12 dekabr 2023 02:58
603

Ulu Öndərin xarici siyasətdə möhtəşəm uğurları

Xarizmatikliyi, reallığı qiymətləndirmək bacarığı, geosiyasi hadisələrə çevik münasibəti və lazım gələndə müdaxiləsi bu dahi insana dünya liderləri arasında inam, etimad qazandırmışdı

Böyük dövlət adamlarının çox mühüm siyasi üstünlükləri ondadır ki, daxili siyasətlə bərabər, xarici siyasətdə də üstünlüklər əldə edərək dövlətinin siyasi manevr imkanlarını davamlı olaraq artırırlar. Həmin tendensiya qlobal dünya siyasətində fəal və çevik siyasət yürütməyin əsas şərtidir. Bu mənada Ulu Öndər Heydər Əliyev böyük bir yolu qısa müddətdə qət edərək ölkəmizə yeni siyasi dividendlər qazandırmışdı. Xüsusən keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bu böyük dövlət adamının xarici siyasətində başlıca yer tuturdu. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışından sonra münaqişənin aradan qaldırılmasına nail olmaq üçün göstərdiyi fəaliyyət genişmiqyaslı idi. Dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli və eləcə də çoxtərəfli yüksək səviyyəli görüşlərdə, beynəlxalq forumlarda, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, həmçinin Ermənistan prezidenti ilə təkbətək danışıqlarda göstərdiyi ardıcıl səylər Ulu Öndərin xarici siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun törətdiyi nəticələr dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovetlər Birliyinin rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin qarşısını vaxtında almaq istəməməsi münaqişəni dərinləşdirərək mühairbəyə çevirdi. 1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ağır texnikalardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 600-dən çox azərbaycanlının qətli ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının işğalı ilə nəticələndi.

Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da işğalına başladı. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan Ermənistan Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Azərbaycana Ulu Öndərdən əvvəl rəhbərlik edənlərin səriştəsizliyindən, ölkədə baş verən hərc-mərclikdən, hakimiyyət uğrunda gedən qanlı münaqişələrdən istifadə edən Ermənistan Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağda qeyri-konstitusion hakimiyyət stukturlarını yaratmağa başladı. Nəticədə Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ildə Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün pozulması, torpaqların işğalı, digər tərəfdən ölkənin parçalanması təhlükəsi qarşısında qaldığını hiss edən xalq özünün əbədi lideri Heydər Əliyevi hakimiyyətə gətirdi. Bu böyük siyasətçi ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini, yekdilliyini təmin etdi.

Ulu Öndərin Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrindən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Onun hakimiyyətinin ilk illərində Milli Ordumuzun formalaşdırılması və döyüş qabiliyyətinin yüksəldilməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi hərbi qarşıdurmada tarazlıq yaratdı. Cəbhə bölgəsindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Ulu Öndərin təşəbbüsü, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü il may ayının 12-də atəşkəs haqqında razılaşma əldə olunmaqla beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

Atəşkəsə nail olduqdan sonra ölkənin dirçəldilməsi, dövlətin güclənməsi kimi strateji hədəflərə doğru irəliləyiş baş verdi. Azərbaycanın dövlət başçısı məsələnin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirdi və Onun gərgin fəaliyyəti nəticəsində ATƏT-in Minsk qrupu çərçivəsində intensiv sülh danışıqları aparıldı. ATƏT-in 1994-cü il Budapeşt, 1996-ci il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu. Qeyd etmək lazımdır ki, 1993-2000-ci illər arasında Ulu Öndər Heydər Əliyev ATƏT rəhbərliyi və Minsk qrupunun təmsilçiləri ilə 130-dan çox görüş keçirmişdir. ATƏT-ə üzv olan ölkələrin liderləri ilə keçirilən görüşləri, aparılan danışıqları da buraya əlavə etsək, Dağlıq Qarabağ münaqişəsini həll etməyi öz üzərinə götürmüş bu beynəlxalq qurumla Azərbaycanın nə qədər sıx və intensiv işlədiyi, qarşılıqlı əməkdaşlıq etdiyi aydın olar.

Ulu Öndər 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmiş və görüşlərin hamısında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın prezidenti, dövlət katibi ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarla görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin Zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd Zirvə görüşündə, Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.

Beynəlxalq münasibətlər sistemində Heydər Əliyev şəxsiyyəti tam qəbul olunurdu. Onun siyasətdəki xarizmatikliyi, reallığı qiymətləndirmək bacarığı, geosiyasi hadisələrə çevik münasibəti və lazım gələndə müdaxiləsi bu böyük siyasətçiyə dünya liderləri arasında inam, etimad qazandırmışdı. Rusiya prezidentləri Boris Yeltsin və Vladimir Putin onun şəxsiyyəti və beynəlxalq siyasətdəki təcrübəsi qarşısında ehtiram göstərirdilər. Eyni zamanda, dünyanın aparıcı ölkələri ABŞ, Fransa, Böyük Britaniya rəhbərləri Heydər Əliyevin o çətin və mürəkəb dövrdə Azərbaycan dövlətini necə ustalıqla idarəetməsindən və onu iflasdan qurtarmaq bacarığından heyranlıqlarını gizlətmirdilər. Məhz onun bu siyasi ustalığı və nüfuzu sayəsində bu gün Avropanın enerji təminatçısı kimi çıxış edən Azərbaycan dövləti «Əsrin müqaviləsi»ni imzalamaq imkanı qazandı. Daha sonrakı illərdə isə onun həyata keçirmək istədiyi qlobal enerji layihələri Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri reallaşmağa başladı.

Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildəki uğurları və qüdrəti bir daha göstərdi ki, Ulu Öndər qətiyyətli olduğu qədər həm də uzaqgörən bir dahi imiş.

Elçin Zaman, «İki sahil»