Bu gün dünyanın müxtəlif ölkələrində öz torpaqlarından didərgin düşmüş milyonlarla insan yaşayır. Çox təəssüf ki, onların sırasında azərbaycanlılar da var. Erməni separatçılarının terror və zorakılığı, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı da qaçqın düşüb. Erməni millətçilərinin xarici havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməsi nəticəsində isə bir milyondan çox insan öz doğma torpaqlarından çıxrılıb.
“İki sahil” xəbər verir ki, bu fikirləri Tbilisidə keçirilən “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə - Gürcüstan Forumu”ndakı çıxışı zamanı “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili söyləyib.
O deyib ki, Azərbaycan Prezident İlham Əliyevin gərgin əməyi, uzaqgörən və məqsədyönlü siyasəti və qətiyyəti nəticəsində torpaqlarımız 30 illik erməni işğalından azad edilib. Artıq insanlar öz dədə-baba yurdlarına qayıdırlar.
T.Allahverdili deyib: “Biz əminik ki, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımız da doğma yurdlarına qayıdacaqlar. Bizim İrəvanda ikinci dövlət yaratmaq fikrimiz yoxdur. Biz sülh yolu ilə həmin torpaqlarımıza qayıdacağıq”.