Əzimov Böyükağa Əliqulu oğlu - 100
Azərbaycan neft sənayesinin və neft elminin inkişafında böyük xidmətləri olmuş, ictimai və siyasi fəaliyyəti ilə seçilən, kibernetika və hesablama texnikası sahəsində tanınmış alim, texnika üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Əzimov Böyükağa Əliqulu oğlunun anadan olmasının 100 ili tamam olur.
Əzimov Böyükağa Əliqulu oğlu 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. 1944-cü ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) və 1947-ci ildə Azərbaycan Qiyabi Pedaqoji İnstitutunu bitirmişdir.
1950-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1963-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1964-cü ildə professor elmi adını almış, 1967-ci ildə AEA-nın müxbir üzvü seçilmişdir.
B.Əzimov Azərbaycan Neft Sənayesi Elmi Tədqiqat Layihə İnstitutunda (AzNSETLİ) mühəndis, aspirant, baş mühəndis, sektor müdiri işləmiş və 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957-1960), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961-1966), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966-1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuş və FRTEB akademik-katibinin müavini vəzifələrində çalışmışdır. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
B.Əzimovun tədqiqatları əsasən idarəetmənin avtomatlaşdırılmasına həsr olunmuşdur. O, respublikada neft kibernetikası sahəsində elmi istiqamətin əsasını qoymuşdur. İlk dəfə olaraq ştanqlı nasosların işinin etibarlılığının tədqiqinin avtomatlaşdırılması ilə əlaqədar kompleks məsələləri həll etmiş, ştanqlı nasosların idarəedilməsinin optimallaşdırılması sistemini yaratmış və AİS-neftçıxarma sisteminə daxil etmişdir. Rəhbərliyi altında və iştirakı ilə istismar quyularının işinin müxtəlif rejimlərində neft-su təmasının hərəkətinin idarəedilməsinin optimallaşdırılması məsələlərinin həllinə xətti, qeyri-xətti, parametrik proqramlaşdırmanın tətbiqi, qeyri-müəyyənlik şəraitində qazkondensat yataqlarının işlənilməsi prosesinin optimallaşdırılmasına imkan verən variasiya məsələləri həll edilmişdir. Neftçıxarmanın intensivləşdirilməsi üçün neft layına istilikdaşıyıcıların fasiləsiz vurulması, quyudibi zonalarının qızdırılması və s. texnoloji üsulların tətbiqi zamanı əsas texnoloji göstəricilərin təyin edilməsinin riyazi modeli qurulmuş, həll alqoritmi və proqram təminatı tərtib edilmişdir. AİS-də coxsahəli tədqiqatları, о cümlədən avtomatlaşdırılmış informasiya sistemlərində riyazi və informasiya təminatı, optimallaşdırma, sistemli proqramlaşdırma və s. nəticəsində, neft sənayesində idarəetmənin avtomatlaşdırılmasının nəzəriyyə və praktikası üçün mühüm əhəmiyyətli məsələləri həll etmişdir.
B.Əzimov 300-dən artıq elmi məqalənin, 27 monoqrafiyanın müəllifidir.
Onun bu xidmətləri yüksək qiymətləndirilərək “Şərəf nişanı”, “Xalqlar dostluğu” ordeni, “Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuş, Azərbaycan Respublikası Ali Sovetinin və “Azneft” İstehsalat Birliyinin Fəxri ərmanları ilə təltif olunmuş, “Fəxri Neftçi”, “SSRİ neftçıxarma sənayesi əlaçısı” adlarına layiq görülmüşdür.
AMEA-nın müxbir üzvü Böyükağa Əzimov 1986-cı ildə Bakı şəhərində vəfat etmişdir. Onun əziz xatirəsi tanıyanların qəlbində daim yaşayacaqdır.
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” institutunun kollektivi adından
Fəxrəddin İsmayılov,
Direktor