“Artıq dördüncü ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını Zəfər ruhunda qeyd edirik. 30 il arzularımızın əsasında işğal altında olan torpaqlarımızın azad edilməsi, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları dayanırdı. Amma tarixi Zəfərimizin yaratdığı reallıqlar qalib Azərbaycanla bağlı daha fərqli arzulara əsas verir. 2022-ci ildə Böyük Qayıdışın ilk addımı atılmışdı. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq müasir tələblər əsasında bərpa olunan, “ağıllı kənd” layihəsinin ilk qonağı Zəngilanın Ağalı kəndi sakinlərinə qovuşdu, yeni həyat başladı. Ötən il Şərqi Zəngəzurun hava qapısı dünyaya açıldı. Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi. 2021-ci ildə isə Qarabağın hava qapısı- Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilmişdir. Atılan hər bir addım Böyük Qayıdış Proqramının tam şəkildə başa çatacağı günün uzaqda olmadığını təsdiqləyir. 2023-cü ilə də məhz bu arzu ilə qədəm qoyduq ki, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın qayıdış ünvanlarının sayı artacaq. Artıq bu il Laçın və Füzuli şəhərləri, Zabux kəndi mərhələ-mərhələ sakinlərini qarşıladı. Tarixi sahibinə qovuşmuş bütün torpaqlarımızda soydaşlarımızın gələcəkdə yüksək səviyyədə yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. Qeyd edək ki, ADA Universitetinin təşkilatçılığı ilə ənənəvi olaraq təşkil edilən beynəlxalq tədbirlər sırasında dekabrın 6-da keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forum işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin təqdimatı oldu. Strateji planlaşdırma, nəhəng icra və əlaqələndirmə prosesi, minatəmizləmə, infrastrukturun bərpası və artıq insanların geri qaytarılması, bütün bunların fonunda dünyanın heç bir yerində darmadağın edilmiş geniş bir ərazinin yenidən qurulduğu ikinci məkanın olmadını bildirən tədbir iştirakçıları buna görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə etdilər. Ölkə Prezidenti Forumdakı çıxışında bildirmişdir ki, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaq. O şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir. Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır.”
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisi deputatı Nurlan Həsənov bildirib.
Nurlan Həsənov bu məqamı da xüsusi qeyd edib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xalqımızda böyük qürur hissi yaratdı: “Azərbaycana davamlı uğurlar qazandıran Heydər Əliyev yolu bundan sonra da tariximizin qələbə səhifələrini zənginləşdirəcək uğurlara yol açacaq. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması “Heydər Əliyev İli”nə ən böyük töhfə oldu. Tariximizin növbəti qürur səhifəsi yazıldı. Belə ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, erməni silahlı birləşmələrinin ərazilərimizdən çıxarılmaması Azərbaycan Silahlı Qüvvələrinin bir günlük lokal antiterror tədbirlərini həyata keçirməsini şərtləndirdi. Bu tədbirlər nəticəsində suverenliyimiz tam təmin olundu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Noyabrın 8-də Xankəndi şəhərində hərbi parad keçirildi. Bu ilin uğurları sırasında dekabrın 21-də Xankəndi stadionunda keçirilən Zəfər matçını qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyevin oyundan əvvəl stadiondakı çıxıında qeyd etdiyi kimi, oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! O da qeyd edilmişdir ki, üç ay bundan əvvəl Xankəndi işğaldan azad edildi. Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı dalğalanır. Azərbaycan xalqı, dünya azərbaycanlıları bu Zəfər ilə bundan sonra əbədi fəxr edəcəklər. Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Xankəndi stadionu demək olar ki, cəmi iki ay ərzində yenidən inşa edilmişdir. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atıldı.”
Millət vəkili hər bir uğurumuzda birliyimizin, həmrəyliyimizin rolunu önə çəkərək bu mühüm məqamı da xüsusi qeyd edib ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Prezident İlham Əliyevin ətrafında sıx birləşərək tarixi Zəfərimizin reallıqları fonunda qarşılarında dayanan vəzifələri uğurla yerinə yetirirlər: “O da məlumdur ki, ötən il Qarabağın tacı Şuşa Dünya Azərbaycanlılarının Zəfər Qurultayına şahidlik etdi. Bu məkandan bir daha dünyaya birliyimizi, həmrəyliyimizi çatdırdıq. Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü qorumasında dünya azərbaycanlıları da fəallıqları ilə diqqətdədirlər.”
Nurlan Həsənov bildirib ki, 2023-cü ilin uğurları 2024-cü ilə daha böyük inamla qədəm qoymağımıza əsas verir: “Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qarşıya qoyulan bütün hədəflər zamanında və yüksək səviyyədə yerinə yetirilir. Hər dövrün öz çağırışları, hədəfləri vardır. Bugünümüzün əsas hədəflərindən biri də iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsidir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi də bu məqsədə xidmət edir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.”