ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etməsi bu ölkənin siyasi rəhbərliyinin Azərbaycana qarşı növbəti qərəzli münasibətinin, erməni diasporu və lobbisinin təsiri altında olmasının əyani sübutudur.
“İki sahil” xəbər verir ki, bunu "Report"a açıqlamasında Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, din azadlığı ilə bağlı isə ölkəmizi ittiham etməyə heç kəsin haqqı yoxdur. Azərbaycanın dini baxımdan nə qədər tolerant bir ölkə olduğu, Azərbaycanda multikultural dəyərlərə nə qədər hörmət edildiyi, yer verildiyi hər kəsə məlumdur.
"Qərbi Azərbaycan İcması 35 il əvvəl indiki Ermənistan ərazisindən qovulmuş qaçqınların öz doğma ocaqlarına qayıtması hüququnu tanımayan bütün dövlətlərin və bütün təşkilatların Azərbaycanla və Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı hər hansı hesabatını, fikir, rəy və ya məsləhətini siyasi riyakarlıq hesab edir və bunları qətiyyətlə rədd eləyirik. O cümlədən də A.Blinkenin Azərbaycanda din azadlığı ilə bağlı son sayıqlamasını",-o əlavə edib.
İcma sədri vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq onlar keçən il A.Blinkenə rəsmi müraciət ediblər:
"Blinken mənasız hesabatlarla məşğul olmaq əvəzinə, İcmamızın məktubuna cavab versə, daha yaxşı olardı. Elə bilirsiniz A.Blinken və onun kimilər həm 30 illik işğaldan azad edilmiş ərazilərimizdə, həm də indiki Ermənistan ərazisində Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasından, təhqir etməsindən xəbərsizdir, xeyr, yaxşı xəbərdardırlar, amma bilərəkdən göz yumurlar, riyakarlıq edirlər və bu, bizdə ikrah hissi doğurur. Təkcə Qərbi Azərbaycandan soydaşlarımızın sonuncu deportasiyası zamanı həmin ərazilərdə 500-dən artıq qəbiristanlığımız ermənilər tərəfindən məhv edilib, təhqir olunub, cənab A.Blinken bunun cavabını verə biləcəkmi, yaxud Ermənistanın bu vəhşilik əməlini hansısa hesabata daxil etməyə hazırlaşırmı və ya buna insafı, yaxud vicdanı çatacaqmı?"
Ə.Ələkbərli onu da söyləyib ki, tarixi ədalət heç vaxt, Hüseyn Cavid demiş, “tülkü siyasilərin” qurbanı olmur:
"Ermənistanın indiki siyasi rəhbərliyi də, erməni millətçiləri də, onların dünyadakı bəzi havadarları da, elə cənab A.Blinken də bilsin ki, vaxt gələcək 35 il evindən-yurdundan didərgin salınıb, qaçqın həyatı yaşayan günahsız insanlar tərəfindən bütün bu sualların cavabları soruşulacaq. Tarixi ədalət heç vaxt, Hüseyn Cavid demiş, "tülkü siyasilərin" qurbanı olmur, gec-tez zəfər çalır və yenə zəfər çalacaq".