23 yanvar 2024 02:16
777

Doğma yurdumuz öz əzəli sahiblərini gözləyir - Qərbi Azərbaycan

Qayıdış Konsepsiyası bizi addım-addım strateji hədəfə yaxınlaşdırır

Qərbi Azərbaycana qayıdışla bağlı sistemli və ardıcıl tədbirlər həyata keçirilir. 1989-cu ildə "Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş qurumun 2022-ci ilin avqustunda "Qərbi Azərbaycan İcması" adı ilə yenidən formalaşması, təşkilatlanaraq fəaliyyətə başlaması tarixi torpaqlarından qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından yeni imkanlar açdı.

Prezident İlham Əliyev hələ 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə xatırlatmışdı ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran əsas məsələ budur: “Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüquqlarımızı tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur. Biz bunu bilirik”.

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi ilə bağlı 26 yanvar 2023-cü il tarixində qəbul edilən Qayıdış Konsepsiyasında əks olunduğu kimi, Qərbi azərbaycanlılar “Ermənistan Respublikası” adlanan ölkədən zorla qovulduqları üçün onun  konstitusion çərçivəsinin və milli və hüquqi xarakterinin formalaşması prosesində iştirak imkanından məhrum ediliblər. Ermənistan Respublikası azərbaycanlı icmasının bərabər hüquqlarını təmin etməli, onların ana dillərində təhsil almasına, qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dilindən istifadəsinə imkan yaratmalı və azərbaycanlıların hüquqlarının qorunmasını tam təmin etməlidir. Bütün bunların reallaşması üçün müvafiq beynəlxalq qurumların hüquqi məsləhət, monitorinq və nəzarət mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlanmalıdır.

Konsepsiyada əksini tapan digər bir məqam isə qayıdışla bağlı beynəlxalq hüquqi çərçivə və zəmanətdir. Sənəddə indiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi təsbit olunmasına çalışır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində Mülki və siyasi hüquqlar haqqında Paktda BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasında və 1967-ci il Protokolunda və digər sənədlərdə həmin hüquq öz əksini tapıb.

Qərbi azərbaycanlıların tarixi torpaqlarımıza qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması müvafiq beynəlxalq təşkilatlara müraciətlər edir. Təsadüfi deyil ki, Qərbi Azərbaycan İcması BMT Baş katibinə, Avropa İttifaqı Şurasının Prezidentinə, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciətlər edib. Bu müraciətlərin bir neçəsi BMT-nin rəsmi sənədi kimi yayılıb. Bütün bunlar Qərbi Azərbaycana qayıdış istiqamətində sistemli tədbirlər görüldüyünü təsdiq edir.

Ermənistandan zorla köçürülmüş soydaşlarımızın tarixi məskənlərinə qayıtmaq və bərabər yaşamaq hüququnun dünya dövlətləri, xüsusilə də rəsmi İrəvan tərəfindən tanınması qarşıda duran başlıca hədəflərdəndir. Əlbəttə ki, Qərbi Azərbaycana qayıdış dinc məqsədli konsepsiyadır. Bu gün Azərbaycan Qarabağ ermənilərinə öz vətəndaşları kimi yanaşmaq, onların bütün konstitusion hüquqlarını və layiqli həyat səviyyəsini təmin etməyə hazırdır. Rəsmi Bakı Ermənistandan da deportasiya edilmiş soydaşlarımıza münasibətdə analoji yanaşma tələb edir.

Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, xalqımız Qərbi Azərbaycana qayıtmaq niyyətində israrlıdır və bunun üçün dövlətimiz o insanlara hər cür dəstək göstərəcək. Yüz minlərlə insanımızın Qərbi Azərbaycana qayıdışı, həm də, milli qürur və ləyaqətimizin müdafiəsi deməkdir. Ölkə başçımızın qətiyyətli siyasəti və xalqımızın əzmi sayəsində Azərbaycan bu istəyinə də çatacaq.

Nigar Orucova, “İki sahil”