19 dekabr 2023 16:10
597

ADRA Ümummilli Liderin 100 illik yubileyinə həsr olunan tədbir keçirib

Dövlət Reklam Agentliyi (ADRA) müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Fəxri xiyabanda Ulu Öndərin xatirəsinə ehtiram bildirilib, məzarı önünə gül dəstələri qoyulub. Daha sonra Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra ADRA-nın İdarə Heyətinin sədri Aydın İbadovun bütün dünya azərbaycanlılarının və türk xalqlarının müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsrdə ölkə tarixinin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ilini böyük həyəcan və sevinclə qeyd etdiyini vurğulayıb.

O, hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü, ardıcıl və müdrik siyasəti nəticəsində torpaqların işğaldan azad edilməsi ilə ölkə və bütövlükdə regionun yeni strateji inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib.

A.İbadov bildirib ki, işğaldan azad edilmiş bütün ərazilərdə Azərbaycanın Konstitusiya quruluşu və suverenliyi tam bərpa olunub: "Əminliklə demək olar ki, bu gün Azərbaycan xalqı öz tarixinin ən şanlı və qürurverici dövrünü yaşayır".

Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə, eləcə də Türkiyənin yaranmasının 100 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Tədbirdə Türkiyənin Açıq Məkanda Reklam Sənayeçiləri İctimai Birliyinin sədri Şahin Acar, ADRA Aparatının rəhbəri Nahid Qasımov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov çıxış ediblər.

Qeyd olunub ki, ADRA “Heydər Əliyev ili” çərçivəsində ölkə ərazisində müvafiq poster və bannerlərin yerləşdirilməsini, rəqəmli bilbordlarda və monitorlarda Ümummilli Liderin həyatının ayrı-ayrı hissələrindən olan görüntü və fotoların yayımını həyata keçirib. Agentliyin Ərazi Reklam İdarələrində müxtəlif seminar, konfrans, abadlıq işləri və ağacəkmə aksiyaları reallaşıb. Fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlara uyğun olaraq davam etdirən ADRA 2023-cü ildə rüsum və yayım haqlarının yığımında yüksək nəticə əldə edib. Yaxın gələcəkdə açıq məkanda mövcud reklam qurğularının Reklam Məlumat Mərkəzi, Reklama İntellektual Nəzarət Sistemi yaradılacaq, Agentliyin fəaliyyətində ilk dəfə süni zəka tətbiq olunacaq.

Konfransda Ulu Öndərin həyat və fəaliyyətinə, eləcə də Türkiyənin yaranmasının 100 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Sonra “Heydər Əliyev İli” ilə əlaqədar açıq məkanda reklam sahəsində səmərəli fəaliyyətinə görə bəzi reklam operatorlarına təşəkkürnamələr təqdim olunub.

Tədbir Türkiyənin Açıq Məkanda Reklam Sənayeçiləri İctimai Birliyi (ARED) üzvlərinin reklam sahəsinə dair çıxışları ilə davam etdirilib.