12 dekabr 2023 00:00
530

Ulu Öndərin arzuladığı Azərbaycan…

Xalqımız 12 dekabrı dahi şəxsiyyət Heydər Əliyevin anım günü kimi böyük məhəbbət və minnətdarlıq hissi ilə qeyd edir

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində və xalqımız qarşısındakı xidmətləri misilsizdir. İnkaredilməz reallıqdır ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyətini, misilsiz xidmətlərini anlamaq üçün Ümummilli Liderin siyasi fəaliyyətinin müxtəlif dövrlərinə nəzər salmaq yerinə düşər.

Məlum olduğu kimi, SSRİ-nin tərkibində olan Azərbaycan 1969-cu ilədək ciddi tənəzzül meyilləri ilə qarşı-qarşıya idi. Bu tənəzzülün əsasında ayrı-ayrı sahə və sektorlarda idarəetmənin düzgün təşkil edilməməsi, o cümlədən mövcud potensialdan səmərəli istifadə edilməməsi kimi səbəblər dururdu.

Lakin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı, maşınqayırma, metallurgiya və digər sahələrdə də əhəmiyyətli irəliləyişlər qeydə alındı. Həyata keçirilən institusional islahatlar sayəsində kənd təsərrüfatı, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində inkişaf tempi əldə edildi. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda Azərbaycan sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci mərhələsinin mühüm əsaslarından biri də ölkəmizə qarşı ermənilərin təşkil etdikləri təbliğat və hücumların qarşısının məharətlə alınmasıdır. Məlum olduğu kimi, həmin ərəfədə ermənilər mütəmadi surətdə Dağlıq Qarabağ məsələsini gündəmə gətirməyə cəhd edirdilər. 1977-ci ildə də belə təşəbbüs edilməsinə baxmayaraq, Ulu Öndərin səyləri sayəsində bunun qarşısı məharətlə alındı. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ümummilli Lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi və SSRİ-nin rəhbərlərindən biri oldu. Ümummilli Liderimiz bu dövrdə də Azərbaycan xalqı və dövlətinin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atdı, misilsiz xidmətlər göstərdi. Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verdi.

1990-cı ildə Azərbaycanın mürəkkəb situasiya qarşısında olduğu zaman Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar bu bölgənin vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi. Mövcud durum 1991-ci ilin sentyabr ayında Ulu Öndər Heydər Əliyevin Naxçıvan MSSR-in Ali Məclisinin Sədri seçilməsinədək olan mərhələdə daha da kəskinləşdi. Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində sabitlik təmin edildi və muxtar qurumun sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Milli dövlətçilik ənənələrinin bərpası xüsusi əhəmiyyət kəsb edirdi. Bu istiqamətdə muxtar respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, məhz Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı. Ulu Öndər Heydər Əliyev milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, “1990-cı il yanvar ayının 20-də törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Eyni zamanda, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul edildi.

18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik əldə etmiş Azərbaycan Respublikası müstəqilliyin ilk illərində müxtəlif problemlər və dərin kataklizmlərlə üzləşdi. Məhz Azərbaycanın ozamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Formal qaydada əldə edilən müstəqilliyin itirilməsi təhlükəsi daha da artmışdı. 1993-cü ilə qədər bu vəziyyət davam etdi və ölkədə tam bir anarxiya yarandı, daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Bu durum 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsinədək davam etdi. Ölkəmizdə hökm sürən xaotik proseslərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin neytrallaşdırılmasına nail olundu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Beləliklə, Ümummilli Lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən - qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Təsadüfi deyil ki, 20 il bundan əvvəl Azərbaycan xalqı Ümummilli Liderin yolunu davam etdirməyi qarşısına məqsəd qoyan cənab İlham Əliyevi özünün Prezidenti kimi gördü və zaman göstərdi ki, xalq öz seçimində yanılmayıb. Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndər indi həyatda olsaydı, dediyi sözlərin həyatda necə dəqiqliklə təsdiqini tapdığını görərdi. Xüsusilə də Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. O müqəddəs arzunun həyata keçməsini xalqımız Zəfər zirvəsinə yüksəlmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə yumruq kimi birləşərək tariximizə qızıl hərflərlə yazdı.

Bu gün Azərbaycan hər mənada Ulu Öndərin arzuladığı Azərbaycandır. Ulu Öndər güclü Azərbaycan görmək istəyirdi. Prezident İlham Əliyev bunu təmin etdi. Ulu Öndər ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını arzulayırdı. Prezident İlham Əliyev aylı, ulduzlu üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşada, Xankəndidə ucaldıb. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı, xalqın orduya inamı və dəstəyi, milli və siyasi həmrəyliyimiz yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır. Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Prezident İlham Əliyev kimi müdrik, uzaqgörən dövlət başçısı var. Azərbaycan xalqı və dövləti bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq.

Sevinc Azadi, “İki sahil”