27 yanvar 2024 02:16
677

Biz Qərbi Azərbaycana qayıdacağıq

Azərbaycan şanlı Zəfəri ilə tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. 30 il davam edən işğal dövründə ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini bəyan edən Prezident İlham Əliyev bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini, işğalla barışmayacağımızı Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.

Hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev bildirmişdir: “Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün tam haqlı olaraq bu mövzunu beynəlxalq arenaya çıxarmışıq. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, onların hüququdur. Bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Bunu sülh yolu ilə etmək istəyirik. Əminəm ki, buna nail olacağıq. Çünki bu gün ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır”. Heç kimə sirr deyil ki, azərbaycanlıların fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, orada olan azərbaycanlıların tarixi yaddaşını silmək. Tarixi faktlar sübut edir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan isə tarixi Azərbaycan torpaqlarında yaradılıb. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən nəşr edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Bunlar reallıqdır. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub.

Tarixi mənbələr bir daha təsdiqləyir ki, indiki Ermənistan əraziləri qədim türk əraziləridir. Bu ərazilərdəki toponimlərdə heç bir erməni izinə rast gəlmək mümkün deyil­dir. Hətta antropoloqlar arxeoloji araşdır­maları zamanı ermənilərin qalıqlarının iki əsrdən artıq bir zamanı əhatə etmədiyini vurğulayırlar. İrəvan xanlığı işğal edil­dikdən sonra Çar Rusiyası ilə Qacarlar arasında 1828-ci ildə imzalanan Türk­mənçay müqaviləsinin 15-ci maddəsinə əsasən, İran və Osmanlı ərazisindən minlərlə erməni ailələri İrəvan, Qarabağ, Naxçıvan, Borçalı ərazilərində münbit torpaqlarda məskunlaşdılar. Onlar 6 il ər­zində vergi və mükəlləfiyyətlərdən azad oldular. Çar Rusiyasının bu köçürmə siyasətinin məqsədi Osmanlı ilə Azərbay­can arasında bufer zona yaratmaq idi və bu məkrli plan baş tutduqdan sonra onun istiqamətləri daha da genişləndirildi.

İstər Gülüstan, istərsə də Türkmən­çay müqavilələri həm Qərbi, həm də Cənubi azərbaycanlılara qarşı xəyanət aksiyaları idi. Qafqazda azərbaycanlıla­ra qarşı aparılan məqsədyönlü soyqırımı siyasəti bu xalqın tarixində silinməz izlər qoydu. Bu, bir həqiqətdir ki, Qərbi Azər­baycan bizim bütöv Azərbaycanın bir parçasıdır.

Azərbaycan xalqının mədəniyyət be­şiyi olan Qarabağın erməni işğalçıların­dan azad edilməsi, Qərbi azərbaycanlı­ların öz ata-baba yurduna qaytarılması Ulu Öndər Heydər Əliyevin liderlik fəaliy­yətinin əsas istiqamətini təşkil edirdi.  Ata nəsihətini yerinə yetirən Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı, ordumuzun şücaəti hesabına 30 ilə yaxın işğal altında qa­lan torpaqlarımız azad edildi. Artıq Azər­baycan xalqı öz əzəli-əbədi torpaqlarına sahibdir. 44 günlük Vətən müharibəsi Ermənistanın kapitulyasiyası, təxminən 30 il davam edən işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nə­ticələndi. Qarabağın azad edilməsi ilə Azərbay­canın xarici və daxili siyasətində yeni pri­oritetlər meydana çıxdı. Azərbaycan Or­dusu Qarabağı və Şərqi Zəngəzuru azad etməklə, artıq soydaşlarımızın bütün tarixi ata-baba torpaqlarına qayıdışını təmin etmək üçün yol açdı. Bu ədalətli siyasətin gerçəkləşməsində dövlətimiz­lə yanaşı, ictimai təşkilatların da üzərinə böyük öhdəliklər düşür. Qərbi Azərbay­can İcmasının yaranma zərurəti elə bu baxımdan mühüm aktuallıq kəsb edir. Bu gün "ASAN xidmət" xətti ilə Qərbi Azərbaycanda doğulanlara şəxsiyyət vəsiqələri veriləndə, orada onların doğulduğu rayonların, kəndlərin tarixi adları bərpa olunur. Bu proses davam edir. Bu, tarixi ədalətin bərpası və beynəlxalq hüquqa söykənən məsələdir. Hər bir insanın doğulduğu ərazilərdə yaşamaq hüququ var. Biz Qərbi Azərbaycana qayıdacağıq. Bunun alternativi yoxdur. Sadəcə Ermənistan dövlətindən tələbimiz ondan ibarətdir ki, biz qayıtdıqca toponimlərimiz bərpa olunmalıdır. Təbii ki, biz bunu təkcə Ermənistanın ümidinə qoymamışıq. Özümüz də toponimlərimizin bərpası istiqamətində müəyyən addımları atırıq.

Şəmsiyyə Əliqızı,  “İki sahil”