29 dekabr 2023 20:11
4069

HEYDƏR ƏLİYEV: TARİXİN GEDİŞİNİ DƏYİŞƏN BÖYÜK ŞƏXSİYYƏT

HEYDƏR ƏLİYEV-100

Dahi şəxsiyyət Heydər Əliyev bütövlükdə Azərbaycan xalqının yenidən dirçəlmək və öz dövlətçiliyini qurmaq, ona sahiblik etmək keyfiyyətlərini, xalqımızın müxtəlif stereotiplər əsasında silinmə təhlükəsilə üz-üzə qalmış milli-mənəvi dəyərlərimizi yenidən özümüzə qaytardı. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın yüksək inkişafı, xalqın sosial tərəqqisi üçün çalışıb, əvəzolunmaz xidmətlər göstərib. Onun hakimiyyətinin hələ birinci mərhələsində - 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə respublikamızın güclü iqtisadiyyatının təməli qoyulub, bugünkü müstəqil Azərbaycanın yüksək iqtisadi inkişafına baza yaradan əsas özüllər formalaşdırlıb. Məhz, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan aqrar respublikasından sənaye ölkəsinə çevrilib. Respublikada aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində Azərbaycanda bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər, sənaye müəssisələri tikilib, yollar salınıb. Azərbaycan xalqının Ümummilli liderinin gərgin və qətiyyətli əməyi nəticəsində respublikamızın ötən əsrin 70-ci illərində hərtərəfli inkişafı üçün kompleks islahatlar həyata keçirildi. 1960-cı illərdə keçmiş ittifaq respublikaları içərisində inkişaf göstəricilərinə görə ən aşağı yerlərdən birini tutan Azərbaycan qısa müddət ərzində müqayisə olunmaz dərəcədə dəyişməyə başladı. İqtisadi, sosial, humanitar, səhiyyə, elm, təhsil və digər sahələrdə inkişaf, tərəqqi müşahidə olundu. Ölkə iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələri inkişaf edərək Azərbaycamn keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutmasına səbəb oldu. O, iqtisadi, sosial sahədə böyük nailiyyətlərin əldə edilməsinə paralel olaraq, ictimai, siyasi və ideoloji əsasların da yaradılmasına nail oldu. Ümummili liderimizin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etdi, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Dahi şəxsiyyət Heydər Əliyevin dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, buradakı mənəvi, bədii, habelə estetik intibah iqtisadi, sosial və digər sektorlardakı böyük nailiyyətlər kütləvi ruh yüksəkliyilə birləşərək vahid axarda gerçəkləşib.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlar bir-birinin ardınca ölkəmizi işıqlı gələcəyə aparırdı. Onlardan biri də azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasının qoyulması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqı dəyərlərinin təbliği də həyata keçirilirdi. Ulu öndər Heydər Əliyevin xalqımızın formalaşmasında xüsusi rol oynayan amillərdən biri olan Azərbaycan dilinə qayğısı xüsusi olaraq diqqət mərkəzində olub. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı.

Ümummilli liderin Azərbaycanın inkişafı üçün əvəzolunmaz xidmətləri Onun hakimiyyətinin ikinci dövründə, 1993-2003-cü illərdə daha böyük olub. Ən əsası odur ki, Ulu öndər müstəqil Azərbaycan dövlətinin memarıdır. Çox təəssüf ki, 1993-cü ilə kimi hakimiyyətdə olan qüvvələr yenicə müstəqillik qazanmış ölkəmizin varlığını təhlükə altına atmışdı. Həmin dövrdə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda demokratik dövlət quruculuğunun təmin edilməsi və liberal bazar iqtisadiyyatının formalaşdırılması obyektiv zərurətə çevrilsə də, siyasi rəhbərliyin səriştəsizliyi nəticəsində islahatların həyata keçirilməsi mümkün olmayıb. Keçmiş iqtidarın səriştəsiz fəaliyyəti Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınmasına və ölkəmizin sosial-iqtisadi həyatında xaosun yaranmasına səbəb olmuşdu. Xarici və daxili qüvvələrin Azərbaycanı parçalamaq və dövlət kimi dünya xəritəsindən silmək planları demək olar ki, həyata keçmək üzrə idi. Bir sözlə, respublikamız məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir ağır vəziyyətdə doğma Azərbaycanı məhv olmaqdan xilas etmək, ayağa qaldırmaq, müstəqil dövlət kimi suverenliyini möhkəmləndirmək yalnız Ulu öndər Heydər Əliyev kimi nəhəng siyasi xadimin hakimiyyətə gəlməsi sayəsində mümkün ola bilərdi. Xalqın yeganə ümid yeri dünya siyasətinin dahisi olan Heydər Əliyev idi. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı və Azərbaycanın başının üstünü almış təhlükə sovuşdu. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün qətiyyətli addımlar atıldı.

1992-ci ildə Azərbaycan ziyalılarının təşəbbüsü ilə yaradılmış Yeni Azərbaycan Partiyası çox qısa bir müddətdə cəmiyyətdəki çatışmazlıqları aradan qaldırdı. Əlbəttə ki, bu partiyanın Sədrliyində Ümummilli lider Heydər Əliyevin durması bir növ cəmiyyətimizin siyasi cəhətdən aktiv hissəsini dövlətçiliyin müdafiəsi və inkişafı üçün inamla fəaliyyət göstərməyə həvəsləndirirdi. Yaranmasından ötmüş çox qısa bir müddət ərzində Yeni Azərbaycan Partiyasına kütləvi axın oldu. Bunun nəticəsi idi ki, Azərbaycanın bütün bölgələrində YAP-ın rayon təşkilatları yaradılırdı. Partiyanın yaranmasından 6 ay sonra hakimiyyətə gəlməsi isə bir daha sübut etdi ki, müasir Azərbaycanı uğurlu zirvələrə daşıya biləcək siyasi təşkilat məhz, Yeni Azərbaycan Partiyasıdır.

Artıq 31 ildir ki, Azərbaycanın siyasi səhnəsində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bu partiyaya olan inam isə günü-gündən üzvlərinin sayının artmasında göstərir. Hazırda Yeni Azərbaycan Partiyasının 720 mindən çox üzvü vardır. Bu isə YAP-ın Azərbaycanın siyasi palitrasının avanqard qüvvəsi, bütün siyasi kompaniyaların şəksiz qalibi olmasına dəlalət edir.

Məhz, bugünkü nailiyyətlərə gətirib çıxaran siyasətin banisi Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin ilk illərindən başlayaraq, insanlardakı qurub-yaratmaq enerjisini, milli ruhu düzgün istiqamətləndirməklə, Azərbaycanı yenidən inkişaf yoluna çıxardı. Bu yolda isə əsas aparıcı siyasi qüvvə YAP oldu...

Ulu öndər Heydər Əliyevin gərgin və əvəzolunmaz fəaliyyəti nəticəsində ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı. Ulu öndər sosial-iqtisadi islahatları paralel şəkildə və insanların sosial rifahının yüksəldilməsinə xidmət etməsini əsas prinsip hesab edərək mükəmməl islahatlar həyata keçirməyə nail oldu. Heydər Əliyev yenicə müstəqillik qazanmış ölkənin bazar iqtisadiyyatı prinsipləri əsasında yüksək inkişafına nail olmaq üçün həmin dövrün bütün sosial-iqtisadi-ictimai və siyasi amillərini nəzərə alaraq mühüm addımlar atdı. Makroiqtisadi stabilliyin qorunub saxlanılması, iqtisadi idarəetmə sistemində institusional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meylli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması və digər amillər həmin dövr üçün iqtisadi siyasətin başlıca hədəflərini təşkil edirdi. Respublikamızda ötən müddətdə idarəetmə sisteminin yeniləşməsi, struktur islahatlarının aparılması, iqtisadiyyatda funksional iqtisadi mexanizmlərin tətbiq olunması, dövlət qurumlarında islahatların həyata keçirilməsi, bazar iqtisadiyyatı ilə bağlı hüquqi-normativ bazanın yaradılması sahəsində ciddi uğurlara imza atıldı. Eyni zamanda, planlı iqtisadi sistemdən liberal bazar iqtisadiyyatına keçid üçün neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində çoxmülkiyyətli bazar iqtisadiyyatına malik olmaq üçün Azərbaycan hökuməti dövlətə məxsus müəssisələrin özəlləşdirilməsi, azad sahibkarlığın inkişaf etdirilməsi, bazarın infrastrukturunun bütün seqmentlərinin formalaşması, maliyyə sektoruna nəzarətin gücləndirilməsi, yeni vergi-gömrük rejiminin yaradılması və təkmilləşdirilməsi, biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm islahatlar həyata keçirildi.

Ümummilli lider Heydər Əliyev respublikamızın neft-qaz və digər enerji resursları ilə təmin olunmasını, bu ehtiyatların dünya bazarlarına nəqli yolu ilə ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyinin möhkəmlənməsini, eləcə də, ölkəmizin regionda mövqeyinin güclənməsini başlıca strateji istiqamətlərdən hesab edirdi. Ulu öndərin hazırladığı enerji konsepsiyası respublikamızda bütün iqtisadi sahələrin inkişafı üçün əhəmiyyətli zəmin yaratdı, eyni zamanda, əhalinin infrastruktur və kommunal xidmət növləri ilə təminatında həlledici rol oynadı. Respublikamızın müstəqilliyinin əsaslarının möhkəmlənməsində strateji əhəmiyyət daşıyan və Azərbaycanın regionda söz sahibinə çevrilməsinə səbəb olan "Əsrin müqaviləsi"nin imzalanması da məhz Heydər Əliyevin siyasi qətiyyətinin nəticəsi idi.

Ulu Öndər Heydər Əliyevin əzmkarlığı Şərq-Qərb enerji dəhlizinin yaradılmasında da müstəsna rola malikdir. Çünki neft müqavilələrinin imzalanması hələ hər şey demək deyildi, neftin dünya bazarına nəqli üçün boru kəmərinin çəkilməsini qətiləşdirmək vacib idi. Ulu öndərin təklif etdiyi Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin çəkilişinə həmin dövrdə mane olaraq ixrac marşrutunun reallaşmasını istəməyənlər var idi. Ulu öndərin qətiyyəti və gərgin fəaliyyəti nəticəsində 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Sammiti çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin və ABŞ-m dövlət başçısı Bill Klintonun iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası sazişin imzalanması bu məsələnin də həllinə nöqtə qoydu və Azərbaycanın region üçün aparıcı dövlətə çevrilməsini şərtləndirmiş oldu. BTC-nin reallaşması Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində və sabitliyin təminatında əhəmiyyətli faktor rolunu oynamaqla yanaşı, bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edən siyasi-iqtisadi hadisə idi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə yol açmaqla bərabər, yeni enerji dəhlizləri üçün açar rolunu oynadı. Beləliklə, BTC Azərbaycana xarici sərmayələrin axınına və investorların ölkəmizə inamının tamamilə möhkəmlənməsinə baza yaratdı.

Bu gün həyata keçirilən enerji layihələri, yeni tranzit marşrutlarının gerçəkləşməsi Ulu öndərin müəyyənləşdirdiyi neft strategiyasının təməl prinsiplərinə əsaslanır. Hazırda həyata keçirilən diversifıkasiya siyasətinin, çoxşəbəkəli enerji marşrutları strategiyasının və ümumilikdə, yeni enerji sisteminin yaradılması siyasətinin bütün elementlərinin bazasında Ümummilli lider Heydər Əliyevin ötən əsrin sonlarında hazırladığı enerji konsepsiyasının fundamental əsasları dayanır.

Ümummilli Liderin titanik fəaliyyəti nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası Ümummilli lider tərəfindən qoyulan ideyalardır. Ona görə də gündən-günə yüksələn inkişaf dinamikası hər şeydən əvvəl Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılmalıdır.

Hazırda Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyası Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadi inkişafın yeni mərhələsinə daxil olub. Bu gün Azərbaycanın dünyada inkişaf templərinə malik olan ölkə kimi iqtisadi gücü artmaqda, mövqeyi güclənməkdə, regional inkişaf proqramlarının müəllifi olaraq strateji nüfuzu möhkəmlənməkdədir. Məhz, bu səbəbdəndir ki, hələ 2003-cü ildə Ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə xalqa müraciətində dövlət sükanının Prezident İlham Əliyevə etibar olunmasını məsləhət bilirdi: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin fıravanlığı yolunda çoxlu işlər görəcəkdir... inanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid bəsləyirəm".

Heydər Əliyevin böyüklüyü həm də ondadır ki, o, cəmiyyətimizin mütərəqqi inkişafını təmin etmiş, onun inteqrasiyasına nail olmuş, özündə milli birliyi təcəssüm etdirərək digər dövlətlərlə qarşılıqılı münasibətdə bu birliyi təqdim etmiş, Azərbaycan vətəndaşlarını ümumi məqsəd və dəyərlər ətrafında toplamış, vətənə, xalqa sədaqətlə xidmət etməkdə nümunə olmuş, Azərbaycanın tale məsələlərində əlverişli siyasi qərarlar qəbul etmiş, hakimiyyətlə xalqın əlaqələrini möhkəmlətmiş, vətandaşlıq şüurunun və vətənpərvərlik hisslərinin formalaşması üçün məqsədyönlü iş aparmış, vətəndaşları bürokratiyanın özbaşınalığından müdafiə etmiş, cəmiyyətdə optimizmi generasiya etmiş, Azərbaycan naminə əhəmiyyətli siyasi məqsədləri həyata keçirmək üçün xalqı səfərbər etmış, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini mühafizə etmiş, insanlarda sosial ideal və dəyərlərə inam yaratmışdır.Milli Lider Heydər Əliyevin siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, eyni zamanda bəşəriyyətin zəngin xəzinəsinə çevrilmişdir.

Təranə Kərimova,
Azərbaycan Dövlət İqtisad Universitetinin Qiyabi və Əlavə Təhsil mərkəzinin direktor müavini,
”Bərabər İnkişaf Naminə” Koalisiyanın rəhbəri