2023-cü il artıq tarixə dönüb. Bu il bir çox əlamətdar hadisələrlə - eko-fəalların fədakarlığı, Laçın nəzarət-buraxılış sərhəd məntəqəsinin yaradılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam bərpası, qeyri-qanuni silahlı dəstələrin tərki-silah edilməsi, külli miqdarda qanunsuz silahların müsadirə olunması, Xankəndidə hərbi parad keçirilməsi və nəhayət, ilin sonlarına yaxın hərbi xidmətlə bağlı yeni qanun layihələrinin müzakirə edilərək qəbul olunması ilə yadda qaldı.
Uğurlarımızla yanaşı, 2023-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə "Heydər Əliyev İli" elan edildi. Ölkə miqyasında, eləcə də dünyanın bir çox yerlərində Ulu Öndərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq təşkil olunan müxtəlif tədbirlər keçirildi.
Ulu Öndər Heydər Əliyev haqqında dəyərli məqalələr yazılıb və yenə də yazılacaqdır. Ümummilli Lider elə bir ömür yaşayıb, elə bir mübarizə yolu keçib, çağdaş tariximizdə elə böyük işlər görüb ki, onun irsi tükənməz bir sərvətdir, xatirəsi unudulmazdır.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı fəaliyyətini daima qürur hissi ilə xatırlayır və şahidi olduğum hadisələrin qürurunu yaşayıram...
Xidmətim boyu mənə Ulu Öndər Heydər Əliyevlə 5 dəfə görüşmək nəsib olub. Dahi şəxsiyyəti yaxından gördüyümə, dinlədiyimə görə daima fəxr etmişəm. İllər ötməsinə baxmayaraq həmin görüşləri taleyimin parlaq səhifələri kimi iftixar hissi ilə xatırlayır, heç vaxt unutmur və tez-tez xatirəmdə canlandırıram.
Heydər Əliyevlə ilk dəfə görüşmək Naxçıvan MR-da, milli ordu sıralarında xidmətə başladığım günlərdə nəsib olmuşdur. Bu gün Dahi Rəhbər haqqında yazmağı vətəndaş vəzifəm, bir azərbaycanlı kimi vicdan borcu bilirəm.
Əgər Heydər Əliyev Sovet ordusu sıralarında azərbaycanlı hərbçi kadrların sayının artırılmasına 1971-ci ildə - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə nail olmuşdusa, müasir Azərbaycan Ordusunun təməlinin qoyulmasına da hələ Naxçıvanda Ali Məclisin sədri olarkən başlamışdır. O dövrdə baş verən prosesləri yaxşı xatırlayıram. Həmin illərdə mən də Naxçıvanda yeni yaranmış milli ordu bölmələrinin sıralarında xidmət edirdim. 1992-ci ildə Naxçıvanda ilk dəfə keçirilən və Heydər Əliyevin qəbul etdiyi hərbi paradda iştirak etmək mənə də nəsib olmuşdur.
Heydər Əliyev Ali Məclisin Sədri olarkən Sovet ordusu bölmələrinin Muxtar Respublikadan çıxarılan bütün silah-sursatlarının, hərbi avadanlıqlarının özü tərəfindən yaradılan Müdafiə Komitəsinə təhvil verməsinə nail olmuşdu. Məhz bu silah və texnika sayəsində müasir Azərbaycan Ordusunun ilk bölmələrinin təməli qoyulmuş, Muxtar Respublikanın müdafiəsi uğurla təmin olunmuş və erməni silahlı birləşmələrinin hücumlarının qarşısı qətiyyətlə alınmışdır.
Bütün bu proseslərə Ulu Öndər şəxsən rəhbərlik edirdi. Eyni zamanda, Naxçıvanda fəaliyyət göstərən ayrı-ayrı özünümüdafiə taborlarının və müxtəlif şəxslərin nəzarətində olan silahlı dəstələrin vahid komandanlığa - Naxçıvan Müdafiə Komitəsinə tabe olunmasına da Heydər Əliyev hələ o vaxt nail olmuşdu. Müdafiə komitəsi nizami hərbi qurum kimi fəaliyyət göstərdi, sonradan Heydər Əliyevin təməlini qoyduğu, yaratdığı və daima inkişaf etdirdiyi Azərbaycan Ordusunun tərkibində fəaliyyətini davam etdirdi.
Dahi Rəhbərin nəzarəti altında Naxçıvanda yaradılan nizami hərbi bölmələr Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə davam edən ordu quruculuğu prosesi sayəsində genişləndi, inkişaf etdi, gücləndi və bu gün Əlahiddə Ümumqoşun Ordu kimi Vətənimizin müdafiəsi naminə qarşıda duran vəzifələri uğurla yerinə yetirməkdə davam edir. Əlahiddə Ümumqoşun Ordu mənsubları Vətən müharibəsində də uğurla iştirak etdi və yüzlərlə hərbi qulluqçu fədakarlığa, şücaətə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən müxtəlif orden və medallarla təltif edildi, fəxri adlara layiq görüldü.
Ölkə miqyasında 2023-cü ilin "Heydər Əliyev İli" kimi qeyd edilməsi və Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər onun xatirəsinə və Azərbaycan xalqı qarşısında xidmətlərinə verilən dəyərin, hörmətin, ehtiramın göstəricisi və təcəssümüdür.
Xalqımızın tarixində dünyamiqyaslı məşhur azərbaycanlı sərkərdələr, elm və dövlət xadimləri çox olub. Lakin yorulmaz, çoxsahəli fəaliyyəti və həyata keçirdiyi nəhəng layihələr sayəsində uğurlar qazanmaqla Azərbaycan tarixində ən dərin izlər buraxmış görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin və ordusunun qurucusu Heydər Əliyevin xidmətləri əvəzsizdir, ölçüyə sığmazdır.
Heydər Əliyev keçmiş Sovetlər birliyində respublikamıza rəhbərlik etdiyi vaxtlarda da bütün istiqamətlərdə mühüm yeniliklər, uğurlar əldə edirdi və Azərbaycanda baş verən bu müsbət dəyişikliklər təkcə respublikamızda deyil, ittifaq miqyasında da daim təqdir edilmişdir.
Bu gün tam əminliklə demək olar ki, Ulu Öndərin respublikamıza rəhbərlik etməyə başladığı ilk günlərdən nail olunan əsaslı dəyişikliklər sayəsində Azərbaycan təkamül dövrünə qədəm qoydu və Sovet İttifaqının ən inkişaf etmiş respublikalarından birinə çevrildi. Azərbaycan xalqının Ümummilli Liderinin Azərbaycan və ittifaq miqyasında fəaliyyəti zamanı qəbul etdiyi qərarlar, atdığı addımlar onun uzaqgörən rəhbər, müdrik dövlət xadimi olduğunu əyani sübut etdi.
Ulu Öndər daima çalışırdı ki, azərbaycanlı gənclər bütün sahələrdə, xüsusilə də hərbi sahədə uğur qazansınlar. O vaxtlar azərbaycanlı gənclər hərbi xidmət keçmək, ali hərbi təhsil alaraq hərbi karyerada yüksəlmək istiqamətində müxtəlif əngəllərə məruz qalırdılar. Hələ çar Rusiyasından qalan bu ənənə Sovet hakimiyyəti dövründə də mövcud idi. Azərbaycanlılar az sayda olsa da, Sovet ordusunda xidmətə qəbul olunurdular, lakin onlar yüksək vəzifələrə təyin edilmir, baş zabit və ali hərbi rütbələrə çox nadir hallarda layiq görülürdülər. Bu səbəbdən də ittifaq miqyasında azərbaycanlı generallar, yüksək vəzifəyə təyin edilən hərbçilər barmaqla sayılacaq qədər az idi. Ulu Öndər respublikamıza rəhbərlik etdiyi dövrdə və İttifaq miqyasında rəhbər vəzifədə olarkən bu stereotipi sındıra bildi, maneələri dəf etməyə nail oldu.
Bu gün çağdaş tariximizə nəzər saldıqda görürük ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyi dövrünün ilk illərində, yəni, 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olması xalqımız üçün taleyüklü bir hadisə oldu. Çünki belə bir addımı atmaq o vaxt yüksək qətiyyət, iradə, eyni zamanda, böyük cəsarət tələb edirdi.
Bütün təqiblərə, hədələrə, əngəllərə baxmayaraq, Heydər Əliyevin yaratdığı Hərbi lisey fəaliyyətə başladı və gələcəkdə müstəqil Azərbaycanda nizami ordu quruculuğuna misilsiz töhfələr verdi. Dahi Liderin yadigarı olan və övladı qədər sevdiyi Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu gün də ordu quruculuğu prosesində xüsusi əhəmiyyətə malikdir.
Dahi şəxsiyyətin böyük çətinliklər hesabına yaratdığı hərbiləşdirilmiş ibtidai məktəbə ilk illərdən başlayaraq qəbul olanların böyük əksəriyyəti Heydər Əliyevin israrlı təkidləri, tələbləri nəticəsində məhz azərbaycanlı yeniyetmələr idi və yerli gənclərə daima üstünlük verilirdi. Həmin illərdən başlayaraq gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın milli ordusunda xidmət edəcək zabitlər hərbi təhsildə ilk addımlarını da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə atdılar.
Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində liseydə təhsil alan azərbaycanlı yeniyetmələrin sayı ilbəil artırdı. Heydər Əliyev bu təhsil ocağında təhsil alanlara diqqət-qayğı göstərər, tez-tez liseyə gələrək burada oxuyan kursantlarla görüşər, onların qayğıları ilə maraqlanardı. Azərbaycanlı yeniyetmələrin hərbi təhsildə qazandıqları nailiyyətlərlə fəxr edər, onların uğurlarından qürurlanardı.
Hələ Sovetlər dönəmində müxtəlif ali vəzifələrdə çalışan Ulu Öndər daima azərbaycanlı gənclərin Sovetlər birliyinin ali hərbi təhsil müəssisələrində oxuyaraq zabit olmalarına da xüsusi həssaslıqla yanaşırdı. Azərbaycan xalqının Ümummilli Liderinin gərgin fəaliyyəti nəticəsində Sovetlər birliyinin bir çox hərbi məktəblərinə göndərilərək ali hərbi təhsil alan zabitlər respublikamız müstəqillik qazandığı ilk gündən Vətənə dönərək Azərbaycan Ordusunun yaradılmasında, inkişafında var qüvvələri ilə çalışdılar. Həmin illərdə hərbi təhsil alan zabitlər Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də sonradan həyata keçirilən hərbi əməliyyatlarda da fəal iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişdilər.
Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə müstəqil respublikamızda da milli zabit kadrlarının hazırlanmasına böyük diqqət ayırırdı. Vaxtilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi yaradılmışdı, bu məktəb indi Heydər Əliyev adına Hərbi İnstitutun bir fakültəsidir. Bu məktəbin məzunları da Vətən müharibəsində rəşadətlə döyüşdülər.
10 mart 2004-cü ildən müasir Azərbaycan Ordusunun banisi və qurucusu, Ümummilli Liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbinin 4 may 2022-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev adına Hərbi İnstitut adlandırılması da dahi rəhbərin xatirəsinə olan hörmət və ehtiramın təzahürüdür.
Azərbaycan xalqı XX əsrin sonuna yaxın müstəqilliyini bərpa etdikdən dərhal sonra Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edildi. Ölkəmizə qarşı ərazi iddiası olan erməni separatçılarının təxribatları Ermənistanla sərhəd boyu ərazilərdə və Qarabağ iqtisadi zonasında tez-tez baş verirdi.
Ermənistan dövlətinin erməni silahlı birləşmələri havadarlarının və regiondan kənar qüvvələrin dəstəyi ilə başladığı işğal prosesinin miqyası genişlənməkdə davam edirdi. Həmin dövrdə baş verən daxili çəkişmələr də dövlətçiliyimizə böyük təhlükə idi. Belə bir mühitdə Azərbaycanı düçar olduğu bəlalardan xilas edəcək liderə ehtiyac olduğu danılmaz fakt idi. Xalqımızın seçdiyi, sevdiyi və dövlətçilik təcrübəsinə bələd olduğu belə bir lider isə müdrik, uzaqgörən, qətiyyətli və iradəli Heydər Əliyev idi.
Xalqın təkidli tələbi ilə Ulu Öndərin Bakıya dəvət edilməsi xalqımızın bütün ümidlərini doğrultdu. Dahi Lider böyük rəğbətlə Ali Sovetin sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Və həmin gün 15 İyun - Azərbaycanın Milli Qurtuluş Günü kimi tarixləşdi.
Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş torpaqlarımızın Vətən müharibəsi zamanı azad edilməsi son 30 ildə ölkəmizdə inamla yürüdülən dövlət siyasətinin və böyük strategiyanın nəticəsidir. Bu qətiyyətli strategiyanın həyata keçirilməsində ordu quruculuğu prosesi daima ən əsas və prioritet məsələlərdən biri olmuşdur. Məhz bu səbəbdən Dahi şəxsiyyətin yenidən hakimiyyətə gəldiyi ilk gündən ən çox diqqət yetirdiyi istiqamətlərdən biri də məhz vahid komandanlığa tabe olan ordunun yaradılması, formalaşdırılması və ölkəmizin hərbi qüdrətinin artırılması oldu.
Fərəhlə deyə bilirik ki, Heydər Əliyev ideyalarına sadiqlik ölkəmizi regionda, eləcə də dünyada söz sahibi olan dövlətə çevirməklə yanaşı, ordumuzu da Zəfər qazanan qüdrətli ordu edə bildi.
Sözün əsl mənasında, ordu quruculuğunun təməlinin qoyulması Ulu Öndərin adı ilə bağlıdırsa, onun dühasından bəhrələnməklə, inamlı islahatlar həyata keçirməklə, məharətli sərkərdəlik bacarığı nümayiş etdirməklə, Azərbaycan Ordusunu Zəfərə aparmaqla, torpaqlarımızın azad edilməsinə nail olmaq da Ali Baş Komandan cənab İlham Əliyevin xalqımız qarşısında ən möhtəşəm xidmətidir.
Milli Qurtuluş Günündən başlayaraq, yəni, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə uğurlu iqtisadi layihələrə start verildi, respublikamızda nizami ordu quruculuğu ilə bağlı böyük islahatlar başladı və gələcək qələbələrimizin təməli qoyuldu.
Dahi Rəhbərin o vaxtlar gördüyü işlər Azərbaycanda vahid komandanlığa tabe olan nizami ordu quruculuğu prosesinin başlanğıcı oldu. Çünki yenidən hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyevin qəbul etdiyi ən uğurlu qərarlardan biri də, məhz Naxçıvanda olduğu kimi, bütün ölkə miqyasında fəaliyyət göstərən ayrı-ayrı özünümüdafiə taborlarının və müxtəlif şəxslərin nəzarətində olan silahlı dəstələrin ləğv edilərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində vahid komandanlıq altında birləşdirilməsidir.
Ulu Öndər Heydər Əliyev tez-tez cəbhə bölgəsinə səfərlər edir, döyüşən hərbi hissələrdə görüşlər keçirirdi. Bu, şəxsi heyətin böyük ruh yüksəkliyinə səbəb olurdu. Qısa müddətdə ordumuzun bölmələri Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbələr endirdi, böyük ərazi işğaldan azad olundu və gələcəkdə daha böyük qələbələrimizə aparan yol başladı.
Başlıca məqsədi qüdrətli Azərbaycan Ordusunun yaradılması olan Ulu Öndər beynəlxalq hərbi əməkdaşlığa da xüsusi diqqət ayırır, NATO-nun əsas aparıcı gücü olan Türkiyə modelinə daha böyük önəm verirdi. Bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən ordumuzda həyata keçirilən islahatların bəzilərinin dünya standartlarına inteqrasiyası və Türkiyə modelinə uyğun ordu quruculuğuna keçid də Dahi Rəhbərin ideyalarına sadiqliyin bəhrəsidir.
Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən, hərbi quruculuq prosesində dünyada mövcud olan ən qabaqcıl təcrübələr öyrənilir və inkişaf etmiş ölkələrin təcrübəsindən də yararlanmaqla ölkəmizdə genişmiqyaslı islahatların həyata keçirilməsi planlı şəkildə davam edir. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində komando hərbi hissələrinin yaradılması da son illər aparılan islahatların tərkib hissəsidir.
İki qardaş ölkənin tarixində mühüm rol oynayan və 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı müttəfiqlik əlaqələrini özündə ehtiva edir və siyasət, diplomatiya, iqtisadiyyat, sosial, informasiya, enerji təhlükəsizliyi və nəqliyyat, eləcə də ordu quruculuğu sahələrini əhatə edir. Bu da Türkiyə ilə əlaqələrimizin inkişafına həssaslıqla yanaşan Heydər Əliyev siyasətinə, Ümummilli Liderin ideyalarına sədaqətin bəhrəsidir.
Ordu quruculuğu prosesində hərbi qulluqçuların sosial müdafiə məsələləri də önəmli faktorlardan biridir. Ömrünü hərbi xidmətə, Vətənin müdafiəsinə həsr edən, o cümlədən müddətli hərbi xidmət keçən gənclərin sosial qayğılarının həll edilməsi, rifah halının yaxşılaşdırılması daima dövlətimizin diqqətində olmuşdur. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dövründə hərbçilərə, onların ailə üzvlərinə də xüsusi diqqət və qayğı göstərilir, xidməti-döyüş fəaliyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılırdı. Hərbi qulluqçuların məvaciblərinin, müharibə veteranlarının müavinətlərinin aylıq müntəzəm olaraq artırılması bu qayğının təzahürü idi. Orduya və ordu mənsublarına, müharibə veteranlarına diqqət və qayğı göstərən Ulu Öndər həmişə onlarla görüşür, qayğılarını dinləyir və qaldırılan məsələlərin həll edilməsi üçün lazımi tapşırıqlar verirdi.
Bu iş də müasir ordu quruculuğu prosesində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən də yüksələn templə həyata keçirilir. Hərbi qulluqçuların maddi rifah halının yaxşılaşdırılması istiqamətində böyük işlər görülür, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mütəmadi olaraq fərman və sərəncamlar imzalanır.
Bu məqamda son günlər şahidi olduğumuz iki faktı bir daha oxucularımıza xatırlatmaq istərdim. Ümumilikdə insan fəaliyyətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu prosesində də zəruri həvəsləndirmə, yüksək sosial-müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dəstəklənməsi, pensiya təminatı tədbirlərinin təkmilləşdirilməsi və genişləndirilməsi həm ordunun döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına, həm də gənclərin hərbi xidmətə marağının artmasına, hərbi təhsilə cəlb edilməsinə müsbət təsir göstərir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən xidmət etdiyi qurumdan asılı olmayaraq bütün hərbi qulluqçuların aylıq vəzifə maaşlarının 1 yanvar 2024-cü il tarixindən 20 faiz artırılması da hərbi qulluqçuların sosial müdafiəsinə mühüm töhfədir, hərbçilərə dövlət qayğısının bariz nümunəsidir.
İkinci bir məqam isə Milli Məclisdə müzakirə edilən yeni qanun layihələridir. Təklif edilən yeniliklər hərbi təhsil müəssisələrindən məzun olan zabit və gizirlərin orduda uzunmüddətli xidmətlərinin təmin edilməsini özündə ehtiva edir. Tətbiq ediləcək yeni qanun layihələrində hərbi qulluqçuların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə əlavə təhsil imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub. Əminəm ki, bu addımlar da öz növbəsində orduda xidmətə marağı daha da artıracaq, kadrların peşəkarlığını yüksəldəcək, sosial mühitin sağlamlaşmasına və mənəvi-psixoloji durumun daha da yüksəlməsinə növbəti təkan verəcəkdir.
Bildiyimiz kimi, bu gün ölkəmizdə yetərincə ixtisaslaşmış, müasir avadanlıqlarla təchiz edilmiş peşə təmayüllü siniflər, kolleclər mövcuddur və bu təhsil ocaqları müxtəlif peşələr üzrə ixtisaslı kadrlar yetişdirmək imkanına malikdir. Belə təhsil ocaqlarının məzunları olmuş gənclərin də hərbi kolleclərdə təhsilə cəlb edilməsi gələcəkdə əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradacaqdır.
Son illərdə əldə etdiyimiz mühüm qələbə və uğurların ən əsas səbəbi, təməli Ümummilli Lider tərəfindən qoyulan proseslərin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla, planlı olaraq davam etdirilməsidir. Ulu Öndərin rəhbərliyi dövründə olduğu kimi, bu gün yenə də ölkəmizdə ordu quruculuğu məsələsi prioritet istiqamət olaraq qalır. Vətən müharibəsi və sonradan keçirilən hərbi əməliyyatlar, o cümlədən cari ilin sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün tam təmin olunması, Şanlı Qələbəmizin qazanılması Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin davam etdirdiyi uğurlu ordu quruculuğu prosesinin ən bariz nümunəsidir.
Aprel döyüşlərində, Günnüt əməliyyatında, Tovuz döyüşlərində düşmənə layiqli cavab verən qüdrətlənən ordumuz böyük döyüş təcrübəsi də qazandı. Mənbəyini Ulu Öndər Heydər Əliyevin qəbul etdiyi ilk qərardan, ilk yenilikdən götürən ordumuz Müzəffər Ali Baş Komandanımızın sonradan bu istiqamətdə qəbul etdiyi yeni qərarlardan, həyata keçirilən islahatlardan sonra qüdrətli bir qüvvəyə çevrildi.
Bu uğurların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu Vətənimizə yönələn istənilən təxribatın qarşısını almağa, suverenliyimizə, ərazi bütövlüyümüzə göz dikən düşməni məğlubiyyətə uğratmağa qadir olan gücdür. Düzgün ordu quruculuğu siyasəti nəticəsində ordumuz dünyanın qabaqcıl orduları sırasındadır və bölgənin ən güclü ordusuna çevrilib. Modernizə olunmuş, yeniliklərə doğru daim irəliləyən qüdrətli Azərbaycan Ordusu sıralarında xidmət etmək hər bir şəxs üçün qürur mənbəyidir. Bu gün ordumuz regionun ən güclü hərbi strukturu, dünya orduları sırasında yüksək yer tutan, vahid mərkəzdən idarə olunan qüdrətli ordudur. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, bu gün ordumuz, üç il əvvəl Vətən müharibəsində Zəfər qazanan ordudan daha da güclüdür.
SÖZARDI: Ulu Öndərin böyük pərəstişkarı, ona böyük sevgi ilə, ehtiramla yanaşan və daima onun haqqında qürur, iftixar hissi ilə danışan dostumdan eşitdiyim bir fikri xatırladım: Dahi Liderin xatirəsinə həsr olunmuş tədbirdə sitat gətirdiyi "Min qəddi əyən ağır mənəvi yük bir çiyinə düşəndə dahilik yaranır". Bu fikir Ulu Öndərin böyüklüyü haqqında səslənmiş ən gözəl ifadələrdən biridir.
Dahi Heydər Əliyevin qüdrəti ondadır ki, xalqın, Vətənin ən dar günündə çiynini xalqın mənəvi yükü altına cəsarətlə qoydu, bu yükü inamla daşıdı, gənc, müstəqil dövlətimizi uçurumdan xilas etdi, 10 milyonluq Azərbaycan Respublikasını xoşbəxt gələcəyə aparmaq yolunda dönmədən çalışdı, Azərbaycan üçün Azərbaycanla yaşadı. Bütün həyatını xalqa xidmət amalına həsr etdi və bundan xoşbəxt olduğunu, qürur duyduğunu daim bəyan etdi.
Zaman dahilər formalaşdırır, yetişdirir. Dahilər əbədiləşən tarix yazır. Dövrünün dünya miqyaslı dahisi olan Heydər Əliyev də Azərbaycan xalqının tarixində əbədi bir tarix yazdı. Nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi daim hörmətlə anılacaq, ideyaları Azərbaycanın dövlətçilik işığı olacaq.
İsa İSMAYILOV,
Ehtiyatda olan polkovnik-leytenant,
hərbi jurnalist