Müsahibimiz Ombudsman aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlıdır
- Aydın müəllim, məlum olduğu kimi, genosid siyasəti bəşəriyyət əleyhinə yönələn ağır cinayətlərdən biridir. Beynəlxalq hüquqda bu cinayətin qarşısının alınması və törədənlərin cəzalandırılması ilə bağlı sənədlər varmı? Xocalı faciəsi də məhz həmin sənədlərə görə soyqırımı hesab olunurmu?
- Bu gün Xocalı faciəsinin məhz soyqırımı cinayəti olması ilə bağlı, kifayət qədər beynəlxalq əsaslara söykənən sənədlər var. Erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir, genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və sivil dünya tərəfindən pislənir.
Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə, məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.
- Ötən 26 ildə Xocalı soyqırımını beynəlxalq səviyyədə yetərincə tanıda bildikmi?
- İlk olaraq bu faciəni törədilmə vaxtına nəzər salaq. 1992-ci ildə o zaman təəssüf ki, Azərbaycanın rəhbərliyində olan şəxslərin yarıtmaz hakimiyyət davaları ucbatından bu faciə ilə üzləşdik. 1993-cü ildə Ümummilli Liderin təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğalçı soyqırım siyasəti yüksək səviyyədə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. İlk dəfə 1993-cü ilin iyul ayında məhz ümummilli lider Heydər Əliyev tərəfindən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ünvanlandı. Daha sonra Ümummilli Liderin müraciəti əsasında 1994-cü ilin fevral ayında Milli Məclis tərəfindən ilk dəfə olaraq Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi. Bu hüquqi siyasi qiymət Xocalı soyqırımı kimi qiymətləndirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğulayaraq, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırım ilə bağlı müvafiq qərarlar qəbul edilir. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı da beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı məlumatlandırmaqdır.
Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasəti pislənilir. Və Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Artıq Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar.
Habelə ABŞ-ın artıq 22 ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.
- Azərbaycan Ombudsmanı tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində hansı işlər görülür?
- Hər il Azərbaycan Ombudsmanı tərəfindən Xocalı soyqırımı ilə bağlı BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, UNESCO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin Bakıdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilir. Bəyanatda Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması diqqətə çatdırılır. Qeyd edilir ki, bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin bir dəhşətli nümunəsidir.
- Aydın müəllim, Xocalı faciəsinin beynəlxalq siyasi hüquqi qiymətin verilməməsinin, bu cinayəti törədənlərin məsuliyyətə hələ də cəlb olunmamasının səbəbləri nədir?
- Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüşdür. Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə Ermənistan öz üzərinə münaqişəni yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı güc tətbiqi ilə hər hansı hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu öhdəliklərə əməl etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.
Təəssüf ki, ikili standartların nəticəsidir ki, ermənilər layiq olduqları cəzalarını almayıblar. Ermənistanın Azərbaycana qarşı təcavüzünə hələ də son qoyulmayıb. Bununla yanaşı, dünya birliyi Ermənistanın təcavüzkarlığının qarşısının alınması üçün heç bir ciddi tədbirlər görmür”. Bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.
Şəmsiyyə Əliqızı, Şəfiqə Dadaşova,
Vüsal Cahanov (foto), “İki sahil”