17 yanvar 2024 18:02
621

Azərbaycan Pakistana ikinci LNG yükünü vaxtından əvvəl göndərib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Pakistana ikinci mayeləşdirilmiş təbii qaz (LNG) yükünü vaxtından əvvəl göndərib.

“İki sahil” Pakistan mətbuatına istinadən məlumat verir ki, yükün bu ilin fevralında çatdırılması planlaşdırılırdı.

Qeyd edək ki, 2023-cü ilin iyul ayında “Pakistan LNG Limited” (PLL) və SOCAR arasında 1 il müddətinə çevik şərtlərlə LNG alınmasına dair çərçivə sazişi imzalanıb.

Sazişə əsasən, Azərbaycan hər ay bir partiya LNG yükü təklif edəcək və Pakistan bu partiyanı qəbul edib-etməmək barədə qərar verəcək. Pakistanın yükü qəbul etmədiyi təqdirdə heç bir maliyyə sanksiya tətbiq olunmayacaq.

Sazişə uyğun olaraq, LNG yük həcmi 3,2 milyon MMBtu +/- 5 % təşkil edəcək və ödəniş PLL fakturasının alındığı gündən 30 gün ərzində həyata keçiriləcək.

Pakistan Azərbaycandan ilk LNG yükünü 2023-cü ilin dekabr ayında alıb.