hər zaman olduğu kimi, qənaətbəxşdir. Beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyimiz mövcuddur ki, bunun vasitəsilə ölkəmizdə hər zaman azad, şəffaf və demokratik seçkilər keçirilir. Dövlət başçımızın həyata keçirdiyi  praqmatik siyasət nəticəsində böyük nailiyyətlər qazanmışıq. Ötən il tarixə iqtisadi islahatlar ili kimi düşdü. Bunun nəticəsində iqtisadi artım baş verdi. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində manatın sabitliyi saxlanıldı. Ölkəmizdə əlverişli biznes mühitinin inkişafı sahibkarlığın yüksək səviyyədə inkişafına təkan verib. Regionlarda sənaye parkları, sənaye məhəllələri və texnoloji parklar fəaliyyətə başlayıb. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir ki, bunun sayəsində də kənd təsərrüfatı, turizim, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərini misal çəkə bilərəm.  Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, bütün sahələrdə, hər bir vətəndaşın həyatında müsbət dəyişikliklər baş verib. Regionların sosial-iqtisadi inkişafı sahəsində də ciddi uğurlar əldə edilib və insanların sosial-rifahı daha da yüksəlib. Bütün görülən işlər, əldə olunan nailiyyətlər ölkəmizdə həyata keçirilən dövlət siyasətinin müsbət nəticələridir.

Azərbaycan dövləti və Prezidentimiz tərəfindən bütün vətəndaşlara, o cümlədən məcburi köçkünlərə böyük diqqət və qayğı var. Məcburi köçkünlərə kifayət qədər güzəştlər edilir, ödənilən yardım vəsaitin həcmi mümkün qədər artırılır, onların övladları dövlət təhsil müəssisələrində pulsuz təhsil alırlar, pulsuz şəxsiyyət vəsiqələri alırlar, əmək haqqından vergi tutulmur və s. Bizə dövlət tərəfindən çox güzəştlər edilir. 

- Məcburi köçkün rayonlarının işi digər rayonlara nisbətən daha ağırdır. Şuşa rayon sakinləri Azərbaycanın  altmışa yaxın rayonunda məskunlaşıblar. Digər rayonlarda məskunlaşmış şuşalıların problemlərini operativ həll etmək nə dərəcədə  mümkündür?

- Şuşa rayonunun əhalisi çox dağınıq şəkildə məskunlaşıblar. Əvvəllər 60 rayonu əhatə edirdisə bu gün  55 rayonda məskunlaşıblar. Əlbəttə, 55 rayonda məskunlaşan əhali ilə işləmək çətin olsa da vəzifəmizi yerinə yetirmək bizim borcumuzdur. Möhtərəm Prezidentimizin Sərəncamı ilə bu vəzifəyə təyin olunmuşam. Göstərilən etimadı doğrultmaq üçün hər zaman var gücümlə çalışacağam. Çətin olsa da çalışırıq problemləri vaxtında həll edək. Buna nə dərəcədə nail oluruq, onu şuşalılardan soruşmaq lazımdır. Möhtərəm Prezidentimizin hər bir qaçqına, məcburi köçkünə xüsusi yanaşması var. Qeyd edim ki, dünyanın heç bir yerində dövlət tərəfindən yaradılmış Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi kimi belə bir qurum yoxdur. Ulu öndərimiz  qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dövlət nəzarəti olması üçün bu komitəni yaradıb. Yaxşı bilirsiniz ki, vaqonlarda, çadırlarda  yaşayan bütün qaçqınların və məcburi köçkünlərin evlə təmin olunması problemi var idi. Bu gün bir nəfər də olsa çadırda, vaqonda  vətəndaşımız  yoxdur, yəni bu məsələ həll olundu. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələr salınır və bu qəsəbələrin bütün infrastrukturu - məktəb, tibb məntəqəsi, klubları- bütün bunların hamısı yaradılır. Bunların hamısını möhtərəm Prezidentimiz qaçqın və məcburi köçkünlər üçün edib.

- Ermənistan - Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair illərdir davam edən danışıqlarda ciddi irəliləyiş müşahidə edilmir. ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətini necə dəyərləndirirsiniz?

- BMT-nin  qəbul etdiyi 4 qətnamə hələ də icra olunmur. Dünya Azərbaycanın işğal olunmuş torpaqlarını bizim ərazimiz kimi tanımasına baxmayaraq münaqişənin nizamlanmasına dair ikili mövqedən də əl çəkmir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Fransa və Rusiya Ermənistana havadarlıq edir. Ermənistan onun-bunun qapazaltısına çevrilib. Ancaq bu ikili standartlara baxmayaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı siyasət bizə ümid verir ki, münaqişə tezliklə həllini tapacaq. Çünki, Azərbaycan Ordusu yenilməzdir. Ordunun hər cür təminat və təchizatı var. Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etməyə hazırdır. 2016-cı ilin Aprel döyüşləri” buna bir sübutdur. Azərbaycan Ordusu hər an müharibə yolu ilə torpaqlarını geri qaytara bilər. Bu gün hər birimiz çox sevinirik ki, artıq məcburi köçkünlərin Cocuq Mərcanlıya ilk qayıdışı başlayıb. Cocuq Mərcanlıya köç “Böyük Qayıdış”ın” işarəsidir. Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı tikilib. Bu, həm də rəmzi məna daşıyır. Çünki bu o deməkdir ki, Şuşaya gedən yol Cocuq Mərcanlıdan keçir.

- Bayram müəllim, Ermənistan rəhbərliyindəki və hakimiyyətə iddialı şəxslərin böyük əksəriyyəti Xocalı soyqırımında əli olan cinayətkarlardır. Onların Beynəlxalq Hərbi Tribunalda öz cinayətlərinə görə cavab verəcəklərinə inanırsınızmı?

- Xocalı faciəsi xalqımıza qarşı amansız soyqırımı idi. Bu, sadəcə müharibə deyildi. Erməni terrorizminin ən dəhşətli nümunəsi, ümumən isə bəşəriyyətə qarşı ən ağır cinayət idi. Xocalı qətliamı Ermənistanın Azərbaycana təcavüzünün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını bütün çılpaqlığı ilə üzə çıxardı. Cinayətkarlar cəzasını alacaq. Bunu hər birimiz səbirsizliklə gözləyirik. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən ardıcıl işlər görülür. Ermənistanda son 25-30 ildə hakimiyyət başında olmuş, bu gün də ölkəyə rəhbərlik edən şəxslərin hər birinin Xocalı soyqırımında, Azərbaycana qarşı baş vermiş hərbi cinayətlərdə birbaşa əli var. Sarkisyanların, koçaryanların, ohanyanların, ter-petrosyanların və digərlərinin əli Azərbaycan xalqının, xocalılıların qanına bulaşıb. Onlar cinayətkar, hərbi canidirlər. Təəssüf ki, himayədarlarının köməyi ilə onlar hələ də öz layiqli cəzalarını almayıblar, Azərbaycan xalqına qarşı etdikləri cinayətlərin ədalət mühakiməsindən yayına biliblər. Bu da bizə qarşı dünyada hökm sürən ikili standartların tərkib hissəsidir. Gün gələcək, həmin canilər Azərbaycan xalqına, o cümlədən, xocalılılara qarşı etdikləri qanlı cinayətlərə, soyqırımlarına görə cavab verəcəklər. 

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkə başçısı bildirmişdir ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır.  Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımları Heydər Əliyev Fondu uğurla davam etdirir. Məhz Fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılıb. Xocalı faciəsi haqqında kitablar, filmlər, stendlər dünyanın hər yerində nümayiş etdirilir. Bir sıra ölkələrdə Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş, fəaliyyətinə 2009-cu ilin fevralında start verilmiş “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kampaniyasının məqsədi dünya ictimaiyyətini Xocalı faciəsi ilə bağlı məlumatlandırmaq, qətliama hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır.  Artıq bir çox ölkələr bu soyqırımı rəsmən tanıdığını bəyan edib.

Şəmsiyyə Əliqızı,
Şəfiqə Dadaşova, 
Vüsal Cahanov,
“İki sahil”