"Çinar həm Azərbaycanın, həm də Gəncəmizin məğrurluq rəmzidir"
Ulu Öndərin özü də xalqımız üçün məğrurluq və yenilməzlik rəmzidir
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar məktəbimizdə təşkil edilən çoxsaylı tədbirlərdən biri Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirildi. "100 illiyə 100 ağac" aksiyasında məktəbimizin müəllim və şagird kollektivi, həmçinin Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev də iştirak etdi.
Məktəbimizin həyətyanı sahəsində hansı ağacın əkilməsi məsələsi gələndə bir çoxu şamın yerli şəraitə daha uyğun olması fikrini irəli sürdü. Həmin anda qeyri-ixtiyari ulu öndərimizin ötən əsrin 80-ci ilndə Gəncə səfəri xatırlandı. Ümummilli Lider Heydər Əliyev həmin ilin dekabr ayında respublikamızın ikinci böyük şəhərinə səfərində Gəncədə özünün təşəbbüsü ilə tikilmiş “Büllur” zavoduna baş çəkmiş, daha sonra şəhər əhalisi, fəallarla görüşmüşdü.
Görüş iştirakçıları həmin unudulmaz anları ən şirin xatirə kimi övladlarına əmanət etdilər. Ulu Öndərin səfərinin bir unudulmaz məqamı isə yaddaşlara xüsusi həkk olundu. O vaxt bu haqda respublika mətbuatında duyğularını bölüşənlər çox oldu. Səfər zamanı Ümummilli Lider öz təşəbbüsü ilə salınmış "Xatirə" parkına baş çəkdı və dediyim o çox səmimi və çox duyğusal anlar elə həmin vaxt yaşandı. Şahidlər o maraqlı anları belə xatırlayırlar:
"...Yaşıllıqlara, istirahət guşələrinə baxdı və sonra ağac əkmək istədiyini bildirdi. Bir neçə ting gətirdilər.
- Mənə çinar verin - dedi. - Çinar həm Azərbaycanın, həm də Gəncəmizin məğrurluq rəmzidir.
Gətirdilər. Əkdi. Xatirə parkında yadigar çinar əzəmətlə ucalır."
O sözlərin hikməti olduqca dərin və düşündürücüdür. Sözsüz ki, bu, ən əvvəl Ümummilli Liderimizn özünün xarakterinə hakim olan məğrurluq, ucalıq, yenilməzlik kimi xüsusiyyətlərindən irəli gəlib. İkincisi də həmin istək onun Vətən torpağını, bu torpağın övladlarını daim qürurlu, əzəmətli, məğrur görmək arzusu ilə bağlı idi. O arzu ki, Ulu Öndər Heydər Əliyev bütün fəaliyyətini bu müqəddəs əməl uğrunda mübarizəyə həsr etdi, ömrünün mənasını doğma xalqının səadətində, xoşbəxtliyində gördü.
Müəllimlərimizdən tutmuş hər bir şagird "100 illiyə 100 ağac" aksiyası çərçivəsində məktəbimizin həyətyanı sahəsində əkdiyimiz 100 Xan çinarı böyük diqqət və qayğı ilə böyüdəcək. Düşünürəm ki, bu ağaclar da bizə ulu öndərimizin məğrurluğunu bir daha xatırldacaq. Şagirdlərimizin köksündə vətənpərvərlik duyğusu bu xan çinarlarla qoşa böyüyəcək. Kökləri Vətən torpağından güc-qüvvət alan bu ağacların uca qaməti, əzəmətli duruşu elmin sirlərinə yiyələnən fidan balalarımızı daha yaxşı oxuyub-öyrənməyə, cəmiyyətimiz üçün faydalı vətəndaşlar olmağa ruhlandıracaq, - Ümummilli Liderimizin də ən böyük arzusu bu idi.
Məktəbimizin kollektivi üçün bir əlamətdar tarix də budur ki, təhsil ocağımızın inşası da Ulu Öndərimizin bilavasitə adı ilə bağlıdır. 1980-ci ildə tikilib, istifadəyə verilən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb o vaxtkı Sovetlər birliyində inşa edilmiş üç ən böyük məktəblərdən biridir. Kollektivimiz bu məsuliyyəti, şərəfi qədərincə dərk edir və şagirdlərimizin vətənpərvər, milli və mənəvi dəyərlərimizə sədaqət və sevgi ruhunda böyüməsi, biliklərə dərindən yiyələnməsi üçün bütün qüvvə və bacarığını sərf edir. Uğurlu nəticələr bizi sevindirir və daha yaxşı çalışmağa stimul verir.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəbimizdə ilboyu silsilə tədbirlər keçirildi. Sözüz ki, dahi azərbaycanlının, Ümummilli Liderimizin xatirəsi zamana sığmır. Onun uca, məğrur adı, dünənimizi, bu günümüzü, sabahımızı aydınladan işıqlı əməlləri xalqımızın qəlbində daim yaşayacaqdır.
Zemfira Məsiyeva,
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru