Tallinn Şəhər Filarmoniyasında Azərbaycanın Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
"İki sahil" Estoniya mətbuatına istinadən xəbər verir ki, tədbirdə Türkiyə, Moldova, Macarıstan, Şimali Makedoniya və Braziliyanın bu ölkədəki səfirləri, digər diplomatik nümayəndəliklərin təmsilçiləri, Azərbaycan icmasının üzvləri, eston ictimaiyyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra çıxış edən Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, azərbaycanlılar hər il dekabrın 12-də Ümummilli Liderin əziz xatirəsini anırlar. O qeyd edib ki, bu il anım tədbirlərinin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində keçirilməsi əlamətdar hadisədir.
“Heydər Əliyev bütün həyatını xalqının firavanlığına və rifahına həsr etmiş dahi rəhbər kimi, ölkə tarixində müasir Azərbaycanın qurucusu və memarı kimi qalıb. Görkəmli siyasətçi və ictimai xadim ölkənin ən çətin dövründə bir daha Azərbaycana rəhbərliyə gələndə də öz liderlik keyfiyyətlərini nümayiş etdirdi. Yalnız onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə siyasi, iqtisadi və maliyyə sabitliyi bərqərar oldu, genişmiqyaslı iqtisadi islahatlar aparıldı, makroiqtisadi vəziyyət sabitləşdi, birbaşa xarici investisiyaların həcmi artdı.
Heydər Əliyev neft-qaz sənayesinin dirçəldilməsi ilə bağlı tədbirləri də həyata keçirməyə başladı. Yeni neft strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında həlledici rol oynadı. Bu strategiyanın tərkib hissəsi kimi 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın gələcək uğurlu inkişafı üçün yeni üfüqlər açdı. Bundan əlavə, Bakı-Supsa kəmərinin istismarı və Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikintisi Azərbaycan neftinin beynəlxalq bazarlara çıxarılması üçün həyati imkanlar yaratdı.
Bundan başqa, Azərbaycan qazının Qərb bazarlarına çıxarılmasını təmin etmək məqsədilə Azərbaycan təbii qazının Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqlinə dair sazişin imzalanması da Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin, onun əsas komponentləri olan TANAP və TAP-ın uğurla reallaşdırılması ölkəmizi bütün dünyanın enerji təchizatında əsas oyunçulardan birinə çevirib”, - deyə səfir bildirib.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Gənc azərbaycanlı pianoçu Nəriman Əmiraslan və skripkaçı Dmitri Çerepov Azərbaycan və xarici bəstəkarların lirik əsərlərini ifa ediblər.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə də tanış olublar.