Xalqımızın öz Liderinə böyük və sarsılmaz inamı soydaşlarımızı tezliklə öz ata-baba yurduna- tarixi torpaqlarımıza qovuşduracaq
“Biz öz tarixi yurdlarımıza qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır.”- Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı-Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır.
Bu gün Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Dövlət başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşündəki çıxışı zamanı verdiyi tapşırıqlar əsasında hazırlanmış Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün uğurla reallaşmaqdadır. Ölkəmizin başçısı proqram xarakterli, tapşırıq və tövsiyələrlə zəngin çıxışında ermənilərin tarixən Cənubi Qafqazda heç vaxt dövlətinin olmadığına yenidən diqqət çəkərək bildirib: “Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, - hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, - bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq… Mən bununla paralel olaraq hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur… bu gün biz vaxt itirməməliyik… Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.
Hazırda dövlət başçısının rəhbərliyi ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdış istiqamətində məqsədli, genişləndirilmiş və davamlı işlər görülür, əhəmiyyətli layihələr həyata keçirilir. Belə ki, icmanın təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müəyyən qərarlar qəbul olunub. Həmçinin Avropa İttifaqı səviyyəsində məsələ ilə bağlı müzakirələr aparılıb.
Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində işlər davamlı xarakter alıb. Belə ki, 2023-cü il yanvarın 31-də BMT Katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə 12 yanvar tarixli müraciətini, 2023-cü il martın 28-də İcmanın Qayıdış Konsepsiyasını, 2023-cü il mayın 20-də isə qurumun UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Həmçinin Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkib, bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş edib.
Çox təəssüf ki, bu gün azərbaycanofobiyanın hökm sürdüyü Ermənistanda bəzi dövlət və hökumət rəsmiləri tərəfindən Qərbi Azərbaycana qayıdışla bağlı qəbulolunmaz bəyanatlar səsləndirilir. Təbii ki, həmin rəsmilərin azərbaycanlıların guya deportasiyaya məruz qalmadıqları, evlərinin əvəzində kompensasiya alaraq öz əzəli torpaqlarını tərk etmələrinə dair iddiaları əsassızdır və heç bir mənəvi-əxlaqi dəyərlərə sığmır. Soydaşlarımızın öz tarixi torpaqlarından zor gücünə qovulması faktının inkar edilməsi, Hayastanın azərbaycanlılara qarşı sistemli və məqsədyönlü şəkildə onilliklər ərzində həyata keçirdiyi etnik təmizləmə siyasətinə bəraət qazandırmasının əyani təsdiqidir. Ancaq bütün bunlar əbəsdir. Çünki Qərbi Azərbaycan həqiqətləri artıq ciddi beynəlxalq dəstək qazanır.
Bu gün böyük qürur və sevinc hissi ilə deyə bilirik ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazandığımız tarixi Zəfər, xaqlımızın haqq, ədalət uğrunda mübarizəsi və inamı bizi Qarabağa və Şərqi Zəngəzura qovuşdurdu. Əminik ki, xalqımızın öz Liderinə böyük və sarsılmaz inamı soydaşlarımızı tezliklə sülh yolu ilə Qərbi Azərbaycana qovuşdurcaq.
Zahid Rza, “İki sahil”