05 fevral 2024 23:19
543

Sülhə gedən yola döşənən minalar…

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yurdlarında dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Halbuki, Azərbaycan postmünaqişə dövründə Ermənistandan mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edib. Amma  sonradan bir qisim mina xəritələrini Azərbaycana verib ki,  onlarda dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır. Həmin  xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda onların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur. Belə ki, 2020-ci ildən sonra  Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan öz istehsalı olan yeni minalar yerləşdirib ki, onların da sayı  500 mindən çoxdur. Həmin minalar isə can almaqda davam edir.

Fevralın 4-də 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu Tərtər rayonunun Qızıloba kəndi ərazisində, minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə minaya düşüb. Mina partlayışından xəsarət alan bu şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb. Fevralın 5-də yenə də Tərtər rayonunda, Həsənqaya kəndində Göyarx otlaq sahəsi adlanan ərazidə rayonun Umudlu kənd sakini, 1966-cı il təvvəllüdlü Məmmədov Azər Əhməd oğlu mina partlaması nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara  növbəti dəfə mina təhlükəsi ilə bağlı müraciət ediblər. DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırıb.

Ümumilikdə isə Vətən müharibəsi  başa çatdıqdan sonra 340 nəfərdən çox  Azərbaycan vətəndaşı mina terrorunun qurbanı  olub. Onlardan 50-si mülki şəxs olmaqla 65 nəfər həlak olub, digərləri isə  müxtəlif xəsarətlər alıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Ordusunun mühəndis bölmələri işğaldan azad edilmiş ərazilərdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyiblər. Həmin ərazilərdən 10 400 piyada əleyhinə mina, 3300 tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı aşkarlanıb.

Bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda başqa mina xəritələrinin olduğunu bildirib. Halbuki, Azərbaycan bu faktı indiyə qədər ən yüksək tribunalardan dəfələrlə bəyan etməyinə baxmayaraq, Ermənistan israrla onlarda başqa hər hansı xəritə olmadığını bildirirdi. Şübhəsiz, Ararat Mirzoyanın bu açıqlaması  faktiki olaraq rəsmi İrəvanın mina xəritələri ilə bağlı növbəti yalanını ifşa edib. O, həmçinin bildirib ki, əgər etimad mühiti yaranarsa, bey¬nəlxalq ictimaiyyətin də iştirakı ilə Er-mənistan Qarabağdakı mina sahələri¬nin yeni xəritələrini Azərbaycana verə bilər. Bununla da qarşı tərəf sülh sazişi ilə bağlı fəal danışıqlarda güzəştə gedəcək kimi görüntü yaratmağa çalışıb.  Bu da bir daha mina terrorunun təcavüzkar ölkənin anti-Azərbay¬can siyasətinin tərkib hissəsi olduğunu təsdiq edir. Mirzoyan nədənsə hələ də anlamaq istəmir ki, şərtləri qalib tərəf, yəni Azərbaycan diktə edir. Qalib tərəf isə öz şərtlərini təcavüzkara çoxdan göndərib.

Demokratiyadan, insan hüquqlarından dəm vuran, həmişə ikili standartlar sərgiləyən Qərbin aparıcı dövlətləri, həmçinin bəzi beynəlxalq qurumlar nədənsə hələ də hayların mina terroruna göz yummaqda, bu məsələdə Azərbaycanın haqq səsinə səs vermirlər. Yəni, Ermənistana deyən yoxdur ki, bu qədər də riyakarlıq olmaz. Onu da deyən yoxdur ki, Ermənistanın bu  əməlləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqdır. Axı münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrini təhvil verməli,  eləcə də piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürməlidir. Şübhəsiz, xristian təəssübkeşliyi, erməni sevgisi ilə silahlanmış Qərbin bəzi ölkə və qurumları Azərbaycanın  Zəfərini həzm edə bilmədiklərindən belə  addımlar atmırlar.

Bəli, Fransanın, Almaniyanın, Avropa İttifaqının, AŞPA-nın simasında demək olar ki, onlar bu gün yalnız böhtan və qərəzlərlə üstümüzə gəlməyə cəhd edən öz dindaşlarını müdafiə etməkdədirlər. Obrazlı şəkildə desək, onlar da Azərbaycanın uğur yollarına Ermənistanda hazırlanan minalar döşəməkdədirlər. Onlar hələ də anlamırlar ki, xəritələrin Azərbaycana təqdim edilməməsi bəşəri problemdir və əslində bu, yalnız azərbaycanlıların yox, həm də bütün insanlığın hədəfə alınmasıdır.

İşğal faktı, kütləvi ölümlər, etnik təmizləməyə görə məsuliyyətə cəlb edilməyən Ermənistanın bu məsələ ilə bağlı hansısa beynəlxalq qurum tərəfindən məsuliyyətə cəlb ediləcəyi, yaxud dəqiq mina xəritələrinin verməməsinə görə məzəmmət olunacağı da  inandırıcı görünmür. Hazırda real görünən odur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq. Şübhəsiz, dövlətimiz bir sıra uğurlara, eləcə də suverenliyinə təkbaşına nail olduğu  kimi, bu problemin də öhdəsindən gələcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”