Dekabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub.
“İki sahil” xəbər verir ki, kitab Ümummilli Lider Heydər Əliyevin müstəqillik tariximizin ağır və məsuliyyətli bir dövrünü - 1993-2003-cü illəri əhatə edən siyasi fəaliyyət salnaməsidir.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli başa çatmaqda olan “Heydər Əliyev İli” çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. O, gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb.
“Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olunması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, eləcə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub”, - deyə akademik İsa Həbibbəyli bildirib.
AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran İsa Həbibbəyli Elmlər Akademiyasında Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. O, sözügedən nəşrlərin hər birinin Ulu Öndərin fəaliyyətinin önəmli məqamlarını əhatə edən akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqləndiyini bildirib. Alim il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 46 kitab və monoqrafiyanın nəşr olunduğunu qeyd edib.
O, həmçinin Akademiyada görkəmli dövlət xadiminə həsr olunmuş 60-dan çox yerli və beynəlxalq konfransın təşkil edildiyini, eləcə də dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasının keçirildiyini xatırladıb.
Kitabın ideya müəllifi və tərtibçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli nəşrin ərsəyə gəlməsindən və hazırlanmasından söz açıb, Ulu Öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən bəhs edib. Bildirib ki, kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi “Prezident. Xronika. 1993-1997” 1998-ci ildə Ulu Öndərin xeyir-duasi ilə işıq üzü görüb: “Onun təqdimatı 1998-ci ildə Ulu Öndərin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında oldu. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə etdi və onu həyatının bir hissəsi barədə kitab adlandırdı”.
A.Bəşirli “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabını 11 il əvvəl tamamlasa da, onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Bildirib ki, kitaba “Ön söz”ü isə məhz 2023-cü il sentyabrın 20-də, dünyanın gözünün Azərbaycana dikildiyi gün, düşmənin ağ bayraq qaldırdığı tarixi gündə qələmə alıb. Müxbirlik fəaliyyətindən, Ulu Öndərlə bağlı səfərlərindən və görüşlərindən bəhs edən A.Bəşirli kitabın yaranması ilə bağlı dahi liderlə olan səmimi söhbətini xatırlayıb, xronikanın AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunduğunu qeyd edib.
Nəşrin ərsəyə gəlməsində əməyi, zəhməti olanlara minnətdarlığını bildirən Aynur Bəşirli diqqətə çatdırıb ki, kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru dosent Şəhla Tahirqızıdır. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi və “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Tarixçiləri İctimai Birliyinin “Xronika.1993-2003” kitab-albomunun nəşri” layihəsi çərçivəsində hazırlanaraq “GL Technical Services” MMC-nin maliyyə yardımı ilə çap olunub.
Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüb, onu “Heydər Əliyev İli”nə böyük töhfə adlandırıblar. Qeyd edilib ki, Azərbaycan dövlətinin çətin və mübarizə dolu illərindən, dahi şəxsiyyət Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövrdən, Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən kitab gələcək nəsillər, tədqiqatçılar üçün qiymətli salnamədir.
Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, jurnalistlərlə görüşlərindən, xarici ölkələrə səfərlərindən söz açıb, Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.