12 dekabr 2023 02:16
673

Ulu Öndərin təhsil strategiyası

Müstəqilliyimizin əbədiliyi üçün yaradılan intellektual zəmin

Təhsilimizin  çağdaş tariximizə əsl intibah illəri kimi daxil olan ilk mərhələsi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən təhsil islahatları bu sahənin inkişafına zəmin yaratdı. Məhz Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərinin əvvəllərində məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası binaları tikilib istifadəyə verilmişdi. Hələ 1972-ci ildə “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” və 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarların icrası nəticəsində respublikada orta məktəb şəbəkəsi genişləndirildi, əsaslı keyfiyyət dəyişikliyinə nail olundu. Həmçinin məktəblərin dərsliklərlə təminatı problemi həll edildi və 1978-ci ildən etibarən şagirdlərə dərsliklərin pulsuz verilməsinə başlanıldı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1,7, təhsilalanların sayı isə 2,5 dəfə artdı. Onun təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirildi, 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başladı.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılmış və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artmışdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Respublika rəhbərinin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilirdi. 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına şərait yaradıldı. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynadı. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu 1982-1987-ci illərdə də Azərbaycan gənclərinin respublikanın hüdudlarından kənarda təhsil almasına şərait yaradırdı. Tez-tez azərbaycanlı tələbələrlə görüşür, onların problemlərinin həlli üçün bütün imkanlardan istifadə edirdi. Onları “Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti” kimi yüksək qiymətləndirirdi.

Beləliklə, ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində Heydər Əliyevin rəhbərliyi ilə təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, azərbaycanlı gənclərin respublika hüdudlarından kənardakı ali məktəblərə təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi, Azərbaycan Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradırdı.

 “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər 1993-2003-cü illəri əhatə edən Azərbaycana rəhbərliyinin ikinci dövründə bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Nəzərə almaq lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın təcavüzkar siyasəti nəticəsində soydaşlarımızın deportasiyası və Qarabağın dağlıq hissəsinin işğal edilməsi ilə bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi Azərbaycan təhsili üçün əlavə çətinliklər yaratmışdı. Respublikanın çox ağır vəziyyətində hakimiyyətə qayıdan Heydər Əliyev bir çox problemləri həll etməklə yanaşı, təhsil sahəsində zamanın tələblərinə uyğun islahatlar həyata keçirməyə başladı. 1991-1993-cü illərdə təhsil müəssisələrinin pozulmuş fəaliyyəti normal vəziyyətə gətirildi, planlı islahatların əsası qoyuldu. Ümumtəhsil məktəblərinin sayı və şagird kontingenti əsaslı surətdə artdı. Əgər 1993-1994-cü tədris ilində respublikanın 4364 ümumtəhsil məktəbində 1 milyon 549 min şagird təhsil almışdısa, 2002-2003-cü tədris ilində 4561 ümumtəhsil məktəbində 1 milyon 600 min nəfərdən çox yeniyetmə təhsilini davam etdirirdi.

Bununla yanaşı, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırıldı, 200 yeni məktəb binası tikilərək istifadəyə verildi, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı rayon və şəhərlərdə 700-dən çox ümumtəhsil məktəbi təşkil edildi. İstedadlı uşaqların qabiliyyətini inkişaf etdirmək məqsədilə 30-a yaxın lisey və gimnaziya təşkil edilərək buraya 12 minə yaxın şagird cəlb olundu.

“Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir” deyən Ulu Öndər Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi üçün mühüm işlər görüb. 1998-ci il martın 30-da Prezidentin Sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı, “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi.

Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların fəxri adlarla və digər dövlət mükafatları ilə təltif edilməsinə dair bir çox sərəncamlar imzalayıb. Bütün bunlar Ulu Öndərin müəllim əməyinə verdiyi qiymətin əyani təzahürüdür.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla təhsilimizin bugünkü inkişafının əsasını qoymuşdur. Ümummilli Liderin təhsilin hərtərəfli yüksəlişinə göstərdiyi qayğı sayəsində elm və təhsil sahəsində gerçəkləşən köklü dəyişikliklər, qəbul olunmuş qərarlar, Fərman və sərəncamlar bu sektorun hərtərəfli tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi. Təhsilimizin milli əsaslar üzərində qurulması, əsl inkişafa qоvuşması məhz Ulu Öndər Heydər Əliyev dühası sayəsində gerçəkləşdi.

Zaman dəyişsə də, tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Ulu Öndərin «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracam» sözləri bir ömrün hesabatıdır. Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Hər bir Azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. O tarixin sınaqlarından keçən millətin gerçək lideridir! Nə qədər ki bəşəriyyət var, Azərbaycan var, Heydər Əliyev yaşayır və yaşayacaq. 

Yaqut  Ağaşahqızı, “İki sahil”