12 dekabr 2023 00:49
736

Müasir və müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Azərbaycan 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində dövlət müstəqilliyinə qovuşmuşdur. Ancaq 1993-cü ilə qədər Azərbaycanı müstəqil dövlət saymaq düzgün olmazdı. Müstəqil dövlətin bir neçə əlaməti vardır ki, onların heç biri Azərbaycanda yox idi.

Azərbaycan müstəqil xarici siyasət apara bilmirdi, başqa dövlətlərin təsiri altında idi. Müstəqil iqtisadiyyat, demək olar ki, yox idi, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə idi. Dövlətçiliyin əsasları yaradılmamışdı. Belə olan halda Azərbaycanı 1993-cü ilə qədər müstəqil dövlət saymaq düzgün olmazdı.

Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik və Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü işlər içərisində bu, ən böyük xidmətdir. 1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmışdır, sovet rəhbərliyinin bu cinayətini pisləmişdir, onu qınamışdır. Sovet rəhbərliyini ittiham etmişdir, Kommunist Partiyasından imtina etmişdir, onun sıralarını tərk etmişdir və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir. Bütün bunlar onu göstərir ki, ictimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə əsl lider, əsl öndər idi. Məhz buna görə 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmişdir.

Dövlətçiliyin əsaslarının qoyulmasında, müstəqil dövlətin Konstitusiyasının qəbulunda, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsinin qəbulunda Heydər Əliyevin rolu və iştirakı xüsusi olaraq vurğulanmalıdır.

Qısa müddət ərzində demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Məhz Heydər Əliyevin uğurlu siyasəti nəticəsində qısa müddət ərzində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Müstəqil Azərbaycanın xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi.

Bütünlüklə liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq edib. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində çox qısa müddət ərzində ölkəmizdə hər bir sahədə inkşaf və tərəqqi dövrü başladı. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş, güclü dövlət olaraq qalib xalq kimi tanınır. Əlbətdə bütün bunlar əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və Prezidentimiz İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı