Bu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 0,7 milyard kubmetr təbii qaz hasil edib.
“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin bu ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Bildirilib ki, SOCAR üzrə qaz hasilatının həcmi 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,1 milyard kubmetr və ya 12,5 % azalıb.
Ümumiyyətlə, 2024-cü ilin yanvar ayında Azərbaycanda 4,3 milyard kubmetr təbii qaz hasil edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 30 milyon kubmetr artımla qaz hasil edilib.
Bildirilir ki, hasil edilən qazın 1,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan, 2,4 milyard kubmetri “Şahdəniz” yatağından, 0,13 milyard kubmetri “Abşeron” yatağından hasil olunub.
2023-cü ilin yanvar ayı ilə müqayisədə AÇG-dən qaz hasilatı eyni səviyyədə qalıb. “Şahdəniz” yatağından qaz hasilatı isə 0,1 milyard kubmetr və ya 4,35 % artıb.
“Abşeron” yatağından hasilat isə ötən ilin ilyul ayından başlanılıb.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.
"Abşeron" yatağı isə Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. Ötən ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsinə dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.