Yanvarın 12-də SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyində (İB) mətbuat nümayəndələri üçün növbəti «Açıq qapı» aksiyası keçirilib. Birliyin şöbə rəislərinin iştirakı ilə keçirilən tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
İB-nin Satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev bildirib ki, 2023-cü ildə ölkəmizdə əhali sektorunda təbii qazla təmin olunan 1 milyon 199 min 375 abonent, yəni ümumilikdə abonentlərin 47,1 faizi 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib.
Onun sözlərinə görə, ötən il ərzində 998 min 946 abonent, yəni ümumi abonentlərin 39,3 faizi 20 qəpik, 346 min 557 abonent isə (abonentlərin 13,6 faizi) 25 qəpik tarifi ilə qaz istifadə ediblər.
Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə qaldırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasında sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Tədbirdə «Azəriqaz» İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev ötən il ölkə üzrə aparılan qaz çəkilişləri barədə məlumat verib. Bildirib ki, Birlik abonent məmnunluğu qazanmaq və vətəndaşların sosial-məişət firavanlığını təmin etmək üçün 2023-cü ildə bir çox əhəmiyyətli layihələr həyata keçirib.
Onun sözlərinə görə, bu layihələr əsasən Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində respublikanın müxtəlif bölgələrinin qazlaşdırılmasını və qaz təchizatının yaxşılaşdırılmasını əhatə edib. Belə ki, ötən ildə «Azəriqaz» İB-nin daxili maliyyə resursları hesabına müxtəlif bölgələrdə 111 yaşayış məntəqəsi və yeni yaşayış massivi də qazlaşdırılıb. Yeni ildə daha onlarla kəndin və yaşayış massivinin qazlaşdırılması planlaşdırılır. Xüsusilə 2024-cü ildə Lerik və Yardımlı rayonlarında qazlaşmanın həcmi genişləndiriləcək.
Eyni zamanda, ötən il xüsusi diqqət meşəətrafı ərazilərdə yerləşən rayonlarımızın yaşayış məntəqələrində qaz təchizatı infrastrukturunun yaradılmasına yetirilmişdir. Yaşayış ərazilərinin qazlaşdırılması layihələri çərçivəsində ölkəmizdə 400 kilometrə yaxın müxtəlif diametrli yeni qaz kəmərləri çəkilmişdir. Qazlaşdırılma tədbirləri nəticəsində ölkə ərazisində əhali sektorunun qazlaşdırılması səviyyəsi 96,4 faizə çatmışdır.
Yanvarın 1-dən qaz sayğaclarında limitlərin yenilənməsi necə reallaşdı?
Tədbirdə vurğulanıb ki, son 1 ildə 60 mindən çox yeni abonent qeydiyyata alınmış və təbii qazdan istifadə edən abonentlərin ümumi sayı 2 milyon 500 mini ötmüşdür. Təbii qazdan istifadə edən bütün abonentlər qaz sayğacları ilə təmin olunmuşdur. Yeni abonentlərdə yeni nəsil «smart» qaz sayğaclarının quraşdırılmasına da start verilmişdir. Bu sayğacların gələcəkdə İOT texnologiyasına qoşulması ilə avtomatlaşdırılmış müasir nəzarət və uçot sisteminin yaradılması mümkün olacaqdır ki, bunun nəticəsində qaz uçotu məsələlərində abonentlərin rahatlığı və məmnuniyyəti tam şəkildə təmin ediləcək. Eyni zamanda, müasir qaz tənzimləyici şkafların quraşdırılması işləri də davam etdirilmişdir.
İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması və texniki qaz itkilərinin azaldılması məqsədilə ümumən 270 kilometrə yaxın müxtəlif diametrli qaz kəmərləri əsaslı təmir olunmuşdur. Bu tədbirlər nəticəsində qaz itkiləri əhəmiyyətli dərəcədə azalmış, fasiləsiz və dayanıqlı qaz təchizatı təmin olunmuş, qaz təchizatında dayanma hallarının sayı kəskin azalmışdır.
Tədbirdə jurnalistlərin yanvarın 1-dən qaz sayğaclarında limitlərin yenilənməsinə dair sualları da ətraflı cavablandırılıb. Eldəniz Vəliyev bu barədə danışaraq bildirib ki, yanvarın 1-dən sonra bəzi abonentlərin şikayətləri güya onların sayğaclarına əvvəlki aylara nisbətən artıq abunə haqqının yüklənməsi ilə bağlıdır: «Lakin bu, heç də belə deyildir və abonent qəbzlərində ancaq sərf olunan mavi qazın ödəniş haqları hesablanaraq qeyd edilib. «Azəriqaz» İB abonentlərin bu və digər şikayətlərini hər zaman obyektiv araşdırmağa hazırdır».
Elçin Zaman, "İki sahil"