“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tədbirlər planı hazırlanacaq.
“İki sahil” xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında bildirilib.
İclasda Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında müzakirələr aparılıb.
Sözügedən Sərəncamı diqqətə çatdıran AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır və o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir.
AMEA rəhbəri Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi və həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi məsələlərin qeyd olunduğunu bildirib.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli bu gün alimlərimizin həmin bölgələrdə müxtəlif tədqiqatlar apardıqlarını, dövlətimizin quruculuq işlərinə öz töhfələrini verdiklərini diqqətə çatdırıb. Həmçinin, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı yekdil qərarın verilməsinin Azərbaycanın beynəlxalq arenada malik olduğu hörmət və nüfuzunun göstəricisi olduğunu söyləyib.
İclasda AMEA-nın elmi bölmələrinə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.