31 yanvar 2024 01:58
425

Mina xəritələri təhvil veriləcəkmi?..

Təcavüzkar Ermənistanın Azərbaycan ərazilərini məqsədyönlü şəkildə minalaması postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yurdlarında dinc yaşamasına çətinlik törədən əsas təhdidlərdəndir. Halbuki, postmünaqişə dövründə Ermənistandan mina xəritələrinin təqdim olunmasını dəfələrlə tələb edib. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra Ermənistan ümumiyyətlə, mina xəritələrinin olmasını inkar edib. Amma  sonradan bir qisim mina xəritələrini Azərbaycana verib ki,  onlarda dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır. Həmin  xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd edilsə də, reallıqda onların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur. Belə ki, 2020-ci ildən sonra  Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca Ermənistan öz istehsalı olan yeni minalar yerləşdirib ki, onların da sayı  500 mindən çoxdur. Məhz bütün bunların nəticəsində Vətən müharibəsi  başa çatdıqdan sonra 342 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı  olub. Onlardan 50-si mülki şəxs olmaqla 65 nəfər həlak olub, 277 nəfər müxtəlif xəsarətlər alıb.

Bu günlərdə xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda başqa mina xəritələrinin olduğunu bildirib. Halbuki, Azərbaycan bu faktı indiyə qədər ən yüksək tribunalardan dəfələrlə bəyan etməyinə baxmayaraq, Ermənistan israrla onlarda başqa hər hansı xəritə olmadığını bildirirdi. Şübhəsiz, Ararat Mirzoyanın bu açıqlaması  faktiki olaraq, rəsmi İrəvanın mina xəritələri ilə bağlı növbəti yalanını ifşa edib. O, həmçinin bildirib ki, əgər etimad mühiti yaranarsa, bey­nəlxalq ictimaiyyətin də iştirakı ilə Er­mənistan Qarabağdakı mina sahələri­nin yeni xəritələrini Azərbaycana verə bilər. Bununla da qarşı tərəf sülh sazişi ilə bağlı fəal danışıqlarda güzəştə gedəcək kimi görüntü yaratmağa çalışıb.  Bu da bir daha mina terrorunun təcavüzkar ölkənin anti-Azərbay­can siyasətinin tərkib hissəsi olduğunu təsdiq edir. Mirzoyan nədənsə hələ də anlamaq istəmir ki, şərtləri qalib tərəf, yəni Azərbaycan diktə edir. Qalib tərəf isə öz şərtlərini təcavüzkara çoxdan göndərib.

Demokratiyadan, insan hüquqlarından dəm vuran, həmişə ikili standartlar sərgiləyən Qərbin aparıcı dövlətləri, həmçinin bəzi beynəlxalq qurumlar nədənsə hələ də hayların mina terroruna göz yummaqda, bu məsələdə Azərbaycanın haqq səsinə səs verməməkdədirlər. Yəni, Ermənistana deyən yoxdur ki, bu qədər də riyakarlıq olmaz. Onu da deyən yoxdur ki, Ermənistanın bu  əməlləri beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqdır. Axı münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrini təhvil verməli,  eləcə də piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürməlidir. Şübhəsiz, xristian təəssübkeşliyi, erməni sevgisi ilə silahlanmış Qərbin bəzi ölkə və qurumları Azərbaycanın Şuşa, Xankəndi Zəfərini həzm edə bilmədiklərindən belə  addımlar atmırlar.

Bəli, Fransanın, Almaniyanın, Avropa İttifaqının, AŞPA-nın simasında demək olar ki, onlar bu gün yalnız böhtan və qərəzlərlə üstümüzə gəlməyə cəhd edən öz dindaşlarını müdafiə etməkdədirlər. Obrazlı şəkildə desək, onlar da Azərbaycanın uğur yollarına Ermənistanda hazırlanan minalar döşəməkdədirlər. Elə Avropa İttifaqının ölkəmizə qarşə qərəzli mövqedən çıxış etməsi, beynəlxalq hüquq normalarını ayaqlar altına atması, həmçinin AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və buna cavab olaraq parlamentarilərimizin qurumdakı fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırması buna misaldır. Ermənilərin törətdikləri mina terrorunu görməyənlərin belə addımlar atmaları Qərb təşkilatlarının mahiyyətini bir daha ortaya qoyur. Bütün bu təhdidlərə baxmayaraq, Azərbaycan yenə də minalarla bağlı həyəcan təbili çalmaqda, hayların, eləcə də  beynəlxalq qurumların çirkin əməllərini dünyaya catdırmaqda  davam edir.

Artıq bu məsələni müxtəlif ölkələrdə yaşayan soydaşlarımız da  diqqət mərkəzində saxlayırlar. Məsələn, bu günlərdə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi BMT-nin Cenevrə Bölməsinin qarşısında, eyni zamanda “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi  və Benilüks Azərbaycanlıları Konqresi Ermənistanın Niderlandın Haaqa şəhərindəki səfirliyi önündə təcavüzkar ölkə tərəfindən  ərazilərimizdə basdırılan və bu gün də mülki şəxslərin ölümünə səbəb olan minaların dəqiq xəritələrinin verilməməsinə etirazlarını bildiriblər. Aksiya iştirakçıları mina terroruna son qoyulması istiqamətində qəti tədbirlərin görülməsinin vaxtının çatdığını vurğulayıblar. Bu isə o deməkdir ki, Azərbaycan mina mövzusunu müxtəlif platformalarda sistemli şəkildə səsləndirir və bunu hər zaman müzakirə mövzusuna çevirir. Amma hələ ki,  işğal faktı, kütləvi ölümlər, etnik təmizləməyə görə məsuliyyətə cəlb edilməyən Ermənistanın hansısa beynəlxalq qurum tərəfindən məsuliyyətə cəlb ediləcəyi  inandırıcı görünmür. Onlar hələ də anlamırlar ki, xəritələrin Azərbaycana təqdim edilməməsi bəşəri problemdir və əslində bu, yalnız azərbaycanlıların yox, həm də bütün insanlığın hədəfə alınmasıdır. Bəzi mənbələrə görə, Ermənistan bu həftə ərazində Azərbaycana yeni mina xəritələrini təhvil verəcəyini vəd edib. Kim bilir ki, bəlkə bu da elə vəd olaraq qalacaq.

Görünən odur ki, Ermənistan dəqiq mina xəritələrini verməyəcəyi təqdirdə Azərbaycan bu problemi təkbaşına həll etmək məcburiyyətində qalacaq. Şübhəsiz, dövlətimiz bir sıra uğurlara, eləcə də suverenliyinə təkbaşına nail olduğu  kimi, bu problemin də öhdəsindən gələcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”