07 fevral 2024 01:37
446

Minalar can almağa davam edir

Ermənistan günahsız azərbaycanlı mülki insanların yeraltı terror səbəbindən həlak olmasına görə məsuliyyət daşıyır      

Nəzərə alsaq ki, ərazilərimizin minalanması prosesi hələ Birinci Qarabağ müharibəsi dövründən başlayıb əminliklə, deyə, bilərik ki, bu   yeraltı terror vasitələrinin aşkarlanması, zərərsizləşdirilməsi də uzun illər çəkəcək. Bununla yanaşı, 2016-cı ildən etibarən intensivləşən hərbi proseslər Ermənistanın minalama işini daha da sürətləndirmişdir. İkinci Qarabağ müharibəsindən sonra aşkarlanan minaların 2021-ci ildə istehsal edilməsi onu göstərir ki, hayların bu terrorçu əməli sülh prosesi çərçivəsində də davam etmişdir.

Təəssüf ki, danışıqlar çərçivəsində rəsmi İrəvan daim bu məsələdə qeyri-konstruktiv mövqe sərgiləyib. Bu günə kimi Azərbaycana təqdim edilən mina xəritələrinin cəmi 25 faizinin doğru olması bunu deməyə əsas verir. Elə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 23 yanvarda  İrəvanda keçirdiyi mətbuat konfransında Azərbaycana verilmiş qeyri-dəqiq olan mina xəritələri probleminə toxunarkən özlərini ifşa edib. Mirzoyan qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana iki dəfə mina sahələrinin xəritələrini təqdim edib. "Biz Azərbaycan tərəfdən minaların yerini dəqiq əks etdirmədiyinə dair şikayətləri eşitmişik." O, daha sonra deyib: "İndi Ermənistanın müvafiq orqanları sorğular vasitəsilə mümkün yeni minalarla bağlı məlumatların bərpası üzərində işləyirlər. İstisna etmirəm ki, hər iki tərəfin konstruktiv yanaşması, etimadın yaradılması istiqamətində addımların atılması halında biz etibarlı məlumatları bərpa edib, yenidən Azərbaycan tərəfinə verəcəyik. Bu dəfə biz bu aksiyanı beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirməli olacağıq". Bununla da A.Mirzoyan təsdiqləyir ki, Ermənistan Azərbaycana düzgün mina xəritələri verməyib.

Digər tərəfdən, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təhvil verilməsi məsələsinin ləngidilməsi birbaşa Qərb blokunun direktivləri əsasında reallaşmışdır. Lakin biz burada da ikili standartlarla qarşılaşırıq. Məsələ burasındadır ki, sözdə vasitəçilik iddiasında olan, əslində isə Ermənistanı dəstəkləyən Fransa, ABŞ, Avropa İttifaqı (Aİ) kimi qüvvələr bu məsələyə səssiz yanaşırlar. Aydındır ki, demokratiyadan, insan haqlarından ağızdolusu danışan Qərb üçün insan taleyi heç də əhəmiyyətli deyil. Əgər bu qüvvələr regionda sülh istəsəydi  mina xəritələrinin Bakıya verilməsi məsələsində konkret mövqe ortaya qoyardılar. İşğalın davam etdiyi illər ərzində torpaqlarımıza yerləşdirilmiş minalar hələ də can almaqda davam edir. Əsasən mülki insanlar mina partlayışlarının qurbanına çevrilirlər. Növbəti mina partlaması halı fevral ayının 4-ü və 5-də qeydə alınıb. Fevralın 4-də 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Tərtər rayonunun Qızıloba kəndi ərazisində, minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə minaya düşüb. Mina partlayışından xəsarət alan bu şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb. Fevralın 5-də yenə də Tərtər rayonunda, Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə rayonun Umudlu kənd sakini, 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Son mina hadisələri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. Paylaşımda qeyd edilir ki, Ermənistan günahsız mülki insanların minaya düşərək həlak olmasına görə məsuliyyət daşıyır. Qeyd olunub ki, 2020-ci ilin sonundan bəri 344 nəfər Ermənistanın döşədiyi minaya düşüb. Onlardan 65 nəfər həlak olub.

Bütün bu reallıqlar onu deməyə əsas verir ki, hazırda zaman həm Ermənistanın, həm də onları dəstəkləyən qüvvələrin əleyhinə işləyir. Hər mina hadisəsi ilə İrəvan özünü ifşa edir. Bu baxımdan, Ermənistan siyasi iradə ortaya qoyaraq topoqrafik informasiyaları Azərbaycana verməlidir. Əks halda, terrorçu ölkənin sülh sazişindən danışmağa heç bir haqqı yoxdur.

Nigar Orucova, “İki sahil”